Tarkanın yeni mahnısına hakim partiyadan reaksiya

Mənbə: https://www.birgun.net/

“Ərdoğana seçkidə zəmanət verəcəklərini görməyəcək qədər kordurlar”

Son zamanlar müxalif açıqlamaları və paylaşımları ilə gündəmə gələn türkiyəli müğənni Tarkanın gözlənilən “Geççek” adlı klipi yayımlanıb.

Mahnının söz və musiqisi Tarkana, rejissor işi isə İrfan Yıldırıma aiddir.

Klipin yayımından öncə müğənni dinləyicilərinə müraciət edib.

O, yeni mahnısını pandemiyaya, 2021-ci ilin iyul-avqust aylarında Türkiyədəki meşə yanğınlarına, ümumilikdə, son bir neçə ildə dünyada baş verən hadisələrə həsr etdiyini deyib.

“Bir il əvvəl mənəvi olaraq çox ağır anlar yaşadım. Dünyada baş verən üzücü hadisələr, təbiətin məhv edilməsi, pandemiya mənə çox pis təsir edirdi. Həmin an hamımıza çox yaxşı təsir edəcək bir mahnı yazmaq istədim. Kim bilir, bəlkə, bu mahnı bir az təsəlli olar. Əhvalımızı düzəldər, gələcəyə ümid yaradar”, – müğənni bildirib.

İfaçının klipi geniş müzakirələrə səbəb olub. Hətta Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) da mahnıya reaksiya verib.

Partiyanın İstanbul şöbəsinin başçı köməkçisi Həlimə Kökçə “twitter” hesabında bu haqda yazıb.

“Müxalifət olduqlarını zənn etsələr də, tutduqları mövqenin Ərdoğana seçkidə zəmanət verəcəyini görməyəcək qədər kordurlar”, – yazan AKP təmsilçisi sarkazmla Tarkana təşəkkür də edib.

Müxalif cəbhə – Cümhuriyyət Xalq Partiyası üzvləri ilə yanaşı, İYİ partiyanın sədri Maral Akşener də klipi “Çoxu gedib, azı qalıb” tviti ilə paylaşıb.

Tarkan pandemiya başlayandan yaradıcılıq fəaliyyətini dayandıraraq ailəsi ilə birgə Almaniyaya köçmüşdü.
Müğənni ona edilən konsert təkliflərindən də imtina edirdi.

Ana səhifəMədəniyyətTarkanın yeni mahnısına hakim partiyadan reaksiya