Tarkan Türkiyədəki zəlzələyə görə hakimiyyəti günahlandırdı

Mənbə: https://www.birgun.net/

“Əvvəlcədən lazımi tədbirlər görsəydilər…”

“Ölkə səlahiyyətliləri alimlərin xəbərdarlığına əməl edib əvvəlcədən lazımi tədbirlər görsəydilər, zələzələ nəticəsində baş verən dağıntıların miqyası da bu qədər olmazdı”.

Türkiyəli müğənni Tarkan Tevetoğlu “İnstagram” səhifəsində belə yazıb.

Türkiyədə baş verən zəlzələnin ilk günündə Zəlzələdən Yardım Fonduna bir milyon lirə köçürən müğənni günlər sonra səssizliyini pozub.

O, baş verənlərdə hakimiyyəti günahlandırıb.

“Səhlənkarlığın əvəzini bu millət yenə canı ilə ödəməli oldu. Hamımızın bir ürəyə çevrildiyi bir vaxtda, axtarış-xilasetmə qrupları, qeyri-hökumət təşkilatları, sadə vətəndaşlar günlərlə mübarizə apararkən, hakimiyyətdən heç kim səmimi bir kədərlə, vicdanla səhlənkarlıqlarını, xətalarının nəticəsini qəbul etmədi. Əksinə, minlərlə insanın ölümünə səbəb olanları deyil, yardıma qaçanları qurbana çevirirlər. Millətimiz bu münasibətə layiq deyil”, – müğənni bildirib.

Tarkan son illər müxalif açıqlamaları və paylaşımları ilə gündəmə gəlir.

2022-ci il fevralın 22-də “Geççek” adlı klipini təqdim edən ifaçı mahnının pandemiyaya, 2021-ci ilin iyul-avqust aylarında Türkiyədəki meşə yanğınlarına, ümumilikdə, son bir neçə ildə dünyada baş verən hadisələrə həsr etdiyini demişdi.

İfaçının klipi geniş müzakirələrə səbəb olmuşdu. Hətta Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) da mahnıya reaksiya vermişdi.

Partiyanın İstanbul şöbəsinin başçı köməkçisi Həlimə Kökçə “twitter” hesabında “Müxalifət olduqlarını zənn etsələr də, tutduqları mövqenin Ərdoğana seçkidə zəmanət verəcəyini görməyəcək qədər kordurlar”, – yazmışdı.

Fevralın 16-da episentri Türkiyənin Kahramanmaraş şəhəri olan iki zəlzələdə ölənlərin sayı 38 min 44-ə yüksəlib.

108 min 68 nəfərin isə yaralandığı deyilir.

Zəlzələnin təsir etdiyi 10 şəhərdə ən azı 61 722 bina dağıntıdan zərər çəkib.

İndiyədək 481 min 865 bina və 2 milyon 196 min 88 müstəqil tikilinin (ev, mağaza və s.) vəziyyəti qiymətləndirilib.

Ümumilikdə 61 min 722 bina, 263 min 800 müstəqil tikilinin ağır ziyan gördüyü və ya dağıldığı açıqlanıb.

13 min 917 bina, 86 min 673 müstəqil tikili isə orta dərəcədə zədələnib.

Ana səhifəMədəniyyətTarkan Türkiyədəki zəlzələyə görə hakimiyyəti günahlandırdı