“Xahiş edirəm, Kino Agentliyinə ölkəsini sevən adamlar toplaşsın”

Rasim Balayev. Foto: “azerbaycan24”

Xalq artisti hesab edir ki, “Azərbaycanfilm” bir neçə il dövlət dotasiyasında olmalıdır

Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumu keçirilir.

Tədbirdə kino ictimaiyyəti bu sahənin problemləri ilə əlaqədar çıxışlar edirlər.

Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Rasim Balayev çıxışı zamanı kino sahəsindəki problemlərdən danışıb.

Təklif edib ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası kino bazarına daxil olana qədər dövlət dotasiyasında olsun.

“Düşünürəm ki, “Azərbaycanfilm” heç olmasa, bir neçə il dövlət dotasiyasında olmalıdır. Sadəcə, özünə müəyyən yol tapana qədər maliyyə dəstəyi olmalıdır ki, kino biznesinə qatılsın”, – Rasim Balayev deyib.

Xalq artisti çıxışı zamanı keyfiyyətli filmlərin ərsəyə gəlməsində dramaturgiyanın rolunu xüsusi vurğulayıb:

“Mədəniyyət Nazirliyindən xahiş edirəm ki, ildə çox yox, heç olmasa dörd kino adamını təhsil üçün xarici ölkəyə göndərsin”.

Yeni yaradılan Kino Agentliyi haqqında danışan Rasim Balayev: “Çox xahiş edirəm, oraya ölkəsini sevən, kinomuzu bilən adamlar toplaşsın”, – deyib.

Prezident İlham Əliyev 2022-ci il aprelin 20-də Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) yaradılması ilə bağlı sərəncam imzalayıb.

2022-ci il oktyabrın 26-da Hesablama Palatası dövlət sifarişi ilə filmlərin çəkilməsi zamanı ciddi maliyyə pozuntularının aşkarlanmasına dair hesabat yayımlayıb.

Palata tövsiyə edirdi ki, nöqsana yol verən məsul şəxslər məsuliyyətə cəlb olunsunlar.

2022-ci il noyabrın 1-də isə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib.

Mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev və nazirliyin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov məsuliyyətə cəlb olunub.

Onlar Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələrilə ittiham olunur.

Ana səhifəMədəniyyət“Xahiş edirəm, Kino Agentliyinə ölkəsini sevən adamlar toplaşsın”