Tofiq Zülfüqarov: Prezident deyibsə, deməli, belədir

”Azərbaycan Ermənistana sübut edə bilib ki, apardığı siyasət, yəni işğal olunmuş torpaqların unutdurulmasını qəbul etməyəcək”

Source:


”Azərbaycan Ermənistana sübut edə bilib ki, apardığı siyasət, yəni işğal olunmuş torpaqların unutdurulmasını qəbul etməyəcək”

“Uzun müddətdir Ermənistan-Azərbaycan danışıqlarında iştirak etmədiyimdən prezidentin ötən həftə səsləndirdiyi açıqlama barədə dəqiq heç nə deyə bilməyəcəm. Hər halda prezident deyibsə, deməli, belə bir şey var”.

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov prezident İlham Əliyevin 7 oktyabr müşavirəsində “Bağlı qapılar arxasında nə qədər söhbətlər gedir, bizə nə qədər təzyiqlər göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin” açıqlamasını Meydan TV-yə şərh edərkən belə deyib.

Tofiq Zülfüqarov hesab etmir ki, Azərbaycana təzyiqlər Bakının apardığı zəif diplomatiya ilə bağlıdır: “Müxtəlif səbəblər ola bilər, amma mən daha çox ikili standartlarla əlaqələndirərdim. Fakt budur ki, Azərbaycan əraziləri işğal olunub və bu barədə qətnamələr var,amma işğalçı heç bir sanksiyayla üzləşməyib. Dostlar üçün hər şey, düşmənlər üçün isə ən azı qanun, yaxud qanunsuzluq – siyasətin çoxdankı üzüdür”.

Tofiq Zülfüqarov bildirib ki, məlum təzyiqlərə baxmayaraq, Azərbaycan əvvəlki siyasətini davam etdirməlidir: “Yəni dövlətimizi gücləndirməli, müdafiə imkanlarımızı genişləndirməliyik. Ermənistan aprel döyüşlərindən sonra təşvişə düşmüşdü, həm də həmsədrlər Azərbaycan ordusunun yeni texnologiyalar tətbiq edib bu cür zərbələr endirəcəyini gözləmirdi”.

“Azərbaycan diplomatiyası aprel döyüşlərindən istifadə edə bildimi” sualına gəlincə, sabiq nazir bildirib ki, uğura nail olmaq üçün hərb və diplomatiya üsullarından istifadə olunmalıdır: “Demək olmaz ki, hansısa münaqişə yalnız hərb, yaxud diplomatik vasitələrlə həll olunacaq. Azərbaycan Ermənistana sübut edə bilib ki, apardığı siyasət, yəni işğal olunmuş torpaqların unutdurulmasını qəbul etməyəcək. İrəvan bunu hiss edir və başa düşür. Ona görə Rusiyadan silah ala bilməmələri, yaxud xalqlarının tam şəkildə ordu olması kimi şüarlar səsləndirirlər ki, bunlar təşvişin göstəriciləridir. Bu mənada indiki siyasət davam etdirilməli və ordumuz daha da güclənməlidir. Prezidentin dediyi kimi, ermənilərin disbalansı dəyişməsinə imkan verməməliyik”.

Tofiq Zülfüqarovun qənaətincə, strateji baxımdan Ermənistanın seçdiyi siyasət məğlubiyyətə aparır:”Onlar 80 milyonluq Türkiyə ilə, 10 milyonluq Azərbaycanla düşmənçilik yolunu seçiblər və özlərinin əhalisi də hər gün azalır. Bu baxımdan iki qonşuya tab gətirmək imkanları yoxdur, söhbət vaxtdan və üsullardan gedir, yəni Azərbaycan hansı üsullardan istifadə edəcək”.

“Zaman keçsə də, Dağlıq Qarabağın müstəqilliyi ilə razılaşmaq barədə təzyiqlər Azərbaycana qarşıdır. Bu məqamı necə izah edərdiniz” sualına Tofiq Zülfqarov belə cavab verib:

“Müxtəlif dairələr var və onlar müxtəlif təzyiqlər edə bilərlər, bu, onların baxışlarıdır. Əslində, münaqişənin yarandığı zamandan ikili standart mövcuddur. Sovet illərində bunu görürdük, ermənilərə himayədarlıq vardı, 90-cı illərdə ərazilərimiz işğal olunsa da, Amerika Azərbaycana qarşı 907-ci düzəlişi tətbiq etdi. Bunları yada salarkən, Azərbaycana münasibətdə ikili standartlar bugün yaranmayıb, münaqişə yaranan gündən belə olub”.

Ana səhifəAnalitikaTofiq Zülfüqarov: Prezident deyibsə, deməli, belədir