Ukraynada dağıdılan kilsə, muzey, teatr və kitabxanalar

Foto: Meydan TV

Mədəniyyət Nazirliyi ziyan dəyən obyektlərinin sayını açıqlayıb

Ukraynanın Mədəniyyət Nazirliyi Rusiyanın hərbi müdaxiləsi nəticəsində dağıdılan və zədələnən mədəniyyət müəssisələrinin sayını açıqlayıb.

Bildirilir ki, fevralın 24-dən aprelin 23-dək 242 mədəniyyət obyekti dağıdılıb və ya qismən ziyan görüb.

Ziyan dəymiş 94 tikili mədəni irs obyektidir, onlardan 16-sı ölkə əhəmiyyətli abidədir.

Qeyd olunur ki, ən çox dini tikililər zərər çəkib: 92 məbəd və kilsə dağıdılıb və zədələnib.

Xarkovda 84, Donetskdə 45, Kiyevdə 38, Çerniqovda 24, Luhanskda 17, Sumıda 14, Xersonda 3, Dnepropetrovsk və Nikolaevdə hərəsində bir mədəniyyət obyektinin məhv edildiyi bildirilir.

Məlumatda rus hərbçiləri tərəfindən Zaporojyedəki Xortitsa adasına raket atıldığı deyilir.

Həmçinin Kiyevdə 20-ci əsrin əvvəllərinə aid Makarov adına Xalq Kitabxanası ziyan görüb.

Xarkov vilayətinin atəşə tutulması nəticəsində isə 1925-ci ildə məxsus tikili – Müəllim Evi zədələnib.

Martın əvvəlində YUNESKO-nun (UNESCO) baş direktoru Odre Azule Rusiyanın Ukraynada keçirdiyi hərbi münaqişə fonunda həmin ərazilərdə mədəni irs obyektlərinin məhvindən narahat olduğunu bildirib.

O deyib ki, Ukrayna ilə abidələrin müəyyənləşməsi, daha sonra isə “Silahlı qarşıdurma zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının “Mavi Qalxan” emblemi ilə işarələnməsi məqsədilə danışıqlar aparılır.

Belə olan təqdirdə həmin abidələr beynəlxalq qanunlarla mühafizə olunacaq.

Ukraynanın mədəniyyət və informasiya siyasəti naziri Oleksandr Tkaçenko isə bildirib ki, münaqişə zəminində dağıdılan obyektlərin sənədləşdirilməsi aparılır.

“Mədəni irs obyektlərinin məhv edilməsi 1954-cü il Haaqa Konvensiyasına əsasən müharibə cinayətidir. Müharibə zəminində baş verən hər epizodu sənədləşdiririk, müharibə zəminində dağıdılmış obyektlərin bazasını formalaşdırırıq. Bütün materiallar cinayət işlərində sübut məqsədilə istifadə olunacaq”, – nazir deyib.

Rusiyanın hərbi qüvvələri fevralın 24-də Ukrayna ərazisinə daxil olub.

Bundan sonra əksər dövlətlər Rusiyaya qarşı sanksiyalar tətbiq ediblər.

Sanksiyalar iqtisadiyyat, maliyyə sahəsindən mədəniyyətə keçib.

Hollivud studiyaları Rusiyada filmlərinin prokatından imtina edib. Həmçinin bir sıra beynəlxalq musiqi, film şirkətləri, o cümlədən teatrlar, kinostudiyalar Rusiya və sənətçiləri ilə əməkdaşlığı dayandırıb.

Ana səhifəMədəniyyətUkraynada dağıdılan kilsə, muzey, teatr və kitabxanalar