Taleh Bağırzadənin həyat yoldaşına qarşı telefon ittihamı

T.Bağırzadə özünü təqsirli bilmir, ittihamların yalan olduğunu, polislərin evdə namaz qıldıqları vaxt insanlara silahlı hücum edib, altı nəfəri qətlə yetirdiyini bildirir

Source: Meydan.TV

''Leyla həyat yoldaşına təzyiqləri, necə nəzarətdə olduqlarını bilə-bilə bunu edərmi?''

Penitensiar Xidmət “Müsəlman Birliyi” Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadənin xanımı Leyla İsmayılzadəni Qobustan həbsxanasına həyat yoldaşı üçün telefon keçirməyə cəhddə ittiham edir. Penitensiar Xidmətin bu barədə yaydığı rəsmi məlumatda deyilir ki, L.İsmayılzadə martın 21-də üç övladı ilə birlikdə həyat yoldaşıyla qısamüddətli görüşə gəlib. Gətirilən sovqata və onların əşyalarına baxış keçirilərkən uşaq çantasının içində oyuncaqların arasından “Samsung” markalı mobil telefon və bir ədəd danışıq kartı tapılıb. Bununla bağlı araşdırmalar başlayıb.

Məlumatı L.İsmayılzadənin özü ilə dəqiqləşdirməyə çalışsaq da, onun telefonu qapalı olub. T.Bağırzadənin yaxınları isə Meydan TV-yə bildirib ki, L.İsmayılzadə hazırda da övladları ilə birlikdə həyat yoldaşı ilə görüşdədir. Yaxınlarının sözlərinə görə, Penitensiar Xidmətin açıqlamasında yanlışlıq var, onlar martın 21-də qısamüddətli yox, uzunmüddətli görüşə gediblər. Uzunmüddətli görüş isə üç gün davam edə bilər.

Ailə üzvləri bildirib ki, martın 21-də evlərinə zəng edib, telefon məsələsini xəbər veriblər: “Yaxşı ki, özləri də düzünü yazıblar, telefon oyuncaqların arasında olub. Babasının köhnə telefonudur, Abbas (T.Bağırzadənin kiçik oğlu) ondan oyuncaq kimi istifadə edir. Görünür, atıb oyuncaqlarının arasına. Zəng eləyib bizə telefon məsələsini xəbər verəndə özlərinə də dedik. Həmişə üçgünlük görüşə gedəndə Abbasın oyuncaqlarını, pal-paltarlarını da aparırlar. Özləri də təsdiqləyə bilərlər. Ola bilsin, diqqətsizlikdən oyuncaqların arasında qalıb. Yoxsa Leyla həyat yoldaşına təzyiqləri, necə nəzarətdə olduqlarını bilə-bilə bunu edərmi?”, – deyə T.Bağırzadənin yaxınları bildirib.

T.Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində həbs olunub. Ona və həmin vaxt həbs olunan digərlərinə qarşı qəsdən adam öldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd də daxil olmaqla, 20-dən çox ağır maddə ilə ittiham irəli sürülüb. İlahiyyatçı 20 il azadlıqdan məhrum edilib. Onunla birlikdə həbs olunan digər şəxslərə də 10 ildən 20 ilə qədər həbs cəzası verilib.

T.Bağırzadə özünü təqsirli bilmir, ittihamların yalan olduğunu, polislərin evdə namaz qıldıqları vaxt insanlara silahlı hücum edib, altı nəfəri qətlə yetirdiyini bildirir.

Ana səhifəXəbərlərTaleh Bağırzadənin həyat yoldaşına qarşı telefon ittihamı