Üçlüyün danışıqlar masasında nə var?

Source:

Artıq uzun müddətdir ki, dünya İran, Rusiya və Türkiyənin birmənalı olmayan hərbi-siyasi yaxınlaşmasının şahidi olur. Formal olaraq bu yaxınlaşma Yaxın Şərqdə həyata keçirilir, amma gələcəkdə bu regionun hüdudlarından kənara çıxmaq potensialı var.

Bu yaxınlaşmanın, Rusiya diplomatiyasının ifadəsi ilə desək, Qərbdəki “həmkarların” narahatlığına səbəb olduğunu demək heç nə deməməyə bərabərdir. ABŞ son dövrdə əsas geosiyasi düşməninin (Rusiya), Yaxın Şərqdə Vaşinqtonun strateji maraqlarına əsaslı şəkildə mane olan dövlətin (İran) və NATO-nun bu yaxınlara qədər regionda bu qurumun maraqlarının bələdçəsi olan üzvünün (Türkiyə) simbiozunun yaranmasını müşahidə edə və eyni zamanda fəaliyyətsiz qala bilər?

Vladimir Putinin Türkiyəyə səfəri Rusiya üçün misli görünməmiş sanksiya təzyiqini və “Skripal işi” ilə əlaqədar Qərbin həmrəyliyini zəiflətmək məqsədi daşıyan, hələlik əsasən virtual olan ittifaqın formalaşması yolunda əlamətdar hadisədir.

Türkiyənin öz səbəbləri var: Aİ-yə daxil olmaq haqqında sonsuz hekayələr, Vaşinqtonun qızışdırdığı kürd məsələsi, ABŞ-da sığınacaq tapmış Fətullah Gülənin ittiham olunduğu dövlət çevrilişi cəhdi.

İran sanksiyaların ləğvindən sonra birdən-birə bir neçə layihə həyata keçirməyə çalışır, onlardan hətta iqtisadi (Avropaya karbohidrogen nəqli) layihələr siyasətlə sıx şəkildə əlaqəlidir, bunun nəticəsində Tehran regionun tamhüquqlu dövləti olmağı nəzərdə tutur.

Beynəlxalq siyasət nöqteyi-nəzərdən Yaxın Şərq regionu İkinci Dünya Müharibəsindən sonra, demək olar ki, həmişə əsas gərginlik mənbələrindən biri olub, bu gərginliyin dərəcəsini ABŞ və SSRİ yüksəldirdi. Və indi elə həmin region Birinci Dünya Müharibəsi dövrünün Balkanı rolunu oynamaq təhlükəsi daşıyır. Türkiyənin silahlı qüvvələri, hətta müvəqqəti müttəfiqlərinin susqun, beynəlxalq koalisiyasınınisə açıq etirazlarına baxmıyaraq, bu il yanvarın 20-də Suriyanın Afrin bölgəsində kürd silahlı dəstələrini sıxışdırıb çıxarmaq məqsədilə “Zeytun budağı” hərbi əməliyyatına başlayıb…

Suriyada müharibə bir sıra səbəblərdən Türkiyəni dünya siyasətinin mərkəzinə qoyub. Birincisi, Avropa dövlətlərinin Ankaranın köməyi ilə qurtulmağa çalışdığı yüz minlərlə qaçqına görə, ikincisi, Türkiyənin mövqeyinin mühüm rol oynadığı İŞİD-lə beynəlxalq mübarizə səbəbindən və nəhayət, üçüncüsü, İraqda müharibə dövründən başlamış, yeni dövlətlərin elan olunmasına yönəlmiş “sərhədlərin dəyişdirilməsi” siyasəti səbəbindən. Ankara üçün bütün bunlar milli təhlükəsizlik məsələləridir və NATO üzrə tərəfdaşları onlara çox vaxt laqeyd yanaşdıqlarına görə Ankara bunun müqabilində tarazlaşdırıcı tədbirlər görmək məcburiyyətindədir.

Vaxtilə, ötən əsrin uzaq iyirminci illərində de-fakto (Moskva) və de-yure (Ankara) məğlubiyyətə uğrayanlar dünyada öz rollarının bərpasına yönəlmiş nüfuzlu alyans yaratdı. Bu gün, Birinci Dünya Müharibəsinin başa çatmasından bir əsr sonra, Rusiya və Türkiyənin yeni ittifaqının şahidi olmaq olarmı?

Danışıqlar masasında nə var? İki ölkə lideri hansı məsələləri müzakirə edə bilər? Onlar açılmış iqtisadi əməkdaşıq perspektivlərini (“Cənub dəhlizi”) necə siyasi dividendə çevirməyə hazırlaşırlar? Aİ və ən əsası, ABŞ konturları müəyyən edilən alyansa mane olacaqmı, necə?

Bizim dövrümüzdə ehtimal olunan alyansın ABŞ üçün baş ağrısı hesab olunan üçüncü üzvünün də ortaya çıxa biləcəyini əlavə edək. Söhbət, əlbəttə ki, İrandan gedir. Bu ölkənin prezidenti Suriya üzrə əvvəlcədən elan edilmiş sammitə bir qədər sonra qatılaraq, həmkarlarına yalnız onlara aid problemlərin həlli üçün vaxt verib (3 aprel). Bir gün sonra, aprelin 4-də prezident Putinin Ruhani ilə, daha sonra isə üçtərəfli görüş keçirilib.

Beləliklə, formal olaraq Türkiyədə görüşü Suriyadakı vəziyyətə qiymət verməli və böhranın bundan sonra nizamlanması yollarını müəyyən etməli, münaqişə tərəflərinin danışıqlar prosesi üçün şərait yaratmalıdır.

Suriya ilə bağlı sammitlər, görünür, ənənəyə çevrilir. Onlardan birincisi Moskvanın təşəbbüsü ilə Soçidə keçirilib, Astanada görüşlər keçirilib, burada “üçlük” Suriya Milli Dialoq Konqresi təşkil etməyə çalışıb. Və Ankarada Suriyanın təhlükəsizliyi və sabitliyi, qaçqınların qayıtması, bu ölkənin gələcəyi haqqında mülki dialoq məsələlərini həll edən görüş. Tezliklə İranda da belə bir sammit keçiriləcəyi ehtimal olunur.

Bu müddət ərzində digər tərəfdən isə ehtiyat addımları atılır. Mətbuatın versiyasına görə, kürdlərin sıxışdırılması üzrə hərbi əməliyyatlar Ankara hakimiyyətinin başda ABŞ olmaqla, bir müddət əvvəl Suriya ərazisində “sərhədlərin təhlükəsizliyi qüvvələri” yaratmaq planını elan edən beynəlxalq koalisiyanın fəaliyyətinə cavab oldu. Vaşinqtonun planına əsasən, bu “təhlükəsizlik qüvvələri” İran-Türkiyə sərhədində və Suriya ərazisində Fərat çayı boyunca yerləşməlidir. Həmçinin bildirilirdi ki, Türkiyə hakimiyyəti Vaşinqtonun terror ordusu yaratdığını hesab edir, Ankara ona qarşı mübarizə aparacaq…

Mövzuya qayıdaraq, Türkiyənin “Daily Sabah” qəzetində dərc olunmuş “Türkiyə, İran və Rusiya necə Suriyada sülh keşikçisinə çevrildi” sərlövhəli yazıya diqqət çəkək. Məqalədə deyilir: “Onların başladığı xeyriyyə prosesi artıq mühüm nəticələr verib. İndi bu ölkələr dünya ictimaiyyətinə göstərməlidirlər ki, onlar sülhə və siyasi həllə nail ola bilirlər. Şübhəsiz, bütün problemlər həll olunmayıb: ölkənin bəzi hissələrində Suriya hökumətinin yenilməzliyi və bir sıra müxalif qruplaşmaların danışıqlar masası arxasına oturmazdan əvvəl mövqelərini möhkəmləndirmək istəyi ilə əlaqədar döyüşlər davam edir. Bununla belə, ümumilikdə belə bir təəssürat yaranır ki, Suriya münaqişəsinin sonu yaxındır”, deyə İlknur Çelik məqalədə yazır.

Bu məqalə “üçlüyün” regionda həll etdiyi bəzi vəzifələrə işıq salır. Belə ki, Tehran və Moskva Bəşər Əsəd rejiminin möhkəmləndirilməsində maraqlıdırlarsa, Ankara Suriyada çoxluğun idarəetməsinə yönəlmiş bu və ya digər demokratik nizam-intizam forması yaratmaq və gələcəkdə müvəqqəti koalisiya qoşunları çıxarıldıqdan sonra ölkəni Suriya xalqına vermək uğrunda mübarizə aparır. Tərəflər əmindirlər ki, Suriya öz ərazi bütövlüyünü qoruyub saxlamalıdır, bu isə “ABŞ-ın dəstəyi ilə Suriyanın şimalında “Kürdüstan Fəhlə Partiyasının (PKK) nəzarəti altında olan” kvazi dövlət yaratmaq istəyən Kürd Xalq Özünümüdafiə Dəstələrinin (YPG)” planlarını pozur.

Hərbi əməliyyat bölgələrində inzibati infrastrukturun bərpasına dəstək vermək, daha sonra onları dinc kürd və ərəb sakinlərə vermək planları Ankaranın yalnız silahlı dəstələri qovduğunu təsdiq edir. Maraqlıdır ki, Türkiyə rəsmi olaraq münaqişəyə cəlb edilmiş bütün digər tərəflərin də belə edəcəyini gözləyir.

Ola bilər ki, bu, təkcə NATO qüvvələrinə deyil, həm də “üçlük” üzvlərinə eyhamdır. Axı Rusiya Bəşər Əsədlə xüsusi razılaşma sayəsində Aralıq Dənizində iki baza yaratmaq hüququ əldə edib. Məqalə müəllifinin fikrincə, gələcək Suriya hakimiyyətinin müqaviləni təsdiq etməsi şərti ilə bazalar saxlanıla bilər. ABŞ-a gəlincə, onlar gec ya tez Suriyanı tərk etməli olacaqlar.

Ana səhifəAnalitikaÜçlüyün danışıqlar masasında nə var?