İsrail İranın raket hücumu həyata keçirdiyini iddia edərək, səhər saatlarına qədər İrana raket zərbələri endirib
İranla İsrail arasında hərbi-siyasi gərginlik davam edir.
İyunun 24-nə keçən gecə ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəs razılaşmasını elan etməsindən bir neçə saat sonra tərəflər bir-birinə qarşı yenidən hücumlara başlayıb.
İsrail İranın raket hücumu həyata keçirdiyini iddia edərək, səhər saatlarına qədər İrana raket zərbələri endirib.
İran atəşkəs elan olunduqdan sonra İsrailə raket zərbələri endirilməsi ilə bağlı ittihamları rədd edib.
Bu ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, zərbələri nəticəsində 610-dək insan həlak olub, 5 mindən çox insan yaralanıb.
ABŞ Prezidenti baş verənlərə görə İsraili tənqid edib.
Tramp sosial şəbəkə vasitəsilə bildirib ki, “İsrail İrana hücum etməyəcək və bütün təyyarələr geri dönərək bazaya qayıdacaq”.
İsrail 2025-ci il iyunun 13-dən etibarən İranda bir sıra hərbi və strateji hədəflərə qarşı hava hücumlarına başlayıb.
Əsasən İranın nüvə proqramı ilə əlaqəli obyektləri, eləcə də yüksək rütbəli hərbi şəxslər və nüvə alimləri hədəfə alınıb.
Rəsmi Təl-Əviv bunu nüvə planlarına qarşı yönəldilmiş “önləyici zərbə” adlandırıb.
İyunun 22-də Birləşmiş Ştatlar da İranda yerləşən üç nüvə obyektinə hava zərbələri endirib. Vaşinqton bu hücumları İranın regionda sabitliyi pozan fəaliyyətlərinə cavab olaraq həyata keçirdiyini bildirib.
Cavab olaraq isə İranın iyunun 23-də ABŞ-nin Qətərdə və digər ölkələrdə yerləşən hərbi bazalarına raket hücumu etdiyi bildirilir. Tehran bunu Amerikanın İrana qarşı son zərbələrinə cavab adlandırıb.
Beynəlxalq müşahidəçilər bölgədə vəziyyətin kritik və partlayışa hazır həddə çatdığını, ABŞ, İsrail və İran arasında hərbi qarşıdurmanın nüvə böhranına çevrilə biləcəyi barədə xəbərdarlıq edirlər.