Bu gün, sentyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə həbs olunanların növbəti məhkəmə prosesi baş tutub.
Prosesə hakim Azər Tağıyev sədrlik edib.
“Toplum TV işi” ilə bağlı həbslər 2024-cü ilin martından başlayıb.
Ümumilikdə bu iş üzrə 10 nəfərə cinayət işi açılıb.
Onlar əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar, sonradan ittihamlar daha da ağırlaşdırılıb.
Bu iş üzrə həbsdə olan III Respublika Platformasının Qurucu Heyət üzvü Ruslan İzzətli ötən iclasda yarımçıq qalan çıxışını davam etdirib.
O bildirib ki, 2024-cü ilin martında həbs olunduqdan sonra evində tapıldığı iddia edilən pullar əslində polis tərəfindən yerləşdirilib.
“6 mart 2024-cü ildə saxlanıldım və həmin gün azadlığa buraxıldım. İki gün sonra, 8 martda yenidən həbs edildim. Hakimiyyətin nəzarətində olan media isə məni cəmiyyətə qaçaqmalçı kimi təqdim etdi. Amma sual yaranır: Əgər həmin pul doğrudan da mənim idisə, niyə həbs olunana qədər evdən çıxarmamışdım? Niyə banka olan ipoteka borcumu ödəmirdim? Niyə 8 martadək ölkədən getmədim? Əgər cinayətkar idimsə, niyə gizlənmədim, əksinə həbsimi gözlədim? Əgər günahkar idimsə, niyə Xətai rayon Polis İdarəsində saxlanılan dostlarımla maraqlanmaq üçün polis idarəsinin qarşısına getdim?”, – siyasətçi bildirib.
İzzətli vurğulayıb ki, hələ məhkəmə hökmü olmadan rəsmilər və hakimiyyətə yaxın media qurumları onun haqqında qaçaqmalçılıq iddiasını tirajlayaraq təqsirsizlik prezumpsiyasını pozublar. O, bunu “Stalin dövrü” ilə müqayisə edib.
“Stalin NKVD əməkdaşlarına göstəriş verirdi ki, dustaqlara təzyiq edin, etiraf etməyənə qədər əl çəkməyin. Azərbaycan hakimiyyəti də tənqidçilərinə eyni yanaşmanı tətbiq edir”, – deyə İzzətli qeyd edib.
Siyasətçi bildirib ki, onun “Toplum TV işi” üzrə həbs edilməsi də əsassızdır. Onun sözlərinə görə, internet televiziyasına yalnız könüllü dəstək göstərib:
“Dostlarımın çalışdığı bu müstəqil və obyektiv medianın daha geniş auditoriyaya çıxması üçün bilik və bacarıqlarımı burada fəaliyyət göstərən könüllü gənclərlə bölüşmüşəm”, – deyə vurğulayıb.
Daha sonra Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynal çıxış edərək həbsini əsassız adlandırıb.
“Nə yaxşı ki, bu dəfəki siyasi repressiya dalğasında dostlarımın, müəllimlərimin və əqidə yoldaşlarımın yanında yalnız mənəvi deyil, həm də fiziki olaraq varam. Əks halda, bu mənim üçün çox daha ağır olardı. Elə çətinliklər var ki, bizim kimi əqidəli, ləyaqətli və mənəviyyatlı insanlar üçün azadlıqdan daha dözüləsi görünür. Məsələn, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova, Aynur Elgünəş, kimi əyilməz həmkarlarım, eləcə də Fərid İsmayılov, Ramil Babayev, Ələsgər Məmmədli, İlkin Əmrahov, Ruslan İzzətli, Müşfiq Cabbarov və Akif Qurbanov kimi heç bir cinayət törətmədiyi halda “cinayətkar” adlandırılan dostlarım həbsdə olduğu halda, mənim azadlıqda qalmağım mənəvi cəhətdən türmənin “karser”ində olmaqdan belə daha çətin və ağrılıdır”, – deyə o vurğulayıb.
Ardınca çıxış edən Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli uzun illərdir davam edən ictimai fəaliyyətindən danışıb. O bildirib ki, media hüququ sahəsində maarifləndirmə aparıb, kitablar yazıb, təlimlər keçirib və müxtəlif konsultasiyalar verib.
“Cəmiyyətə fayda vermək, bilik və təcrübəni gənclərlə bölüşmək üçün mütləq maddi vəsait lazım deyil. Əsas olan könüllü şəkildə zaman ayırmaq və insanlara necə kömək edə biləcəyini bilməkdir. Bu gün kommunikasiya vasitələri, sosial şəbəkələr bir telefon və ya kompüter vasitəsilə minlərlə insana, evə və auditoriyaya çıxış imkanı yaradır. Belə halda bəzən nə təşkilatçıya, nə də ayrıca məkana ehtiyac qalır. Yetər ki, istək olsun və cəmiyyətin inkişafı, insanların maariflənməsi bir amal kimi qəbul edilsin”, – Məmmədli vurğulayıb.
O qeyd edib ki, Toplum TV də məhz bu amalın nəticəsidir:
“Toplum TV heç bir qurum və təşkilatın dəstəyi olmadan, könüllülərin əməyi, vaxtı və zəhməti hesabına formalaşıb və yüz minlərlə insana çıxış imkanı yaradıb. Onun hüquqi müstəviyə daşınmasının səbəbi isə müstəqil və peşəkar media nümunəsi kimi cəmiyyətə yol göstərməsidir. Bu, hökumətin media azadlığına dözümsüzlüyünü narahat etdiyinə görə biz saxta ittihamlarla həbs olunmuşuq.”
Məmmədli daha sonra Toplum TV-nin fəaliyyətinin dayandırılması ilə bağlı hər hansı məhkəmə qərarının olub-olmaması barədə vəsatət qaldırıb.
Məhkəmə vəsatəti təmin edib.