Azər Qasımlı: ”Putinin indiki mərhələdə, Türkiyədə məlum hadisələr zamanı bu barədə danışması düşündürücüdür”
İlqar Vəlizadə: ”Vladimir Putinin açıqlaması özünü sığortalamaq məqsədi daşıyır”
“Rusiya Qarabağ münaqişəsi tərəflərinə hansısa hazır həll variantlarını qəbul etdirməyə çalışmır”. Bu fikri Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfəri ərəfəsində “AzərTAC”-a söyləyib.
“Xüsusi vurğulamaq istəyirəm ki, biz Azərbaycana və Ermənistana hansısa hazır reseptləri qəbul etdirməyə əsla çalışmırıq. Tərəflər kənardan təzyiq olmadan özləri razılığa gəlməli, qarşılıqlı məqbul həll yollarını tapmalıdırlar. Bu, bizim qəti mövqeyimizdir”, – o vurğulayıb.
Putinin sözlərinə görə, kompromisin əldə edilməsi ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə hüququ prinsipləri arasında optimal tarazlığın tapılmasını nəzərdə tutur:
“Biz Azərbaycan və Ermənistan rəhbərliyi üzərində necə böyük bir məsuliyyətin olduğunu tam başa düşürük.
Tənzimlənmənin son məqsədi elə bir razılaşma olmalıdır ki, tərəflərdən heç biri nə qalib, nə də məğlub sayılsın, güzəştlər qarşılıqlı, tərəflərin hər birinin qazancı həm Azərbaycanda, həm Ermənistanda ictimai rəy üçün aydın olsun”.
Putin qeyd edib ki, Rusiya problemə cəlb olunmuş bütün tərəfləri razı salacaq həll variantını dəstəkləməyə, digər vasitəçilərlə birlikdə tənzimləmənin qarantı kimi çıxış etməyə hazırdır.
Onun sözlərinə görə, Rusiya həqiqətən maraqlıdır ki, qonşu regionda sülh və asayiş yenidən bərqərar olsun, orada insanlar həlak olmasınlar, sərhədlər açılsın, iqtisadi əlaqələr bərpa edilsin.
“Bunun üçün nə mümkündürsə, edirik”, – Putin deyib.
Prezident xatırladıb ki, Rusiyanın birbaşa köməyilə 1994-cü ilin mayında atəşkəs haqqında saziş imzalanıb və bu saziş indiyə qədər atəşkəsin əsasını təşkil edir. 2008-ci ildə Moskva bəyannaməsinin qəbul edilməsi mühüm mərhələ olub. Sənəddə təsdiq edilib ki, münaqişənin tənzimlənməsinə yalnız siyasi yolla nail olmaq mümkündür. Bu, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Azərbaycan və Ermənistan prezidentlərinin imzaladıqları ilk və hələlik yeganə sənəddir. Bundan əlavə, bu il aprel ayının əvvəlində irimiqyaslı döyüş əməliyyatlarının dayandırılmasında da məhz Rusiya həlledici rol oynayıb.
Vladimir Putinin açıqlamasını sevindirici hal hesab edən ReAL Hərəkatının Təşkilat Komitəsinin katibi Azər Qasımlı Meydan TV-yə bildirib ki, əks bəyanat da ola bilərdi:”Problem ondadır ki, son 10 ildə oxşar bəyanatlar da eşitmişik. Məni daha çox qayğılandıran Putinin indiki mərhələdə bu cür bəyanat verməsidir. Putin Azərbaycan və Ermənistanın Rusiya üçün eyni məsafədə olduğunu demək istəyib, halbuki, bu, belə deyil. Rəsmi olmasa da, Rusiya Ermənistanı hər zaman dəstəkləyib. Bu simpatiya yalnız Kreml dəhlizlərində olmayıb, həm də Rusiya mediasında sezilib. Qonşu ölkədə avtoritarizm hökm sürdüyündən medianın azadlığından danışmağa ehtiyac yoxdur. Sadəcə, Putinin indiki mərhələdə, Türkiyədə məlum hadisələr zamanı bu barədə danışması düşündürücüdür, sanki bölgədə avtoritar rejimlər üçbucağı yaranmaqdadır – Rusiya,Türkiyə və Azərbaycan. Ermənistan onsuz da Kremlin təsiri altındadır, bu ölkənin siyasi elitası Moskvanın tam nəzarətindədir, həm də rusların orda hərbi bazaları var”.
A.Qasımlı hesab edir ki, Rusiya, Türkiyə və Azərbaycan münasibətləri daha da yaxınlaşarsa, Qarabağ problemini mütləq müzakirə edəcəklər:”Məsələ ondadır ki, münaqişə Türkiyə ilə Rusiya münasibətlərinin inkişafında baryer olduğundan onu aşmaq lazımdır. Qərblə Türkiyə münasibətlərinin indiki vaxtında Moskvanın Ankarayla əlaqələri gücləndirmək üçün belə bəyanatlar verməsi təbiidir. Hər halda, bu, mənim ehtimalımdır”.
Siyasi şərhçi İlqar Vəlizadə isə Vladimir Putinin açıqlamasının özünü sığortalamaq məqsədi daşıdığını düşünür: “Heç bir fövqəl və regional dövlət Qarabağ münaqişəsinin həlli məsuliyyətini üzərinə götürməyəcək. Çünki sonradan həmin dövlətləri siyasi təzyiqlərdə ittiham edə bilərlər və bu, neqativ nəticələrə gətirər. Ancaq regionda böyük təsirə malik dövlət olaraq Rusiya Qarabağ münaqişəsinin həllində müstəsna rol oynayır. Məsələ ondadır ki, münaqişənin həllində Kremlin qəbul etmədiyi variant gerçəkləşməyəcək. Elə ona görə Rusiya XİN rəhbəri Sergey Lavrov digər həmsədr ölkələrin rəsmilərindən fərqli olaraq fəallıq göstərir. Son vaxtlar “Lavrov planı” barədə fikirlərin səslənməsi sıradan bir təsadüf deyil, baxmayaraq ki, detallarını bilmirik. Fərziyyələrə görə, 5 rayon Azərbaycana qaytarılır. Qarabağa müvəqqəti statusun verilməsi bəndləri planda yer alıb. Yəni Rusiya moderator yox, tərəflərə plan təklif edən vasitəçidir. Bəlkə də Putinin açıqlaması ictimaiyyətin diqqətini həmin plandan yayındırmaqdır”.