Xalq artisti bütün bunları ideologiyanın olmamasının nəticəsi sayır
“Mən vaxtilə “Hər şey yaxşılığa doğru” filmini çəkəndə, hamı deyirdi ki, müharibəni uduzan xalq üçün belə gülməli film lazım deyil.
“Həyat, deyəsən, gözəldir” filmini şanlı qələbədən sonra çəkdik. Ordakı gülməli elementlərə görə yenə bizə irad tutdular”.
Bunu Xalq artisti, kinorejissor Vaqif Mustafayev “Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino forumunda deyib.
Kinorejissor “Həyat, deyəsən, gözəldir” filminin ərsəyə gəlmə prosesində üzləşdiyi problemlərdən danışıb:
“Belə çıxır ki, qələbə qazananda da bizim gülməli film çəkməyə ixtiyarımız yoxdur. “Həyat deyəsən, gözəldir” filminə çox maneələr yaratdılar. Kino şöbəsinin cəhdləri heç bir nəticə vermədi. Nazir (keçmiş nazir Anar Kərimov nəzərdə tutulur) filmə baxırdı, gülürdü, amma deyirdi ki, kəsin. Filmin 27 dəqiqəsini kəsdilər”.
“Filmi Türkiyəyə “Dədə Qorqud” festivalına apardıq və orada “Ən yaxşı rejissor işinə görə” mükafatını aldı. Bütün bunlar ideologiyanın olmamasının nəticəsidir. İdeologiya nədir? Uşaqlıqdan gördüyüm ağacdır, ailəmdir, namusumdur, qeyrətimdir. Hansısa festivalda uğur qazanmaq adına çəkdiyim filmlərdə atamızı, anamızı satmağımız düzgün deyil”, – deyə o bildirib.
“Həyat, deyəsən, gözəldir” tammetrajlı bədii filmi İkinci Qarabağ müharibəsinə həsr olunub.
İlkin işçi adı “Fəryad II” olan filmin, ssenari müəllifi və rejissoru Vaqif Mustafayev, təsvir rejissoru Orxan Abbasov, rəssamı Quram Navrozaşvili, geyim rəssamı Keti Kalandadze, bəstəkarı Tural Məmmədli, prodüseri isə Fariz Əhmədovdur.
Baş rolda Hikmət Rəhimov, rollarda Sevinc Əliyeva, Nino Qomarteli, Dmitri Samxaradze, Giorgi Celiya və Aftandil Maxaradze çəkiliblər.
Film Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasının istehsalıdır.