Oktyabrın 8-də Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə fəaliyyəti dayandırılan vəkillərin Ramil Litvin oğlu Rüstəmov və Zabil Köçəri oğlu Qəhrəmanov olduğu məlum olub.
Bu barədə məlumatı Meydan TV öz mənbələrindən əldə edib.
Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin ötən gün keçirilən iclasında bir sıra vəkillərlə bağlı intizam tənbehi tədbirləri görülmüşdü.
Kollegiyanın qərarı ilə yol verdikləri intizam pozuntularına görə iki vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılmış, dörd vəkilə xəbərdarlıq edilmiş, bir vəkilə isə töhmət verilmişdi.
Meydan TV-nin hər iki vəkillə əlaqə saxlamağa çalışsa da, zənglər cavabsız qalıb.
Daha sonra Meydan TV ilə əlaqə saxlayan Ramil Rüstəmov bildirib ki, Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə fəaliyyəti dayandırılan vəkil o deyil.
“Həqiqət deyil. Mənim fəaliyyətim dayandırılmayıb. Sizə bu məlumatı Vəkillər Kollegiyasından kim veribsə, düz verməyib”, – Ramil Rüstəmov Meydan TV-yə belə deyib.

Bundan sonra Meydan TV olaraq mənbəmizlə yenidən xəbəri dəqiqləşdirməyə çalışdıq. Mənbə bildirdi ki, xəbərdə heç bir yanlışlıq yoxdur. Hətta onu da əlavə etdi ki, Zabil Qəhrəmanovun vəkillik fəaliyyəti 6 ay, Ramil Rüstəmovun vəkillik fəaliyyəti isə 2 aylıq dayandırılıb.
Mənbə xüsusi olaraq qeyd etdi ki, hər iki vəkilin adı Vəkillər Kollegiyasının rəsmi internet saytında vəkil axtarış bölməsindən də çıxarılıb.
Ramil Rüstəmov bu məlumatın həqiqətəuyğun olmadığını iddia edib.
Vəkillər Kollegiyasının açıqlamasında həmin vəkillərin adları və hansı intizam pozuntularına yol verdikləri barədə konkret məlumat verilməyib.
Fəaliyyəti dayandırılan Zabil Qəhrəmanov ictimaiyyətə daha çox Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı cinayət işində təqsirləndirilən İlkin Süleymanovun vəkili kimi tanınırdı.
Ramil Rüstəmov isə ötən ay yerli mediada həmkarı Əziz Qənbərli və Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlu Robert Eyyubov barədə verdiyi açıqlamaları ilə gündəmə gəlmişdi. Sonradan o, dediklərini sosial media vasitəsi ilə təkzib etmişdi.