Tarixin icra olunan və təxirə salınan hökmləri

Aprel ayında sosial şəbəkələrdə və mətbuatda müzakirə olunan aktual mövzularından biri də Ermənistanda baş verən müxalifətin “məxməri inqilab” adlandırdığı hadisələr oldu

Source:
Paşinyan meydanda
Paşinyan meydanda

Aprel ayında sosial şəbəkələrdə və mətbuatda müzakirə olunan aktual mövzularından biri də Ermənistanda baş verən müxalifətin “məxməri inqilab” adlandırdığı hadisələr oldu.

On gün davam edən inqilabi proses aprelin 22-23-də özünun kuliminasiya səviyyəsinə çatdı, şəhərin mərkəzinə yığışan yüzminlərlə vətəndaş müxalifətə dəstək nümayiş etdirdi, ordu nümayəndələri nümayişçilərin tərəfinə keçdi, on il ölkənin prezidenti olmuş, Baş nazir kimi ölkəyə rəhbərliyi əlində saxlamaq üçün konstitusiya islahatı keçirən, 17 apreldə parlamentdə Baş nazir seçilən Serj Sarkisyan istefa verməyə məcbur oldu.

S.Sarkisyan istefa müraciətində rejimin mahiyyətini və iflasını ifadə edən fikirləri belə səsləndirdi: “Nikol Paşinyan haqlı idi, mən səhv eləmişəm…”.

S.Sarkisyan təkcə özünün səhvini deyil, dolayısı ilə cinayətkarlığını da etiraf etdi. Qarabağ kartindən istifadə edib Ermənistanda hakimiyyətə gələn və bu kartdan istifadə edib Azərbaycan xalqına qarşı da cinayətlər törətmiş S.Sarkisyanın və onun klanının uzun illər davam edən manupilasiya imkanları tükənmiş oldu. S.Sarkisyan və onun klanının Azərbaycan xalqına qarşı bəşəri cinayətlərə yol verməsi məlumdur.

Onun “Nikol Paşiyan haqlı idi” etirafı da təsadüfü deyil. Sarkisyan etiraf etdi ki, onun apardığı siyasət inkişaf prosesinin məntiqinə ziddir, avtoritar rejimin ölkəyə gətirdiyi korrupsiya, işsizlik, yoxsulluq, emiqrasiya və s. kütləvi narazılıqlar toplanaraq ölkədə vulkan püskürməsinə çevrildi, rejim qısa müddətdə, on günə süqut etdi. Əslində, avtoritar rejimlər eyni taleyi yaşayırlar – əmələ gəlir, inkişaf edir, kuliminasiya nöqtəsinə çatır və zahirən ən güclü vaxtında dağılır.

Avtoritar rejimlərin dağılması dünyada gedən qlobal demokratik proseslərlə də bağlıdır. Hazırda dünyada demokratiyanın yeni dalğası başlayıb. Bu proses obyektiv və qarşısı alınmazdır. Nəticədə demokratik düşərgənin arealı genişlənir, avtoritar rejimlər süquta uğrayırlar. Dünyadakı proseslər qlobal xarakter daşıdığından ölkələrdə baş verən hadisələr dünyəvi demokratik proseslərin tərkib hissəsi kimi çıxış edir.

Qloballaşma və inteqrasiya, demokratiya və insan haqlarının təminatı, elmi-texniki inkişaf, insan kapitalının və informasiya texnologiyaları vasitələrinin bütün proseslərdə həlledici faktlara çevrilməsi dünyəvi proseslərin əsas tendensiya və vektorlarıdır. Ölkənin inkişafı və əhalisinin həyat səviyyəsi həmin tendensiyaya uyğun siyasət aparılmasından aslıdır, bu isə yalnız demokratik rejimlərdə reallaşır. Yalnız demokratik rejim insanlara azadlıq verir və onun potensialının reallaşmasına şərait yaradır, demokratiyanın dünyavi xaraker almasının gücü də bundadır.

Avtoritar rejimlər inkişafın məntiqinə uyğun deyil. İnkişafın vektorları və tendensiyaları bu rejimi qəbul etmir.

Ona görə də tarix avtoritar rejimlərin məhv olması üçün hökm çıxarıb. Lakin nəzərə almaq lazımdır ki, tarixin hökmü avtomatik icra olunmur. Tarix hər kəsə seçim azadlığı verir. İnsanlar demokratiyanı, azadlığı səmimiyyətlə, israrla istəməlidirlər. Əks halda tarix hökmün icrasını təxirə salır. Ermənistanda insanlar bunu istədilər. Və hökm qısa müddətdə icra olundu. Mitinq iştirakçılarından biri jurnalistə müsahibəsində insanların istək və tələblərini belə ifadə etdi:

“Biz azad və inkişaf etmiş ölkədə yaşamaq istəyirik”.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəTarixin icra olunan və təxirə salınan hökmləri