Aftandil İsrafilov uzun müddət müalicə alırmış
Xalq artisti, qarmon ifaçısı Aftandil İsrafilovun vəfat etdiyi bildirilir.
Məlumatı Mədəniyyət Nazirliyi yayıb.
Aftandil İsrafilov 2022-ci ilin noyabrında xəstəxanaya yerləşdirilmişdi.
Daha sonra evə buraxılan musiqiçinin dekabrda yenidən vəziyyəti ağırlaşdığı üçün təkrar xəstəxanaya aparılmışdı. Sənətçi uzun müddət müalicə aldıqdan sonra evə buraxılmışdı.
Aftandil İsrafilovun qızı 2023-cü ilin martında atasının vəziyyətilə əlaqədar danışarkən, səhhətində bir çox problemin olduğunu demişdi:
“Ürəyinin işemik xəstəliyi, mədə-bağırsaq qanaxması var, ayaqları şişib. Bütün bunlar böyrəyə də təsir edib. Eyni zamanda ürək çatışmazlığından əziyyət çəkir. Həkimlər xəstəxanada qalmasını məsləhət gördülər. Hazırda müalicə alır”.
Aftandil İsrafilov 1941-ci il yanvarın 24-də Bakıda doğulub.
O, Azərbaycanla yanaşı, həm də Dağıstanın Xalq artistidir. “Zemfira”, “Kəmalə”, “Nazilə”, “Aynurə”, “Jalə”, “Basqalı” kimi 100-ə qədər musiqi havasının müəllifidir.