“İqtisadiyyatdan azacıq başı çıxan adam deyə bilər ki, bu rifahın artmasına zərbə vurur”
Yanvarda gömrük xətti ilə büdcə daxilolmaları 6,5 faiz azalaraq 473 milyon 728,4 min manat olub. Dövlət Gömrük Komitəsinin məlumatında belə deyilir. Bildirilir ki, daxilolmalar 136 milyon 951,8 min manat olub. Bu, əvvəlki aylardan az olsa da, ötən ilin eyni dövrünə baxanda 12,3 faiz çoxdur. Vergilərə gəlincə, əlavə dəyər vergisi üzrə daxilolmalar 314 milyon 877,5 min manat (13,9 faiz az), aksizlər üzrə daxilolmalar 18 milyon 507,3 min manat (24,7 faiz çox), yol vergisi üzrə daxilolmalar isə 3 milyon 391,8 min manat (23,7 faiz az) olub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” platformasında yazıb ki, vergi daxilolmalarının davamlı artımı maliyyə sabitliyinə, sosial layihələrin icrasına və vətəndaşların rifahına mühüm töhfələr verir.
İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, hökumətin iqtisadi komandasının iqtisadiyyat haqqında təsəvvürləri kökündən yanlışdır. Onun sözlərinə görə, iqtisadi aktivlikdən danışmaqdansa, bunu təşviq etməkdənsə, vergi-gömrük yığımlarını artırmağa çalışırlar:
“Sual verirəm: vətəndaş yığılan vergilərə nəzarət edə bilirmi, bunun mexanizmləri varmı? Təbii ki, yoxdur. Bəs İqtisadiyyat naziri vergi daxilolmalarının artması ilə nə vaxt öyünməlidir? Bəli, iqtisadiyyatın böyüməsi, iqtisadi aktivliyin artması, yeni müəssisələrin, iş yerlərinin yaranması hesabına vergilərdən çox daxilolmalar olsa, bu, əlavə dəyər yaranması ilə baş versə, öyünə bilər. Amma Azərbaycan iqtisadiyyatı 2023-də ÜDM artım tempinə görə MDB-də sonuncu yer tutub, iqtisadi böyümə yoxdur. Yaxşı, vergi daxilolmaları nəyin hesabına davamlı artır? Bəli, vətəndaşın, biznesin vergi yükünün artması hesabına”.
İqtisadçı deyir ki, biznesin vergi yükü artırsa, insanlar daha çox vergi ödəyirsə, bu, yeni yatırımların, yeni iş yerlərinin yaranmasının qarşısını alır. Belə olan zaman vergi daxilolmalarının davamlı artmasından vətəndaş ziyan görür:
“Yəni bu, rifaha töhfə vermir. İqtisadiyyatdan azacıq başı çıxan adam deyə bilər ki, bu rifahın artmasına zərbə vurur. Hə, birdən Mikayıl müəllim çıxıb deyər ki, bu vergilərin “ağardılmasına” görə baş verir – deməsin, ayıb olur, adam illərdir bu sahəyə rəhbərlik edir, “ağartma” 1 il olar, 2 il olar, 3-cü il proses bitib normal sistem bərqərar olmalıdır, İqtisadiyyat naziri məhz buna çalışmalıdır. Bazar iqtisadiyyatına inanan nazir-məmur anlamalıdır ki, vətəndaş nə qədər çox vergi ödəyirsə, bir o qədər çox öz xərclərini azaldır, xərclərini azaldırsa, deməli, iqtisadi aktivlik də azalır – nəsə almır, haranısa tikmir, bu qədər sadədir məsələ”.
İqtisadçı deyir ki, iqtisadi komanda anlamalıdır ki, əvvəl iqtisadi aktivliyi artırmaq lazımdır, bundan sonra orqanik vergi daxilolmaları artacaq:
“Hökumət isə səhv yolla gedir, vergi-gömrük yükünü artırır, iqtisadi aktivliyi zəiflədir. Təbii ki, bundan bir müddət sonra vergi daxilolmaları azalacaq”.