Vəkil Zaur Məmmədovun Vəkillər Kollegiyasının binası qarşısında intihar etməsilə əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb. Bu barədə Meydan TV-yə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
“Vəkil Zaur Məmmədovun yanvarın 1-də saat 19.00 radələrində intihar etməsi faktı üzrə Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsilə cinayət işi başlanıb. Təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir”, – Baş Prokurorluqdan belə deyilib.
Mərhum Zaur Məmmədovun dostu Aşur Bədəlsoy sosial media hesabında vəkilin özünə qəsd etməsinin mümkün səbəbləri haqda yazıb. Onun sözlərinə görə, Bakıda yerləşən istintaq orqanlarından birinin müstəntiqi onu çətin vəziyyətdə qoymuşdu.
Aşur Bədəlsoy deyir ki, dostu ilə sonuncu dəfə dekabrın 29-da “Whatsapp” üzərindən danışıb. Zaur Məmmədov bildirib ki, həmin müstəntiqlə görüşəcək, problem həllini tapmasa, özünü öldürəcək.
“Bakıda yerləşən istintaq orqanlarından birinin müstəntiqinə bir neçə həftə qabaq 10 min manat pul verdiyini dedi. İşin həll olunmadığını, müstəntiqin də pulu qaytarmadığını bildirdi. İşin yiyəsinin də bunu tutdurmaq üçün prokurorluğa şikayət edəcəyini dedi. Zaur müəllim də çarə tapmadığını və özünü yandıracağını dedi. Səhəri gün də müstəntiqlə görüşəcəyini, olmasa, özünü öldürəcəyini dedi. Zarafat elədiyini düşündüm. Həll olacağını dedim. Səbrli olmağını dedim”, – Aşur Bədəlsoyun sözləridir.
***
O, aldığı yanıq xəsarətlərindən ölüb
Vəkil Zaur Məmmədov intihar edib. Hadisə yanvarın 1-də axşam saat 19.00 radələrində paytaxtın Ceyhun Hacıbəyli küçəsində – Vəkillər Kollegiyasının binası qarşısında baş verib.
Salyan rayon Vəkil Bürosunun üzvü olan Zaur Məmmədov üstünə benzin tökərək, özünü yandırıb. O, aldığı yanıq xəsarətlərindən ölüb.
Hazırda polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerindədir.
Zaur Məmmədovun 5 ildir ki, vəkil fəaliyyətilə məşğul olduğu bildirilir.