Teymur Kərimovun cəzası 1 il azaldılıb

Teymur Kərimov. Foto: Meydan TV

Prosesdə birinci instansiya məhkəməsinin protokollarına baxışdan sonra belə qərar qəbul edilib

Mayın 15-də “Kanal 11” internet televiziyasının rəhbəri Teymur Kərimovun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bakı Apelyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin protokollarına baxışdan sonra qərar qəbul edilib.

Məhkəmənin qərarı ilə Teymur Kərimovun şikayəti qismən təmin edilib və onun cəzası 1 il azaldılıb.

Teymur Kərimov 2024-cü il dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin onun 2 il jurnalistika fəaliyyəti ilə məşğul olması qadağan edilib.

Teymur Kərimovla birlikdə məhkəmə qarşısına çıxarılan, lakin həbsdə olmayan reportyor İstək Totiyevaya isə iki il sınaq müddəti olmaqla, şərti cəza verilib.

Onların hər ikisi Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə təqsirli bilinib.

Bu iş üzrə Leyla Almaszadə və Fərrux Ələkbərov zərərçəkmiş qismində tanınıb.

İttihama əsasən, Teymur Kərimov və İstək Totiyeva internet kanalından video-materialın silinməsi üçün Fərrux Ələkbərovdan 10 min manat pul istəyib, son nəticədə 1000 manat alıb.

Leyla Almaszadədən də 300 manat pul alınıb.

Leyla Almaszadə isə məhkəmədə ifadəsində bildirib ki, o, problemi işıqlandırmaq üçün özü Teymur Kərimova müraciət edib və ona pul ödəməyib, ondan şikayəti də yoxdur.

Teymur Kərimov bildirib ki, ona qarşı ittihamlar saxtadır, sifarişlə həbs olunub, həbsinin səbəbi isə jurnalist fəaliyyətidir.

Onun fikrincə, qanunsuzluqları ictimailəşdirdiyinə görə bu şəkildə cəzalandırılır.

Ana səhifəSosialTeymur Kərimovun cəzası 1 il azaldılıb