Xalq artisti: “Bəzi filmlər dəyərlərə xəyanətdir”

Oqtay Mirqasımov. Foto: yenisabah.az

Aktyor isə səyyar kinoteatrların yaradılmasını təklif edir

Ölkədəki kinoteatrlarda, o cümlədən “Nizami” Kino mərkəzində millətin zövqünü korlayan primitiv filmlər göstərilir”.

Bunu Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumunda Xalq artisti, kinorejissor Oqtay Mirqasımov deyib.

“Bəzi filmlərdə Azərbaycan cəmiyyəti elə təqdim olunur ki, xəcalət çəkirsən. Qəzəb və qorxu hissi keçirirəm. Belə filmlərin nümayiş olunmasını istəmirəm. Salondan çıxıb düşünürsən ki, bu ki xəyanətdir. Bu, dəyərlərə xəyanətdir. Biz kinematoqrafçılar dövrün tələblərini nəzərdə saxlamalı, amma camaatın da zövqünü korlamamalıyıq”, – rejissor bildirib.

Əməkdar incəsənət xadimi, kinorejissor, aktyor Elxan Cəfərov isə çıxışı zamanı Azərbaycanda səyyar kinoteatrların yaradılmasını təklif edib:

Bu gün ölkədə fəaliyyət göstərən kinoteatrların sayı azdır.  Təklif edərdim ki, ölkə üzrə 10 səyyar kinoteatr yaradılsın. Bununla da kənd və qəsəbələrdə kinolarımızı nümayiş etdirə, daxili bazarda tamaşaçı kütləsini çoxalda bilərik. Ən azından xarici bazara çıxmaq üçün mexanizmlər olmasa da, heç olmasa daxili bazarı ələ almağa çalışmaq lazımdır. Ümumi problemlər çoxdur. Ona görə də konkret və lokal addımlar atmaq lazımdır”.

Vaxtilə paytaxt Bakıda 16 kinoteatr fəaliyyət göstərib.

Onlar ümumilikdə 70 kinozaldan ibarət olub.

2006-cı ildən kinoteatrlar özəlləşdirilməyə verildikdən sonra onların əksəriyyəti keçmiş Mədəniyyət və Turizm Nazirliyinin balansından çıxarılaraq, sahibkarlar tərəfindən özəlləşdirilib.

Sahibkarlar isə həmin kinoteatrları təmir etmək əvəzinə, onlardan biznes və başqa təyinatlı obyektlər kimi istifadə ediblər.

Avropa standartları 10 milyon əhali üçün 500 kinozalı nəzərdə tutur.

Bu baxımdan ölkədəki kinozalların say etibarilə Avropa standartlarından geri qalır.

Hazırda Bakıda dövlət balansında yalnız bir kinoteatr var, o da “Nizami” Kino Mərkəzidir.

Digərləri – “Park Cinema” və “CinemaPlus” şirkətləri özəl şəbəkələrdir.

“Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nda göstərilib ki, dövlət şəbəkəsində saxlanılan kinoteatr binaları bərpa olunmalı, müasir tələblərə cavab verən nümayiş və səs avadanlığı ilə təchiz edilməlidir.

Qanundan irəli gələn tələblər isə yerinə yetirilməyib.

Hesablama Palatasının 2022-ci ilin oktyabrında yaydığı hesabatında bildirilirdi ki, dövlət sifarişi ilə çəkilən 39 film kinoteatr nümayişindən cəmi 905 manat gəlir gətirib.

Ana səhifəMədəniyyətXalq artisti: “Bəzi filmlər dəyərlərə xəyanətdir”