Ülvi Həsənlidən 5 gündür xəbər yoxdur

Xəbər yenilənib

Ülvi Həsənli. Üllustrasiya: Meydan TV

O, cərimə kamerasına salınıbmış

Ülvi Həsənli Umbakı təcridxanasına köçürülməsinə etiraz olaraq aclıq aksiyasına başladığı üçün 5 gündür cərimə kamerasına salınıb.

Bu barədə onun həyat yoldaşı Rübabə Quliyeva məlumat verib.

“Ülvinin səsi çox pis gəlirdi. Dedi ki, 5 gündür aclıq edir. Ona heç bir şəxsi əşyası verilməyib, orada olduğu müddətdə əynindəki paltarları dəyişməyə imkan yaradılmayıb. Aclığa başladığına görə təzyiq və təhdidlərə məruz qalıb, ona işgəncə edilib”, – Rübabə Quliyeva deyib.

Həyat yoldaşının sözlərinə görə, Ülvi Həsənliyə ailəsi ilə görüşə icazə verilməyəcəyi də bildirilib:

“Mənimlə rəsmi nikahı olmadığına görə bizə görüşməyə icazə verilməyəcək. Bundan sonra telefon zənglərinə icazə verilib-verilməyəcəyi də bəlli deyil. Ülvi dedi ki, onunla bağlı qanunsuz qərarları imzalayan Penitensiar Xidmətin Əməliyyat-Rejim işləri üzrə rəis Fikrət Qafarovdur”.


Umbakı qəsəbəsində yerləşən Penitensiar kompleksə köçürüldükdən sonra onunla əlaqə saxlamaq mümkün olmayıb

“AbzasMedia işi” üzrə 9 il azadlıqdan məhrum edilən media qurumunun direktoru Ülvi Həsənlidən 5 gündür xəbər yoxdur.

Bu barədə Ülvi Həsənlinin ailəsindən məlumat verilib.

Məlumata görə, iyunun 26-da Bakının Umbakı qəsəbəsində yerləşən Penitensiar kompleksə köçürüldükdən sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

Eyni iş üzrə həbs edilərək həmin müəssisəyə aparılan digər jurnalistlər artıq ailələri ilə əlaqə saxlayıb görüşsələr də, Ülvi Həsənli hələ də ailəsi ilə telefon danışığı etməyib.

Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva bildirib ki, məsələ ilə bağlı Penitensiar Xidmətin qaynar xəttinə müraciət edib, müraciətin qeydə alındığı bildirilib.

Ombudsman Aparatına edilən zənglər isə cavabsız qalıb.

Bir neçə gün öncə Ülvi Həsənli Bakı İstintaq Təcridxanasından Umbakıdakı Penitensiar kompleksə köçürülmələrinə etiraz edib və burada saxlanılacağı halda aclıq aksiyasına başlayacağını bildirmişdi.

 Ailəsi Həsənlinin buna görə cərimə kamerasına (“kars”) salınmasından narahatdır.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə “AbzasMedia işi” üzrə hökm oxunub. Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

2023-cü ilin noyabrında “AbzasMedia”nın direktor və əməkdaşları korrupsiya araşdırmaları apardıqları bir vaxtda həbs olunmuşdu. Ötən il mayda “Azadlıq” radiosunun jurnalisti Fərid Mehralızadə də bu iş üzrə saxlanılmışdı, lakin “AbzasMedia” onunla əməkdaşlıq etmədiyini bəyan etmişdi.

Həbs edilən jurnalistlər ittihamları rədd edir və həbsin korrupsiya araşdırmaları ilə bağlı siyasi sifariş olduğunu bildirirlər.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları da bu həbsləri siyasi motivli hesab edir və jurnalistlərin dərhal azad edilməsinə çağırır.

Ana səhifəSiyasətÜlvi Həsənlidən 5 gündür xəbər yoxdur