Türkiyə: Qonşularla çoxlu sorun

Öncədən hesablamaq olmazdımı?

Source:

1923-cü ildə yaranan Türkiyə Cümhuriyyətinin xarici siyasətinin əsas xəttini bitərəflik, hərbi konfliktlərdən qaçmaq siyasəti təşkil edirdi. Mustafa Kamal Atatürkün ən böyük xidmətlərindən biri türkləri imperiya təfəkküründən uzaqlaşdırması, xilas etdiyi torpaqlardan kənardakılara tamah salmamasına alışdırması oldu. Hətta Mosul sorunu kimi Türkiyə üçün həyati əhəmiyyətə malik olan məsələdə də türklər Millətlər Cəmiyyətinin çıxardığı qərara tabe olmağı üstün tutub, konfliktə getməkdən çəkindilər.

Atatürk həm Qərb, həm də bolşevik Rusiyası ilə normal münasibətləri saxlamağa çalışırdı. Onun 1938-ci ildə ölümündən sonra prezident olan İsmət İnönü də bu siyasəti əsasən davam etdirdi. Lakin İnönü daha çətin vəziyyətdə idi. Çünki bu zaman xarici siyasətdə hesablaşmaq gərəkən üçüncü qüvvə – nasist Almaniyası meydana çıxmışdı. İsmət paşanın hakimiyyətə gəlməyindən 1 il keçməmiş ikinci cahan savaşı başladı.

Düşünürəm ki, 1939-1945-ci illərdə Türkiyənin xarici siyasətini şedevr adlandırmaq olar. Müharibə edən tərəfləri müxtəlif arqumentlərlə, ümidlərlə “yola verən” Türkiyə yalnız 1944-cü ilin yayında, artıq ikinci cəbhənin açılması ilə savaşın nəticəsi şübhə doğurmayan zaman Almaniya ilə diplomatik əlaqələri kəsdi.

Bununla belə, antihitler koalisiyası üzvlərinin təkidlərinə baxmayaraq, müharibə girməyə tələsmədi. Yalnız 1945-ci ilin fevralın 23-də, Almaniyanın Türkiyəyə artıq heç bir zərər vura bilməyəcəyi vaxt müharibə elan edildi.

Lakin ikinci cahan savaşından sonra Türkiyə Cümhuriyyəti özünün xarici siyasətində korrektələr etmək məcburiyyətində qaldı. Bunun da əsas səbəbi SSRİ rəhbərliyinin Türkiyəyə ərazi iddiaları və Qara dəniz boğazlarına nəzarəti əlinə keçirmək istəyi oldu. Bu cəhdlər Türkiyəni Qərblə, əsasən də ABŞ-la yaxınlaşmağa təhrik etdi.

Düzdür, Stalinin 1953-cü ildə ölümündən qısa müddət sonra yeni sovet rəhbərliyi həm ərazi iddialarından, həm də boğazların statusunu müəyyən edən Montrö müqaviləsinin şərtlərinə yenidən baxmaq tələbindən imtina etməsini rəsmən açıqladı. Lakin artıq gec idi. Bayar-Menderes hökuməti artıq 1 il əvvəl Türkiyəni NATO-ya üzv etmişdi. Yeri gəlmişkən, Xruşşovun Stalinin xarici siyasətini tənqid mövzularından biri də Türkiyəyə qarşı iddialar idi.

Bu zamandan etibarən Türkiyə xarici siyasətdə sabit bir xətt yürütməkdə, öz təhlükəsizliyinin qarantı kimi NATO-nu görməkdə davam etdi. SSRİ-nin dağılması zamanı Türkiyənin prezidenti olan Turqut Ozal bu siyasətdə dəyişiklik etməyə, mədəni turançılıq deyə biləcəyimiz bir xətt yürütməyə cəhd etdi.

Ozal Türkiyəni yeni türkdilli cümhuriyyətlər ilə Qərb arasında körpü kimi görür, bu əlaqələrin yalnız Türkiyə üzərindən aparılmasını arzulayırdı. Lakin onun 1993-cü ildə ölümündən sonra bu xətt davam etdirilmədi. Anti-demokratik rejimlərin qurulması və Rusiyanın 90-cı illərin ortalarına kimi yürütdüyü Qərbyönümlü siyasətdən imtinası, “yaxın xaric” üzərinə basqılarının güclənməsi ilə Türkiyənin türkdilli dövlətlər üzərində nüfuzu xeyli zəiflədi.

2002-ci ildə Türkiyənin tarixində önəmli bir hadisə baş verdi. Ədalət və İnkişaf Partiyası (AKP) parlament seçkilərində 34,3% səs toplasa da, seçki həddini özündən savayı yalnız Cümhuriyyət Xalq Partiyasının aşması səbəbindən təkbaşına hökumət qurdu və bugünə kimi status-kvonu saxlaya bilir. Bu 1946-cı ildə Türkiyənin çoxpartiyalı sistemə keçməsindən sonra bir partiyanın təkbaşına iqtidar olduğu ən uzun müddətdir.

Rəcəb Tayyip Ərdoğanın başçılıq etdiyi AKP iqtidara təkcə daxili siyasətə bağlı deyil, xarici siyasətlə də yönəlik iddialı şüarlarla gəlmişdi. Lakin “Qonşularla sıfır sorun” adı altında elan edilən bu siyasət tezliklə qeyri-rəsmi olaraq “Yeni osmançılıq” adını aldı. Ümumiyyətlə, AKP-nin seçki uğurlarında əhalinin dini hisslərinin və Osmanlı nostalgiyasının istismarı xüsusi yer tutur. Lakin bu bir qədər başqa, xüsusi mövzudur.

14 illik iqtidarın xarici siyasətinin bütün çalarlarını, xırdalıqlarını bir məqalədə işıqlandırmaq təbii ki, imkansızdır. Buna görə də yalnız bəzi məsələlərə və bu siyasətdəki qeyri-ardıcıllığa toxunacağam.

Bu məsələlərdən biri Suriya problemidir. Uzun illər Türkiyə ilə Suriya arasında münasibətlər müxtəlif səbəblərdən soyuq olub. Burada keçmiş müstəmləkənin metropoliyaya kini də rol oynayıb, Hatay sorunu, Suriyanın uzun müddət PKK rəhbəri Abdulla Öcalana dəstək və sığınacaq verməsi kimi amillər də.

Lakin AKP hakimiyyəti Əsəd rejimi ilə çox mehriban, “sıfır soruna yaxın” deyə biləcəyimiz bir münasibət qurmuşdu. Ərdoğanın və Bəşər Əsədin şəxsi münasibətləri də çox isti idi. Lakin “ərəb baharının” Suriyada vətəndaş müharibəsinə çevrilməsindən sonra Türkiyə Suriyaya qarşı tamamilə başqa bir mövqe tutdu.

Təbii ki, mən 45 ildir Suriyada sülalə hakimiyyəti yaratmış Əsəd rejiminin dəstəklənməsindən yana deyiləm. Lakin zənnimcə bu qədər kəskin dönüş, Əsədə qarşı az qala Qərbdən də qəti mövqe tutulması nə Türkiyənin, nə də Suriyada yaşayan türkmənlərin marağına cavab vermirdi. Türkiyənin daha mülayim mövqeyi bəlkə problemin həllinə daha çox kömək edərdi.

Ərdoğanın xarici siyasətlə bağlı ən yaddaqalan jesti şübhəsiz ki, 2009-cu ilin Davos forumundakı “one minute” olayı oldu. Xüsusən hərbi və kəşfiyyat sahəsində yüksək səviyyədə olan Türkiyə-İsrail münasibətləri guya Fələstin kimi Osmanlı mirasına məsuliyyətdən qaynaqlanan bu və 2010-cu ildəki “Mavi Mərmərə” olayından sonra “soyuq müharibə” halına gəldi. Bunun acı nəticələrini isə 1 il öncədən başlayaraq Türkiyədə baş verən ardıcıl partlayışlar qarşısında türk istihbaratının çarəsiz qalmasında görmək olar.

Söz düşmüşkən, kürd problemi məsələsində Ərdoğan iqtidarı illərdir ki, “demokratik açılım”, “çözüm süreci” deyilən siyasət yürütdü. Lakin keçən ilin iyulunda Suruçda baş verən və İŞİD üzvü tərəfindən həyata keçirildiyi söylənilən terror aktından sonra Türkiyə hökuməti İŞİD mövqelərinə 1-2 bomba atdıqdan sonra bütün gücünü kürd silahlılarına qarşı yönəltdi. Bu məsələdə U şəkilli dönüşün səbəbləri hələ də bəlli deyil.

Türkiyənin Şimali Afrikada ərəb baharı yaşamış, vaxtilə Osmanlı imperiyasının tərkibində olmuş dövlətlərlə münasibətlərində də irəliləyiş müşahidə olunmadı. Anti-İsrail ritorikası bəzi ərəb ölkələrində qısamüddətli effekt verdi, lakin daha artığı mümkün olmadı. Bu müstəqil ölkələrin rəsmi Ankaradan fərqli olaraq “yeni osmançılığa”, böyük qardaş ədasına isti baxmayacaqlarını gözləmək olardı. Yalnız Misirdə AKP-yə yaxın görüşlərin daşıyıcısı olan Mursi hakimiyyəti dövründə Türkiyə ilə yaxınlaşma müşahidə olundu. Lakin hərbi çevrilişdən sonra münasibətlər yenidən soyudu.

Lakin Azərbaycan vətəndaşları üçün Ərdoğan iqtidarının ən maraqlı, eyni zamanda, ən anlaşılmaz siyasəti Rusiya ilə bağlıdır. Uzun illər Türkiyə-Rusiya münasibətləri yüksələn xətlə inkişaf etdi. Tərəflərin bir-birinə iqtisadi ehtiyacları bu münasibətləri daha da möhkəmləndirirdi. Onu da xüsusi vurğulamaq yerinə düşər ki, AKP-nin şimal istiqamətində yürütdüyü siyasət “yeni osmançılıq”dan xeyli uzaq idi.

Bunu Krımın Rusiyaya ilhaqı zamanı əyani müşahidə etdik. Türkiyə hökuməti Ukraynanın ərazi bütövlüyünü, Krım türklərinin hüquqlarını pafoslu sözlərlə dəstəkləsə də, bu istiqamətdə heç bir əməli addım atmadı. Əksinə, Rusiya ilə münasibətlər əvvəlki kimi davam etdirildi, hətta bir qədər də istiləşdi. Məntiqi olaraq, Türkiyə Rusiyaya qarşı iqtisadi sanksiyaları da dəstəkləmədi.

Hətta “erməni soyqırımı”nın 100 illiyinə həsr olunmuş tədbirlərdə Rusiya prezidenti Putinin iştirakı da ikitərəfli münasibətlərə xüsusi təsir etmədi. Ərdoğan yalnız “cənab Putindən incimişəm” kimi yumşaq gileylərdə bulundu.

Türkiyənin bu siyasətinin mövcud reallıqlardan qaynaqlandığını anlamaq çətin deyildi. Büdcənin özülünü təşkil edən turizmdə rus turistləri əhəmiyyətli rol oynayırdı, yüngül sənaye və tikinti sektoru, qismən də kənd təsərrüfatı və bağçılıq üçün Rusiya əsas bazara çevrilmişdi.

Bütün bunların fonunda Rusiya hərbi təyyarəsinin vurulması günəşli havada göy gurultusu effektini verdi. İllərdir davam edən yaxınlaşmanın fonunda bu kəskin addımın atılmasının nə qədər zəruri olduğu böyük bir sual altındadır.

Lakin daha böyük şok isə Ərdoğanın bu addımı aylarla müdafiə etməsindən sonra bugünlərdə Putinə məktub yazaraq üzr istəməsi, həlak olan pilotun ailəsinə yardım etməyə hazır olduğunu bildirməsi oldu.

Aydındır ki, burada Rusiya tərəfindən tətbiq edilən sanksiyaların təsiri öz sözünü dedi. Lakin Moskvanın təyyarənin vurulmasına biganə qalmayacağını, ata biləcəyi addımları öncədən hesablamaq olmazdımı?

Qısa və ən səthi təhlil göstərir ki, “qonşularla sıfır sorun” adlı siyasət uğur qazanmadı. Əksinə bugün Türkiyənin qonşularla problemi AKP iqtidarından əvvəlki dövrlə müqayisədə daha çox və daha mürəkkəbdir. Bunun bir qismini son illərdə bölgədə cərəyan edən hadisələrlə izah etmək olar. Lakin əsas səbəb adıçəkilən siyasətin əvvəldən utopik olmasında, eləcə də Türkiyə hakimiyyətinin qeyri-ardıcıl, düzgün hesablanmayan davranışlarındadır.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəXəbərlərTürkiyə: Qonşularla çoxlu sorun