”Vergi intizamı öncə iri vergi ödəyicilərinə tətbiq olunmalıdır”

Məhəmməd Talıblı: ”Bu qurumların dövlət büdcəsinə 2,4 milyard manat vergi borcu var”

Source:


Məhəmməd Talıblı: ”Bu qurumların dövlət büdcəsinə 2,4 milyard manat vergi borcu var”

Prezident İlham Əliyevin 4 avqust tarixli “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında imzaladığı sərəncamdaqeyd olunan istiqamətlərdən biri də vergi yükünün azaldılması və inzibatçılığın yüngülləşdirilməsi ilə bağlıdır.

Vergilər Nazirliyindən bildiriblər ki, Azərbaycanın vergi siyasətində vergi inzibatçılığının təkmilləşdirilməsi mühüm yer tutur: “Vergi Məcəlləsinin qüvvəyə mindiyi 1 yanvar 2001-ci il tarixdən ötən dövr ərzində hüquqi şəxslərin mənfəət vergisinin dərəcəsi 27 faizdən 20 faizə endirilib. Bu dəyişiklik 1 yanvar 2010-cu ildən tətbiq edilir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin illik gəlirlərindən tutulan gəlir vergisinin dərəcəsi isə 1 yanvar 2010-cu il tarixdən 20 faiz həddində müəyyən edilməklə hüquqi və fiziki şəxslərin mənfəətinə (gəlirinə) tətbiq olunan verginin dərəcəsi eyniləşdirilib. Əlavə dəyər vergisinin dərəcəsi Vergi Məcəlləsi qüvvəyə mindiyi tarixdən 18 faiz dərəcə ilə müəyyənləşdirilib”.

Vergilər Nazirliyindən bildiriblər ki, yeniliklərin tətbiqi fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdə vergi inzibatçılığının yüngülləşdirilməsi, vergi ödəmələrinin bəyannamə təqdim edilmədən sadələşdirilmiş qaydada yerinə yetirilməsi məqsədini daşıyır: “Bu məqsədlə Vergi Məcəlləsində təklif edilən dəyişiklikdə həmin kateqoriyaya aid olan fiziki şəxslərin siyahısının və aylıq sabit vergi məbləğlərinin müəyyən edilməsi nəzərə tutulur”.

Məhəmməd Talıblı
Məhəmməd Talıblı

İqtisadçı Məhəmməd Talıblı Meydan TV-yə bildirib ki, vergi inzibatçılığının sərtləşdirilməsi və bəzi vergi növlərinin aşağı salınması başadüşüləndir. O, həmçinin qeyd edib ki, sahibkarlıq subyektlərinin stimullarının öldürülməməsi və onların ağır vergi dərəcələri ilə əhatələnməkdən azad etmək üçün belə addımlar atıla bilər. İqtisadçı bununla belə deyib ki, investorları bu cür addımlarla ölkəyə cəlb etmək indiki dövrdə real deyil: “Ölkədə devalvasiya risklərinin, inhisarçılıq və digər neqativ tendensiyaların qaldığı bir vəziyyətdə belə addımlar populyar olmayacaq. Mənfəət vergisinin 15 il bundan öncə 27%-dən 20 %-ə enməsi hələ vergi aləti vasitəsilə stimulun olması anlamına gəlmir”.

M.Talıblı hesab edir ki, vergi intizamının tətbiqi ilk növbədə iri vergi ödəyicilərinə – “Azərsu”, “AZAL”, “Xəzər” dəniz gəmiçilik İdarəsi kimi subyektlərə tətbiq olunmalıdır: “Çünki onların dövlət büdcəsinə 2,4 milyard manat həcmində vergi boru var. Vergi öhdəliklərinin daha sərt tələb olunacağı qurumlar məhz onlardırlar”.

Ekspert hesab edir ki, xarici investorların ölkəyə cəlb olunması üçün effektiv metodlardan biri də vergi kreditlərindən istifadə etməkdir.

“Ölkəyə investor cəlb etməyin yollarından biri də məhz bu metoddur. Çox populyar üsullarla yeni təşviqlər haqqında düşünməkdənsə, klassik üsullarla problemi həll etməyə çalışırlar”,- deyə M.Talıblı deyib.

Ana səhifəAnalitika”Vergi intizamı öncə iri vergi ödəyicilərinə tətbiq olunmalıdır”