Daha öncə müğənni Rusiya vətəndaşlığını almaq istədiyini bildirmişdi
“Rammstein” rok qrupunun solisti Till Lindemann Rusiyadakı konsertini ləğv edib.
Müğənni bu haqda “İnstagram”da paylaşıb edib.
O, bu il ərzində verəcəyi konsertlərin siyahısını açıqlayıb.
Lindemann noyabrda “Ich hasse Kinder” turnesi çərçivəsində Kiyev, Riqa, Praqa və Bratislavada konsertlər planlaşdırıb.
İfaçının dekabrın 5-də Novosibirskdə, 11-də isə Moskvada konserti gözlənilirdi.
O, Rusiyadakı konsertlərinin təxirə salınması səbəbini açıqlamasa da, Ukraynada çəkilən fotosunu paylaşıb.
İfaçı ötən il XIV beynəlxalq hərbi-musiqili festival “Spasskaya qülləsi”nin fəxri qonağı olub. Qırmızı meydanda üç orkestrin müşayiəti ilə rusca “Sevimli xalq” mahnısını oxuyub.
Daha öncə Lindemann Rusiya vətəndaşlığını almaq istədiyini bildirmişdi.
Dövlət Dumasının Mədəniyyət Komitəsinin sədrinin birinci müavini Yelena Drapeko isə müsahibəsində ifaçıya vətəndaşlıq verilməsinin mümkün olduğunu demişdi.
Bildirmişdi ki, Rusiya böyük ölkədir. Burada hamıya çatacaq qədər torpaq və sərvət var.
Rusiyanın Ukrayna ərazilərinə hərbi müdaxiləsinə etiraz olaraq “Netflix” Rusiya telekanallarını yayımlamaqdan imtina edib.
Avropa Yayım Birliyi Rusiyanı “Eurovision-2022” müsabiqəsindən uzaqlaşdırıb.
Amerika kinostudiyaları Rusiya kinoteatrlarında filmlərinin yayımını ləğv edib.
Fevralın 24-də Rusiya Ukraynanın Donbas bölgəsində genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.
Bundan sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyaya qarşı sanksiyalar tətbiq edib.