Viktor Yuşenko: Avropa İttifaqı Rusiya təcavüzünün əsas kreditorudur

Ramis Yunus: Avropa Birliyinin susqunluğu Rusiyanın daha da güclənməsinə imkan verdi

Source:


Ramis Yunus: Avropa Birliyinin susqunluğu Rusiyanın daha da güclənməsinə imkan verdi

Ukraynanın  2005-2010-cu illərdə prezidenti olmuş Viktor Yuşenko Avropa İttifaqını ittiham

edib

.

Sabiq prezident hesab edir ki, Avropa İttifaqı Rusiyanın postsovet məkanındakı təcavüzünin əsas kreditorudur.

Viktor Yuşenko konkret olaraq Donbass, Krım, Dağlıq Qarabağ, Abxazya və Osetiya münaqişələrinin adını çəkib.

O, bildirib ki, Rusiya istehsal etdiyi enerji resurslarının 82 faizini Avropa Birliyi ölkələrinə satır. Əgər Avropa İttifaqının enerji balansını götürsək, bunun cəmi 30 faizini Rusiya təmin edir, qalanlarını Afrikadan, Şimal dənizindən təmin edirlər. Amma Rusiya hasil etdiyi neftin, qazın 82 faizini onlara satır.

“Bəs Avropa dərk edirmi Rusiyanın Donbassda, Krımda, Dağlıq Qarabağda, Abxaziyada, Osetiyadakı hərbi təcavüzünün əsas kreditorudur? Hər yerdə hərbi bazalar, Rusiyanın hərbi iştirakı var” deyə Viktor Yuşşenko fikirlərini bitirib.

ABŞ-da yaşayan siyasi icmalçı Ramis Yunus sabiq prezident Viktor Yuşenkonun dediklərini bölüşüb

O, Meydan TV-yə bildirib ki, Viktor Yuşenko Avropa Birliyinə ittihamlarında haqlıdır:

“Əslində, Yuşenko demək istəyir ki, əgər Avropa Birliyi Rusiyaya qarşı 2008-ci ildə Gürcüstana müdaxiləsindən sonra sanksiyalar tətbiq etsəydi, indiki durum yaranmazdı. Ancaq Avropa Birliyi 2014-cü ilə qədər heç bir sanksiya tətbiq etmədi. Halbuki, Tiflis Brüssellə danışıqlar aparırdı. Nəticədə, Avropa Birliyinin susqunluğu Rusiyanın daha da güclənməsinə imkan verdi və 2014-cü ildə Ukraynaya təcavüz etdi, Krımı ilhaq etdi, ardınca Donbassda müharibəyə başladı. Bütün hallarda Amerikanın təzyiqi olmasaydı, Avropa Birliyi Rusiyaya qarşı sanksiyalara getməzdi”.

Politoqloq qeyd edib ki, Avropadan fərqli olaraq ABŞ Rusiyadan asılı deyil, nə qaz, nə də neft alır.

“Rusiyanın isə Avropa Birliyinə təzyiqləri qalır, hətta bəzi siyasiləri ələ alıb. Vəziyyət o həddə çatmışdı ki, Rusiyaya qarşı sanksiyaları yumşaltmaq  istəyirdilər. Yalnız Vaşinqtonun müdaxiləsindən sonra geri çəkildilər”.

Ramis Yunus

Ramis Yunus xatırladıb ki, son vaxtlar Böyük Britaniyanın baş naziri Tereza Meyin Rusiyaya qarşı sərt çıxışları, Avropa Şurasında, Avropa Birliyində “Azərbaycanın pul yuyan maşını” araşdırması ətrafındakı müzakirələr, ABŞ-da seçki ilə bağlı son olaylar təmizlənmə prosesinin başlandığını deməyə əsas verir.

Avropada yaşayan mühacir politoloq Rauf Mirqədirov isə bildirib ki, söhbət yalnız postsovet məkanındakı münaqişələrdən getməməlidir. Rusiyanın bütün dünyada təcavüzkar siyasətini misal çəkmək olar. Konkret olaraq, Suriyada hərbi hərəkətləri, Kuba və Venesuala ilə münasibətləri, Sudanda hərbi baza açmaq niyyətini xatırlamaq yetər.

Rauf Mirqədirov hesab edir ki, Rusiyanın xarici siyasətinin təcavüzkar olmasına neft və qaz gəlirləri imkan verir.

“Moskva xarici siyasətini energi məhsullarını satmaqla maliyyələşdirir və bu siyasət yalnız postsovet məkanına aid deyil. Sadəcə, postsovet məkanında bu siyasət daha açıq görünür. Əgər Suriyada rəsmi dövlət strukturları terrorizmlə mübarizə adıyla rus hərbçilərini çağırırlarsa, Rusiya keçmiş SSRİ respublikalarına heç bir beynəlxalq qanunlara məhəl qoymadan təcavüz edir”.

Rauf Mirqədirov iddia edir ki, qərb siyasətçilərinin hamısı dəyərlərə bağlı deyil.

O, İtaliya və Almaniyanın bir sıra dövlət xadimlərinin şəxsi və korrupsiya maraqlarından çıxış etdiyini göstərib.

“Almaniyanın sabiq kansleri Şröder neft-qaz maraqlarına görə Rusiyanın təcavüzkar siyasətinin vəkilinə çevrilmişdi. Ona görə Avropa Birliyində Rusiyaya qarşı sanksiyaları yumşaltmaq barədə bəyanatlar gerçəkliyi yox, konkret qrupların maraqlarını əks etdirir. Hətta “soyuq müharibə” dövründə də Rusiya enerji daşıyıcılarının Qərbə ixracını dayandırmamışdı. Səbəb birdir – Rusiyanın bütün iqtisadiyyatı enerji daşıyıcılarının satışı hesabına qurulub. Bu mənada Rusiyanın enerji şantajı keçərli deyil”.

Rauf Mirqədirov

Politoloq deyir ki, Rusiyanın istədiyi vaxt enerji “kranı”nı bağlamaya bilməsi iddiası nəzəri baxımdan düzgündür. Qərbin Rusiyaya qarşı 2014-cü ildən tətbiq etdiyi sanksiyalar sərtləşir, amma Kremldən hələ də neft-qaz ixracını dayandırmaq barədə bəyanatı səslənməyib.

“Çünki Rusiya enerji məhsullarını satmasa, büdcəsi boş qalacaq. Azərbaycan kimi Rusiyanın da büdcəsi neft və qaz gəlirləri hesabına formalaşır. Hətta Rusiya təhdid etsə belə, qış aylarında Avropa Birliyinə qaz ixracını dayandırmaq gücündə deyil”.

Siyasi icmalçının qənaətincə, son illər enerji daşıyıcılarının diverfikasiyası barədə müzakirələr Rusiyadan asılılığı aradan qaldırmaq məqsədi daşıyır:

“Ancaq enerji daşıyıcıları ərazilərə və marşrutlara bağlıdır. Bu gedişatda bir məqam həmin ərazilərin ələ keçirilməsidir. XVIII-XX əsrdə Fransa və Böyük Britaniyanın xarici siyasətində bu amil üstünlük təşkil edirdi. İkinci məqam beynəlxalq korporasiyaların maraqlarına cavab verən güclü dövlətin olmasıdır, SSRİ müəyyən qədər cavab verirdi. Yəni xarici şirkət Azərbaycan və ya Özbəkistanla danışıq aparmırdı, birbaşa Moskvaya gəlib müqavilə imzalayırdı. Əslində, demokratiya və insan haqları korporosiyaları maraqlandırmadığından onlar üçün neft-qaz məsələləri ilə bağlı avtoritar rejimlərlə danışmaq daha məqsədəuyğundur. Çünki şəffaflığa həssas olan cəmiyyətdə neft və qaz satışı, gəlirləri barədə sualların sayı artır”.

Ana səhifəXəbərlərViktor Yuşenko: Avropa İttifaqı Rusiya təcavüzünün əsas kreditorudur