Xalq artisti Kiyevdəki 1,5 milyon dollarlıq mənzilini itirib

Mənbə: “starhit.ru”

Rusiyada yaşayan ukraynalı sənətçilərin bir qismi “qara siyahı”ya salınıb

Prezident Volodimir Zelenskinin Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatları dəstəkləyən bir sıra sənətçilərə qarşı sanksiyalar tətbiq etməsindən sonra aparıcı Regina Todorenko, müğənnilər Ani Lorak, Taisiya Povaliy, Hanna Sedokova, Oleq Qazmanov, Timati, Nikolay Baskov, Stas Mixaylov, Nadejda Babkina, Yuliya Çiçerina, aktyorlar İvan Oxlobıstin, Mixail Boyarski “qara siyahı”ya düşüb.

“StarHit” rus nəşri yazır ki, əslən Ukraynadan olan bu sənət adamları artıq vətənlərində qalan pul və mülklərini idarə edə bilməyəcəklər.

Rusiyanın xalq artisti, əslən ukraynalı olan Ani Lorak Kiyevdə 400 kvadratmetrlik mənzilin sahibidir. Evin dəyəri 1,5 milyon dollar (2,5 milyon manatdan çox) qiymətləndirilir.

Nəşr bildirir ki, Rusiyada yaşayan Ukraynanın Xalq artisti Taisiya Povalinin isə vətənində bağ evi və üçmərtəbəli malikanəsi qalıb.

Prezident Volodimir Zelenski 2022-ci il oktyabrın 20-də Ukraynada doğulan, lakin Rusiyada peşəkar fəaliyyət göstərən şəxslərə qarşı sanksiya tətbiq edilməsi haqqında fərman imzalayıb.

Qeyd olunub ki, sanksiyalar beş il müddətinə tətbiq edilib və aktivlərin bloklanması, lisenziya və icazələrin ləğvi, ticarətə qadağa və kapitalın Ukraynadan çıxarılması, Ukraynada özəlləşdirmə və icarə işlərində, torpaq alınmasında iştirak qadağası daxil olmaqla, 15 məhdudiyyət bəndini əhatə edir.

Sənəddə bildirilib ki, adları çəkilən şou-biznes nümayəndələri Ukrayna dövlət mükafatlarından da məhrum ediləcəklər.

Ümumilikdə siyahıya 3600-dən çox fiziki və hüquqi şəxs daxildir.

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Ana səhifəMədəniyyətXalq artisti Kiyevdəki 1,5 milyon dollarlıq mənzilini itirib