“Əgər vətəndaşın əmanət üzrə milli valyutada hesablanan aylıq gəliri 200 manata qədərdirsə, o halda vəsait gəlir vergisindən tamamilə azad ediləcək”
2023-cü ilin əvvəli Azərbaycanda bank əmanətlərindən gələn gəlirlər vergiyə cəlb edildi. Bu, zamanla banklardakı depozitlərin məbləğinin azalmasına gətirib çıxardı.
Məsələn, ötən ilin noyabrında banklarda əmanətlərin həcmi 12 milyard 705 milyon manatdan 12 milyard 564 milyon manatadək azalmışdı.
Sonra hökumət geri addım atdı, depozit gəlirlərinə vergi güzəşti tətbiq etməyə qərar verildi. Bu ilin yanvarın 1-dən etibarən fiziki şəxslərin banklarda olan depozit gəlirlərinə vergi güzəştləri qüvvəyə minib.
Bəs, depozit gəlirlərini əvvəlki kimi vergidən tam azad etmək olarmı?
İqtisadçı, deputat Vüqar Bayramov güzəştin detallarından danışıb. Deputat deyir, fiziki şəxslərin hər bir bankda milli valyutada 18 ay və daha çox vaxtda yerləşdirdikləri əmanətlər üzrə faiz gəlirləri vergidən tamamilə azad olunacaq. Bu müddətdən az dövrdə bankda saxlanan əmanətlər üzrə isə aylıq 200 manat gəlir vergidən azaddır.
“Yəni, iki halda vətəndaşlar gəlir vergisi ödəməyəcək. Birincisi, əgər vətəndaşın əmanət üzrə milli valyutada hesablanan aylıq gəliri 200 manata qədərdirsə, o halda vəsait gəlir vergisindən tamamilə azad ediləcək. Əgər 200 manatdan çoxdursa, bu məbləğədək olan hissəsi gəlir vergisindən azad olunacaq”.
Deputat deyir ki, misal üçün əgər vətəndaş banka 10 faizlə 24 min manat əmanət yerləşdiribsə, bu halda onun illik gəliri 2400 manat, aylıq gəliri isə 200 manatdır. Bu halda vətəndaşın əmanət gəliri tamamilə vergidən azad ediləcək. Əgər vətəndaş banka 10 faiz ilə 30 min manat əmanət yerləşdiribsə, bu halda onun illik gəliri 3 min manatdır. Belə olarsa, məbləğdən 2400 manat çıxılacaq, qalan hissə 10 faiz gəlir vergisinə cəlb ediləcək:
“Bu halda vətəndaşın ödədiyi cəmi vergi 60 manat olur. Burada digər sual aylıq depozit gəliri 200 manatdan çox olan vətəndaşlarımız vergi güzəştlərindən necə tam istifadə etməsi ilə bağlıdır. Dəyişikliyə əsasən, fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi vergidən azaddır. Bu, o deməkdir ki, əgər vətəndaşın 50 min manat pulu varsa və onu 8 faizlə depozit kimi yerləşdirərsə, onu illik gəliri 4 min manat olacaq. Həmin vəsait bir bankda yerləşdirilərsə, o zaman 4 min manatlıq gəlirin 1600 manatı vergiyə cəlb olunacaq”.
Vüqar Bayramov deyir ki, vergi güzəştindən tam istifadə etmək üçün vəsaiti bir yox, iki bankda yerləşdirmək olar. Belə olan halda 50 min manat pul hər biri 25 min manat olmaqla 8 faizlə 2 bankda yerləşdirilərsə, vətəndaş gəlirindən heç bir vergi ödəməyəcək:
“Vəsait daha böyük olarsa, məsələn, 100 min manat, o halda, bir neçə bankda yerləşdirilə bilər. Bu, imkan verəcək ki, vətəndaş vergi güzəştindən tam istifadə etsin və hər hansı vergi ödəməsin. Digər tərəfdən isə bank sektorunda təmərküzləşmə səviyyəsi azalacaq. Bu isə o deməkdir ki, vəsaitiniz hətta böyük olduğu halda belə depozit gəlirlərinizin vergidən tam azad olunması mümkündür”.
2023-cü ilin iyulunda açıqlandı ki, yeni qərarın tətbiqindən sonrakı beş ayda vətəndaşlar banklarda saxladıqları depozitlərə görə qazandıqları faizlərdən 24 milyon vergi ödəyib.
2016-cı ildə Azərbaycanda vətəndaşların banklarda saxladığı depozitlərə görə qazandıqları faizdən gəlir vergisinin tutulması 7 illik dondurulmuşdu. Həmin illər Azərbaycan bankları üçün çətin dövr hesab olunurdu.
2015-ci ildə iki devalvasiya olmuşdu və xeyli bank müflis vəziyyətə düşmüşdü. Depozit faizlərindən əldə edilən gəlirdən yeddi illik azadetmə məhz insanların bank sektoruna ölən inamını geri qaytarmaq üçün atılmış addım idi. Həm də çalışırdılar ki, insanlar depozitlərini banklardan kütləvi şəkildə geri çəkib, vəziyyəti daha da ağırlaşdırmasınlar. Yenə də rəsmi rəqəmlər göstərir ki, 2015-2017-ci illərdə Azərbaycan banklarında saxlanılan depozitlərin həcmində 3 milyard manata yaxın azalma olub.