Ukraynalı müğənni öz doğum günündə ölkəsinə bir milyonluq ianə edib

Svetlana Loboda. Mənbə: Wikipedia

“Bir milyon qrivna bu evlərdə əsas və strateji əhəmiyyətli işlər üçün lazım olan vəsaitin yalnız bir hissəsidir”

Ukraynanın əməkdar artisti Svetlana Loboda doğum günündə bir milyonluq ianə edib.
Müğənni Ukraynadakı hərbi əməliyyatlar zamanı dağıdılmış doğulduğu İrpin şəhərini bərpa etmək üçün bir milyon qrivna bağışlayıb.

“Bir milyon qırmızı qızılgül əvəzinə, evlərin bərpası üçün bir milyon qrivna”, – müğənni “Instagram” səhifəsində yazıb.

“Doğma Ukraynada sülh olsun. Bu arzu tezliklə gerçəkləşəcək. Bu gün mən ad günümü ailəmlə qeyd edirəm və çox istəyirəm ki, evini itirmiş hər bir ukraynalı onu yenidən tapsın. Bütün ailələr tez bir zamanda öz geniş və dinc süfrələrinə toplaşsınlar. Ona görə də ad günümdə İrpin şəhərində dağılmış üç çoxmərtəbəli binanın bərpası üçün bir milyon qrivna köçürmək istəyirəm”, – Loboda bildirib.

Əlavə edib ki, döyüş əməliyyatları zamanı dağılan evlərin hər birində şəxsən olub:

“Rus ordusunun geridə qoyduğu dəhşətləri öz gözlərimlə gördüm. Bir milyon qrivna bu evlərdə əsas və strateji əhəmiyyətli işlər üçün lazım olan vəsaitin yalnız bir hissəsidir, lakin daha çox müraciətlər var. Damların bərpası və fasadların möhkəmləndirilməsi üzrə işlərin ümumi büdcəsi isə dörd milyon qrivnadır”.

Bir müddət öncə Svetlana Loboda “DUSHA” beynəlxalq xeyriyyə fondunu yaradıb.

Fondun əsas fəaliyyəti dağıdılmış İrpin şəhərini bərpa etmək, uşaqlara və böyüklərə tibbi-psixoloji yardım göstərməkdir.

2022-ci ilin martında amerikalı aktyor Leonardo Di Kaprionun Ukrayna ordusuna 10 milyon dollar ianə edib.

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, 2022-ci il fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.
Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.
Sanksiyalar mədəniyyət sahəsinə də təsirsiz ötüşməyib.
Digər ölkələrdə fəaliyyət göstərən rus sənətçilərinə qadağalar tətbiq edilib.

Ana səhifəMədəniyyətUkraynalı müğənni öz doğum günündə ölkəsinə bir milyonluq ianə edib