”Hesab edirik ki, bu vəsaiti o ödəməlidir”
Bakı Ağır Cinayətlər Məhkəməsində 14 il “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri olmuş Cahangir Hacıyev və daha 21 nəfərin işi üzrə məhkəmə istintaqı başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyilə fevralın 4-də keçirilən məhkəmə iclasında elan edilib ki, C.Hacıyevə görə vəkillik fəaliyyəti bir il dayandırılan və yanvarın 23-də bərpa olunan Fəxrəddin Mehdiyev yenidən onun müdafiəsinə qoşulub.
Hakim F.Qəniyev bildirib ki, bu iş üzrə zərərçəkmiş qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC, mülki iddiaçı qismində isə “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı ilə Vergilər Nazirliyi tanınıb.
Onların üçünün də məhkəmədə nümayəndəsi iştirak edir.
Vergilər Nazirliyinin nümayəndəsi Qoşqar Bədirxanov C.Hacıyevə qarşı 1 milyon 752 min 359 manat 39 qəpiklik mülki iddia qaldırdıqlarını bildirib. İddianı dəqiqləşdirən nümayəndənin sözlərinə görə, mülki iddia əvvəlcə “Aztorq” MMC-yə qarşı qaldırılıb. Lakin istintaq zamanı əldə olunan sübutlardan sonra Vergilər Nazirliyi belə qərara gəlib ki, mülki iddia məhz C.Hacıyevə qarşı qaldırılsın. Ona görə də 1 milyon 752 min manatın ondan tutulub, büdcəyə ödənilməsini tələb edirlər:
“Hesab edirik ki, bu vəsaiti o ödəməlidir”.
C.Hacıyevin vəkili isə ötən iclasda vergidən yayınma ittihamına münasibət bildirərkən, onun keçmiş bank rəhbərinə heç bir aidiyyəti olmadığını demişdi. Vəkilin sözlərinə görə, vergidən yayındığı iddia olunan şirkətin C.Hacıyevə heç bir aidiyyəti yoxdur.
Vergilər Nazirliyinin mülki iddiası icraata qəbul edildikdən sonra dövlət ittihamçısı Eldar Həmzəyev ittiham aktını elan edib.
C.Hacıyev, bacanağı İsmayıl Hidayətzadə, sabiq deputat Dünyamin Xəlilov və daha 19 nəfər – Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıq Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov və Ramiz Kərimov ümumilikdə 3.8 milyard manatlıq mənimsəmə və israfetmədə təqsirləndirilir.
C.Hacıyev 2015-ci il dekabrın 5-dən həbsdədir. Beynəlxalq Bankın vəsaitlərinin mənimsənilməsində ittiham olunan Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilib. Bu işə görə onun həyat yoldaşı Zamirə Hacıyeva da beynəlxalq axtarışa verilib.