”Azərbaycan silahlı bölmələri düşmənin atəş nöqtələrinə və hərbi obyektlərinə cavab zərbələri endirib”
————————————————————————–
Ermənistanın dəstəklədiyi Dağlıq Qarabağ separatçı qüvvələrinin sözçüsü aprelin 26-da iki separatçı hərbçinin öldüyünü deyib. Onların “Azərbaycan tərəfin açdığı atəşdən öldüyü” bildirilir.
Azərbaycanın Müdafiə Nazirliyi aprelin 26-da bildirib ki, Ermənistan silahlı bölmələri sutka ərzində atəşkəsi 113 dəfə pozublar. Separatçıların mövqelərinə isə 114 dəfə atəş zərbəsi endirilib.
azadliq.org
—————————————————————————-
Hazırda cəbhənin Tərtər istiqamətində vəziyyət stabildir və Azərbaycan silahlı bölmələri əməliyyat şəraitinə nəzarət edir.
Bu barədə APA-ya açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.
O qeyd edib ki, ermənilər ötən gecə Tərtər şəhərini minaatanlardan və iri çaplı silahlardan atəşə tutublar. Nəticədə rayon ərazisində 20 yaşayış evinə ziyan dəyib. Ölən və yaralananlar yoxdur.
V. Dərgahlı həmçinin qeyd edib ki, Azərbaycan silahlı bölmələri Ermənistan ordusunun atəş nöqtələrinə və hərbi obyektlərinə cavab zərbələri endirib.
Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Müstəqim Məmmədov isə “Report”a bildirib ki, təmas xəttinə yaxın yerləşən 20-ə qədər fərdi yaşayış evinə mərmi düşüb: “Ermənilər atəşkəs rejimini növbəti dəfə pozaraq, rayonun cəbhəboyu yaşayış məntəqələrini atəşə tutublar. Nəticədə həmin yaşayış məntəqələrində qaz, elektrik və rabitə xətlərinə ciddi ziyan dəyib, mərmi düşən 20 evdən 8-i tamamilə yararsız hala düşüb”.
M.Məmmədov əlavə edib ki, hazırda Tərtər rayon Fövqəladə Hallar Komissiyası (FHK) dəymiş ziyanla bağlı araşdırmalara başlayıb.