Tomas de Vaal: Qərar gözlənilməz, ancaq məntiqli idi

Ekspertlər növbədənkənar prezident seçkisi qərarına müxtəlif yanaşırlar

Source:


Ekspertlər növbədənkənar prezident seçkisi qərarına müxtəlif yanaşırlar

Qərargahı Londonda yerləşən Karnegi Beynəxalq Sülh Fondunun aparıcı eksperti Tomas de Vaal Azərbaycan prezidenti İlham Əliyevin növbədənkənar prezident seçkiləri keçirmək qərarının gözlənilməz, ancaq kifayət qədər məntiqli olduğunu düşünür.

Apreldə seçki keçirmək qərarını

Amerikanın səsi

radiosuna şərh edən ekspert hesab edir ki, İlham Əliyevin nöqteyi nəzərindən, başqalarının gözləmədiyi, hazır olmadlğı və onun üçün sərfəli bir məqamda seçkini keçirmək yaxşı fikirdir.

De Vaalın fikrincə, Azərbaycanda siyasi elitanın düşüncə prosesinə çıxış məhdud olduğundan qərarın motivlərini dəqiq demək çətindir.

Ekspert hesab edir ki, səsvermənin aprel ayına təyin olunmasında daxili və xarici faktorlar rol oynayır. Bir tərəfdən ölkə müxalifəti prezident seçkilərinə hazır deyil və onun özünün toparlamaq imkanları kifayət qədər məhddudur. Səsverməyə namizəd qismində qatıla biləcək REAL hərəkatının lideri İlqar Məmmədov hazırda həbsdədir. Seçkilərin aprel ayında keçirilməsi Məmmədovu effektiv olaraq seçki prosesindən kənarlaşdırmış olur.

Digər xarici amillər sırasında Tomas de Vaal hökumətin aprel ayında Rusiyanın öz seçkilərinə başının qarışacağını və prosesə müdaxilə edə bilməyəcəyini güman etdiyini söyləyir. Habelə Ermənistan konstitutional keçid dövrünü yaşayacaq.

“O bilir ki, indi seçkiləri keçirmək üçün təhlükəsiz vaxtdır. Ciddi iqtisadi problemlər yoxdur. Kim bilir bir neçə aydan sonra vəziyyət necə dəyişə bilər. İndi sonradan daha yaxşıdır”, de Vaal deyib.

De Vaal Əliyev hökumətinin “daim narahatlıq” keçirdiyini bildirir.

“Onlar bilmirlər ki, müxalifət haradan baş qaldıracaq. Odur ki, situasiyaya mümkün qədər nəzarət etməyə, opponentlərini üstələməyə çalışırlar”.

Bu məsələ ilə bağlı çıxış edən digər bir ekspert, Rusiya Elmlər Akademiyası nəzdində Dövlət Qulluğu və İdarəetməsi İnstitutunda şöbə rəisi, Millətlərarası Münasibətlər üzrə Prezident Şurasının üzvü Vyaçeslav Mixaylov “

EurAsia daily

” portalına müsahibəsində bu qərarın Dağlıq Qarabağ münaqişəsiylə mümkün bağlantısını güman edir.

“Yerli müxalifət təəccübləndi və fakt qarşısında qaldı. Əliyevin xarici tərəfdaşlarını təəccübləndirməyə də səbəbi yox idi. Onlar öz problemləriylə məşğuldurlar və Azərbaycanda prezident seçkisinin vaxtı veclərinə də deyil. Amma Qarabağ ətrafındakı durum başqa məsələdir. Burada iki əsas ssenari var və hər ikisi də Azərbaycanın siyasi rəhbərliyinin və hərbi komandanlığının Qarabağ planlarıyla sıx bağlıdır”, – müəllif yazır.

V.Mixaylov Bakıdakı mənbələrə istinadla Azərbaycanın Qarabağ sülh prosesində “Madrid prinsipləri”nin tətbiqini sürətləndirməyə çalışdığını qeyd edir.

İlham Əliyev və Serj Sərkisyan
İlham Əliyev və Serj Sərkisyan

Təhlilçi ötən il oktyabrın 16-da Cenevrədə danışıqlarında sensasiyalı bəyanat verilmədiyini yada salır. Amma onun fikrincə, Əliyevlə Sarqsyanın paket həll sxeminə mərhələli yanaşma çərçivəsində spesifik prosesləri sürətləndirməklə bağlı razılığa gəldikləri istisna olunmur.

“Bu mövqedən baxanda, Əliyevin növbədənkənar seçki qərarı müharibəyə deyil, sülhə – növbəti bir neçə ay ərzində şərti “yol xəritəsi”nə yol açmaq məntiqinə uyğun gəlir. Düzdür, adamın buna inanmağı gəlmir. Belə anlaşmadan ötrü münaqişə tərəfləri arasında yetərincə inam olmalıdır ki, bu da indiyədək müşahidə edilməyib. Amma bir məsələ də var ki, Cenevrə görüşündən bəri Qarabağda təmas xəttində toqquşmalar səngiyib”, – təhlilçi yazır.

Müəllif ikinci ssenarinin sülhə deyil, müharibəyə apardığını qeyd edir. Belə ki, Əliyev yayadək mövqeyini möhkəmləndirir və Bakı 2016-cı ilin aprelindən sonra yeni irimiqyaslı hərbi hücuma keçir. İyunun 26-da Azərbaycan ordusu 100 illiyini qeyd edir. Bu, rəhbərlik və hərbi komandanlıqdan ötrü yubileyi yalnız hərbi paradla bayram etməməyə yaxşı fürsətdir. “İyun-iyul aylarında Qarabağda cəbhə xəttində gərginlik artacaq. Sual onun müddətinin dörd günlük aprel döyüşlərini kölgədə qoyacağı və daha intensiv müharibəyə keçib-keçməyəcəyidir”, – Mixaylov yazır.

Siyasətçi bu il iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının Bakının “müharibə partisi”nin xeyrinə olacağını iddia edir. Belə ki, Qarabağ münaqişəsində xarici qüvvə olan Rusiyanın başı idman tədbirinə qarışacaq.

“Növbədənkənar seçki təyin etməklə, Əliyev hər iki ssenariyə əl atmaq hüququnu saxlayır”, – siyasətçi yazır (tərcümə AzadliqRadiosunundur).

Fevralın 5-də president İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkiləri təyin edib. Seçkilər aprelin 11-də nəzərdə tutulub.

Ana səhifəAnalitikaTomas de Vaal: Qərar gözlənilməz, ancaq məntiqli idi