Qurum hesab edir ki, ölkədə mediaya olan təzyiqlər “Toplum TV”nin ölkədə fəaliyyət göstərməsini mümkünsüz edir
“Toplum TV” bundan sonrakı fəaliyyətini ölkə xaricində yaşayan jurnalistlər vasitəsilə həyata keçirəcək. Bu barədə media qurumunun yaydığı bəyanatda deyilir.
Qurum hesab edir ki, ölkədə mediaya olan təzyiqlər “Toplum TV”nin ölkədə fəaliyyət göstərməsini mümkünsüz edir.
Bəyanatda deyilir:
– “Toplum TV” ölkənin az sayda olan müstəqil media qurumlarından biridir. 2016-cı ildən etibarən fəaliyyət göstərən qurum, jurnalistika prinsiplərini rəhbər tutaraq ölkədə və dünyada baş verən hadisələr ilə bağlı vətəndaşları məlumatlandırmağı qarşısına əsas məqsəd qoyub. Bu dövr ərzində minlərlə material dərc edərək oxucular üçün tərəfsiz və qərəzsiz informasiya mənbəyinə çevrilib. “Toplum TV” bir daha elan edir ki, ittihamlar əsassızdır və təzyiqlərin motivi “Toplum TV”nin müstəqil media olaraq vətəndaşların problemlərini işıqlandırması, müxtəlif qruplardan olan şəxsləri öz canlı yayımlarına dəvət etməsidir.
Ölkə xaricində fəaliyyət göstərməsinə baxmayaraq, “Toplum TV” həmişə olduğu kimi tərəfsiz, qərəzsiz və müstəqil jurnalistikanı ən ali dəyər kimi qəbul edir və edəcək. Bu dövrdə izləyicilərimizin və həmkarlarımızın işimizə verdiyi dəyər bizim üçün çox qiymətlidir!
6-8 mart 2024-cü il tarixlərində Toplum TV nəşrinin və onun tərəfdaşı olan və Akif Qurbanovun rəhbərlik etdiyi təşkilatın – Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb.
Yeddi nəfər qaçaqmalçılıq ittihamı ilə 4 ay müddətinə həbs olunub, iki nəfər isə polis nəzarətinə verilib.
Yanvarın 17-də onların hamısına qarşı CM-in daha 6 maddəsi ilə iqtisadi cinayətlərə dair ittihamlar irəli sürülüb. Polis nəzarətində olan jurnalist Fərid İsmayılov da həbs edilib.
Ötən həftə Toplum TV-nin redaktoru Şahnaz Bəylərqızı da Toplum TV-nin işindən ayrıca icraata ayrılmış yeni iş üzrə həbs edilib.