Türkiyədə azərbaycanlıların həbs dalğası

Rza Zərrab: “Əmrləri Azərbaycandan almışam” – 87 milyardlıq qanunsuz pul qalmaqalı

Source:

“Rüşvət və qanunsuzluq” əməliyyatında həbs olunan güney azərbaycanlı iş adamı Rza Zərrabın rüşvət vermə ilə bərabər, İrandan 87 milyard avroluq qanunsuz transfer etdiyi də açıqlandı.


Maliyyə Nazirliyi Rüşvət Cinayətlərinin Araşdırma Komissiyası İstanbul Polis İdarəsinə Zərrabın şirkətlərinin heç bir fəaliyyətdə olmadığını, lakin milyonlarca avro transfer etdiyini və bunun xaricdə sənədləşdiyini göstərən bir hesabat təqdim olunub.


Məsələ ilə bağlı baş hərfi A.M. olan bir informator ortaya çıxıb. Maliyyə Nazirliyi müfəttişləri Türkiyədə qurulan üç xəyali şirkətin fəaliyyətini və hesabını araşdırıb, bunun sonunda da böyük pulların qanunsuz şəkildə transfer edildiyini ortaya çıxarıb.


İnformatorun verdiyi sənədlərə görə, 2009-2012–ci illər arasında “Bank Mellat” tərəfindən yuyulan çirkli pulların miqdarı 87 milyard avroya çatır.


Bundan başqa, müfəttişlər bu şirkətlərin bank qeydiyyatlarını dərindən analiz etmək üçün xüsusi komissiya qurub və soruşdurma komissiyası tərəfindən əlavə bir çalışma ilə iş adamları Adəm Gəlgəç və Vidadi Bədəlov tərəfindən qurulan şirkətlərin çirkli pulları yuma daxil olmaqla, sayının 11 olduğunu ortaya çıxarıb. 2013-cü ilin fevralında ifadə verən Gəlgəç transferləri İrandan apardığını etiraf edib.


Rza Zərrab açıqlamada əməliyyatlar üçün əmrlərin İran və Azərbaycandan gəldiyini, ancaq bu əmrlərin kim tərəfindən verildiyini deməyib. Daha sonrakı araşdırmalarda isə bu şirkətlərin Zərraba aid olduğu məlum olub. (Baymedia)


Daha bir azərbaycanlı məmur həbs olunub

Naxçıvanın Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidov Türkiyədə həbs edilib. Bu barədə Türkiyənin “Haberler.com” saytı məlumat yayıb.

Məlumata görə, Naxçıvanla sərhəddəki Dilucu gömrük keçid məntəqəsində həyata keçirilən rüşvət və qaçaqmalçılıq əməliyyatı çərçivəsində o, Qarsda tutulub. Mirməhəmməd Seyidov təyyarə ilə İstanbuldan Qarsa gedib.

Təyyarədən enən kimi onu Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə şöbəsinin əməkdaşları həbs ediblər. Gömrük rəisini Qarsdan İğdıra aparıblar. Azərbaycanın İğdırdakı konsulu Asiman Əliyev də polis şöbəsinə gedib.

Dekabrın 17-də Dilucu sərhəd keçid məntəqəsində 280 polis əməkdaşının iştirakı ilə əməliyyat keçirilib. Əməliyyat zamanı 7-si gömrük işçisi, (1-i qadındır) 10-u daşıma şirkətinin sahibi olmaqla 17 nəfər həbs edilib. (Azadlıq Radiosu)


Dövlət Gömrük Komitəsi (DGK) Sədərək Gömrük İdarəsinin rəisi Mirməhəmməd Seyidovun Türkiyədə saxlanılması ilə bağlı məlumat yayıb.

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Seyidov məzuniyyətdə olduğu müddətdə ailəsinin müalicəsi ilə əlaqədar 2013-cü il dekabr ayının 9-da Türkiyənin İstanbul şəhərinə gedib: “2013-cü il dekabrın 17-də İstanbul-Qars təyyarə reysində ailəsi ilə birlikdə geri qayıdarkən Qars Hava Limanında polis tərəfindən saxlanılıb. O, Türkiyədə əməliyyatlarda həbs olunanlarla əlaqədar bəzi məlumatların dəqiqləşdirilməsi üçün İqdır Vilayət Prokurorluğuna dəvət edilib”.

Məlumatda bildirilib ki, Azərbaycanın Türkiyədəki səfirliyi və Qarsdakı Baş Konsulluğu tərəfindən bu məsələnin tezliklə həlli istiqamətində lazımi tədbirlər görülür. (APA)

Ana səhifəXəbərlərTürkiyədə azərbaycanlıların həbs dalğası