Sərt tənqiddən sonra prezident Elmar Məmmədyarovu vəzifəsindən uzaqlaşdırdı
Prezident İlham Əliyevin iyulun 16-da imzaladığı sərəncamla Xarici işlər naziri Elmar Məmmədyarovu vəzifəsindən uzaqlaşdırıb.
Dövlət başçısının digər sərəncamı ilə Ceyhun Bayramov təhsil naziri vəzifəsindən azad edilərək, Xarici işlər naziri təyin edilib.
1973-cü ildə Bakı şəhərində doğulan Ceyhun Bayramov Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.
1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub.
2013-cü il Təhsil nazirinin müavini, 2018-ci ildə nazir təyin olunub.
Elmar Məmmədyarov 2004-cü ildən Azərbaycanın Xarici İşlər naziri vəzifəsində idi. Buna qədər o, Azərbaycanın İtaliyada səfiri olub. 2019-cu ilin iyul ayında Elmar Məmmədyarov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Prezident İlham Əliyev
15 iyul müşavirəsi
ndə Elmar Məmmədyarovu sərt tənqid edərək, iyulun 12-də Tovuz istiqamətində döyüşlər başlayarkən, onu tapa bilmədiyini deyib. Elmar Məmmədyarov iyulun 15-də olan müşavirədə iştirak etməyib.