Türkiyəli musiqiçilərdən rus həmkarlarına dəstək

Sibel Ayhan Bayer. Foto: Nursima ÖZONUR – Oğuzhan DEMİR / ANKARA (DHA)

“Musiqi, sənət siyasətdən üstündür”

Türkiyə Prezident Administrasiyasının Simfonik Orkestrinin musiqiçiləri Ukraynadakı hərbi münaqişəyə görə qadağalarla üzləşən rusiyalı həmkarlarının müdafiəsinə qalxmağa hazır olduqlarını bəyan ediblər.

Orkestrin rəhbəri Sibel Ayhan Bayer musiqinin siyasətdən daha üstün olduğunu deyib.

Bir sıra dövlətlərin rus incəsənətinə, musiqisinə qadağalar tətbiq etməyindən narahat olduğunu bildirib: “Siyasətin sənətə qarışması böyük narahatlıq yaradır. Buna baxmayaraq, biz hər zaman musiqinin və musiqiçilərin müdafiəsinə qalxmağa hazırıq. Musiqi ən universal və beynəlxalq ünsiyyət dilidir. Bizim üçün musiqi, sənət siyasətdən üstündür”.

Orkestr rəhbəri qeyd edib ki, konsert repertuarlarında daim rus bəstəkarlarına müraciət olunur və rusiyalı ifaçılarla daimi əməkdaşlıq əlaqələri qurulur: “Çünki biz rus musiqisini ürəkdən sevirik. Bu səbəbdən də mayın 29-da rusiyalı skripkaçı Maksim Venqerovun iki türk həmkarı ilə birgə “İncəsənət yolu” adlı konsertini reallaşdıracağıq. Trionun konserti Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək”.

Rusiyanın hərbi qüvvələri fevralın 24-də Ukrayna ərazisinə daxil olandan sonra, əksər dövlətlər ona sanksiya tətbiq edib.

Sanksiyalar iqtisadiyyat, maliyyə sahəsindən mədəniyyətə keçib.

Opera müğənnisi Anna Netrebkonun konsertləri Prezident Vladimir Putinə etiraz etmədiyi üçün ləğv olunub.

Dirijor Valeri Gerqiyevdən Rusiyanın hərbi əməliyyatlarını tənqid etməsi tələb olunub. Amma dirijor imtina etdiyi üçün “La Skala” opera teatrının və Münhen Filarmoniyasının Orkestrinin baş dirijoru vəzifəsindən kənarlaşdırılıb.

Nyu-Yorkda pianoçu Denis Matsuyevin konserti ləğv olunub.

“’Netflix” Rusiyaya məxsus kinolayihələrin istehsal və nümayişini dayandırıb.

“Kann” kinofestivalının rəhbərliyi bu il Rusiyanın rəsmi nümayəndə heyətinin iştirakını qadağan edib. Bununla belə, ayrı-ayrı rejissorlar festivalda təmsil oluna bilərlər.

Hollivud studiyaları Rusiyada filmlərinin prokatından imtina edib. Həmçinin bir sıra beynəlxalq musiqi, film şirkətləri, o cümlədən teatrlar, kinostudiyalar Rusiya və sənətçiləri ilə əməkdaşlığı dayandırıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 11-də Antalya Diplomatiya Forumundakı çıxışı zamanı Rusiya mədəniyyətinə və nümayəndələrinə qoyulan qadağaları pisləyib.

Ərdoğan çıxışı zamanı Prezident Vladimir Putinlə dostluq etdiyi üçün rus dirijor Valeri Qerqievin işdən çıxarılmasını xatırlayıb.

Fyodor Dostoyevskinin əsərlərinin Qərb ölkələrində yayımının qadağan olunmasından söz açıb, baş verənləri Elxanilər dövlətinin qurucusu Hülakü xanın Bağdadın Böyük Kitabxanasını (1258) dağıtması ilə müqayisə edib.

“Bu hadisələri eynən həmin dövrə dönüş kimi görürəm. Biz yeni hülakülər istəmirik. Nə demokratiya, nə diplomatiya, nə də ki insanlıq bunlara layiqdir. Rus sənətçilərinə qarşı hücumlar faşistlikdir”, – Türkiyə Prezidenti əlavə edib.

Ana səhifəMədəniyyətTürkiyəli musiqiçilərdən rus həmkarlarına dəstək