Taleh Bağırzadə: ”Nardaranda polisləri hakimiyyət öldürüb” (Yenilənib)

Avqustun 3-də “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və “Nardaran işi” ilə bağlı həbs edilən 16 nəfərin məhkəməsi davam etdirilib. Prosesdə Fransa, Almaniya və İngiltərənin Azərbaycandakı səfirliyinin nümayəndələri də iştirak edib.

Proses barədə jurnalistlərə açıqlama verən vəkil Fariz Namazlının sözlərinə görə,  öncə vəsatətlər təqdim edilib: “Taleh Bağırzadə ifadəsində bildirdi ki, noyabrın 15-də Nardaranda baş verən hadisə hakimiyyətin təxribatıdır. Ölən polis işçiləri də məhz hakimiyyətin əli ilə öldürülüb”.

“Əli Həsənov xəbər göndərmişdi ki, bunlar Allahşükürün işləridi”

Yasamal polisində məni idarənin yeni rəisi, Səttar Mehbalıyevin oğlu İsfəndiyar Mehbalıyevin yanına apardılar. O, mənə qarşı fiziki zor tətbiq elədi.

Amma sonra buraxdılar. Anladım ki, bunlar bizi təxribata çəkmək istəyirlər, gözləyirlər ki, mənə qarşı elədiklərinə görə biz ayağa qalxaq. Amma mən əksini elədim. Məsələni qanun müstəvisində həll eləmək üçün zorakılıqla əlaqədar prokurorluğa şikayət elədim. Gördülər biz tərəfdən heç kim ayağa qalxmır, üç gün sonra – noyabrın 5-də Sabunçu təxribatını törətdilər. Müavinim Elçin Qasımovu evindən oğurlayıb apardılar, “toka” verdilər. Elçin Qasımovun müdafiəsi üçün idarənin qarşısına gedən dinc adamlara qarşı məqsədli şəkildə təxribat yaratdılar. Noyabrın 7-də telekanallarda, xüsusən Fətullah Gülənin kanalı olan “Xəzər TV”də bizi İŞİD və digər terror təşkilatı, onların liderləri ilə müqayisə edirdilər. Guya, biz terrorçuyuq.

Bundan sonra Əli Həsənov və Kamal Abdullaya yaxın olan bir QHT rəhbəri yanıma gəldi. Bildirdi ki, Əli Həsənov deyir, bütün bunlar Allahşükürün işləridi. Həmin adama dedim ki, Azərbaycanda televiziya məkanına Əli Həsənov özü başçılıq edir. Mənə qarşı zorakılıq edən İsfəndiyar Mehbalıyev Əli Həsənovun qudasının oğludur”.

Tale Bağırzadə deyir ki, Nardaran əməliyyatı Prezident Aparatının mətbəxində hazırlanıb: “Mən bunu “dəvəquşu əməliyyatı” adlandırıram. Başlarını quma salıblar, bədənlərindən xəbərləri yoxdur. Bütün ictimaiyyət, beynəlxalq təşkilatlar gördü ki, Əli Həsənov da daxil olmaqla, Prezident Aparatındakıların hazırladığı ssenari nə qədər primitivdi”.

Nardarana getməsinin səbəblərindən danışan ilahiyyatçı bildirib ki, Milli Qəhrəman Mübariz İbrahimovun ölümünün ildönümü mərasimində ona qarşı təxribat hazırlandığı barədə məlumat alıb. Ona görə də mərasimdə iştirak etməmək və ümumiyyətlə, bir müddət şəhərdən uzaqlaşmaq qərarı verib: “Biz təxribata getmirdik. Çünki mübarizəmiz dinc, sivil olub. Heç bir xarici qurumla bağlılığımız olmayıb. Bunları da təlaşlandıran elə bu idi. Bizi ömürlük həbsə atmaq üçün ssenari düzüb-qoşublar. Amma onu unutmasınlar ki, özləri də ömürlük hakimiyyətdə qalası deyillər. Bizim mübarizəmiz isə həbsdə də davam edir. Seçib iki dindar polisi, dinc adamları öldürdülər. Əgər günahımız varsa, biz, yoxdursa, o zaman bu hadisələri törədənlər, bu maddələri bizə verənlər şərəfsiz, alçaqdılar. Mənim heç bir çıxışımda silahlı çevrilişə çağırış barədə bir kəlmə də yoxdur.

Mən həbsdən çıxandan sonra verdiyim müsahibələrdə, çıxışlarımda bildirmişəm ki, Azərbaycanda islam dövləti qurmaq qeyri-mümkündür. Nə qədər həyasız olmalısan ki, bunun əksini yazasan. İstintaqı aparanlar o qədər savadsızdılar ki, 12-ci İmam duası eləməyimi çevrilişə cəhdin sübutu kimi təqdim ediblər. Bu gün Allahşükür, digər saray mollaları da bu duanı oxuyur, indi onları da tutmaq lazımdır?!

Qurana and içirik ki, bu maddələrin heç birinin bizə aidiyyəti yoxdur. Əgər bizdə silah olubsa, Quran bizə qənim olsun. Əks halda, bu ssenarini quranlara, günahsız adamları qətlə yetirən, işgəncə verənlərə qənim olsun. Qoy gəlsinlər, burada Qurana and içsinlər ki, bizdən silah çıxıb. Əlimi Qurana basaram ki, günahsız qardaşlarımızın da, o iki polisin də ölümü Daxili İşlər Hazirliyinin üzərindədir”.

İlahiyyatçı cinayət işinin materiallarında olan “Hacı Tale Bağırzadənin müraciəti” adlı kitabçadan da danışıb: “Yazıblar ki, guya, o kitabça hamımızın evimizdən çıxıb. Yalandır. Ümumiyyətlə, belə bir kitabça olmayıb. Onu 26 noyabrdan sonra özləri hazırlayıblar. Eşitdiyimə görə, hüquq müdafiəçisi adlandırılan bəziləri artıq-əskik danışıblar. Heç kim artıq danışmasın, həqiqəti bilmək istəyirsə, bu məhkəməyə gəlsin. Düzdür, bu məhkəmənin sonda hadisələrə obyektiv qiymət verəcəyinə inanmıram. Amma ən azı, burada həqiqət üzə çıxır. İnanıram ki, bizim mübarizəmiz nəticəsini verəcək, bir gün bu hakimiyyət bu elədiklərinə görə qanun qarşısında cavab verəcək. Biz ianı toplayıb, uşaq evlərinə, kasıb ailələrə yardım edirdik. Təsəvvür edin, uşaq evinə yardım aparmışıq, ertəsi gün MTN ora basqın edib ki, niyə bunları içəri buraxmısız”.

Tale Bağırzadə həbs olunub aparılarkən maşında, ondan sonra da Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində həm özünün, həm də digər yoldaşlarının işgəncəyə məruz qalmasından da danışıb: “Bütün ifadələr işgəncə altında alınıb. Məni “bandotdel”də döyəndə deyirdilər ki, deyirdin, arxanda Allahın var, bəs nə oldu? Mən də ona cavab verdim ki, məni saxlayan Allah var ki, sənin kimisinin qarşısında sınmıram. 26 noyabrda biz namaz üstündə idik. Küçədən silah səsləri gəldi. Qara maskalılar güllə ata-ata içəri hücum elədilər. Mebel maşınları ilə gəlmişdilər.

Məni qandallayıb mebel maşınına mindirəndə dəhşətə gəldim. Cəsədlər, üz-gözü qan olan adamları tapdalayırdılar. Hacı Fərahim qardaşımız tam sağlam idi, onu maşında döyə-döyə öldürdülər. Məni maşına atandan sonra əllərindəki silahların arxası ilə başıma, üz-gözümə vururdular, elə orada burnumu sındırdılar. Aparıb bizi “bandotdel”də yerə atıb təpikləyirdilər. Üç gün özümdə olmadım. Hətta prokurorluğun müstəntiqi gəlib məni görəndə onlara dedi ki, “daha bu qədər də eləməyin də… “Dubinka” ilə ayağımın altına o qədər vurmuşdular ki, gəzə bilmirdim”.

Tale Bağırzadə vurğulayıb ki, onların heç birində silah olmayıb: “İşgəncə verib yalan ifadə almaqla deyil, ortaya çübut qoysunlar. Hanı əməliyyatın çəkilişi? Bizim üstümüzə qoyduqları silahlarla Qarabağı almaq olardı. Əgər biz o evdə dövlət çevrilişi hazırlayırdıqsa, orada qadın, körpə uşaqlar nə gəzirdi? Hə qədər vicdansızdılar ki, hücum zamanı avtomatı uşaqlara da tuşlayıblar. Əvvəl başladılar ki, İrana işləyirsiz, sonra Milli Şuraya keçdilər, axırda da dedilər ki, imkanlı adamların adlarını de bizə”.

AXCP sədri Əli Kərimli məhkəmədə olanları şərh edərkən bildirib ki, Taleh Bağırzadə günlərlə işgəncəyə məruz qalıb və ondan AXCP və Milli Şura əleyhinə ifadələr verməyə məcbur edilib:  “Görüblər ki, Taleh Bağırzadədən istədikləri ifadəni ala bilmirlər, ona görə də Fuad Qəhrəmanlını şərləyərək Facebook statuslarına görə həbs ediblər”.

Həbs edilən Abbas Hüseynin bacısı Yasəmən Hüseyn deyib ki, məhkəmədən ədalət gözləyir. O, Abbas Hüseynin səhhətinin yaxşı olduğunu bildirib.


Fasilədən sonra davam edən prosesdə təqsirləndirilənlərdən Abbas Hüseyn danışıb. Vəkil Fariz Namazlının sözlərinə görə, Abbas Hüseyn özünü təqsirli saymayıb, baş verənlərin əvvəlcədən yazılmış ssenari olduğunu vurğulayıb. O, işgəncələrə məruz qaldığını da söyləyib:

“Abbas Hüseynov ifadəsində bildirdi ki, noyabrın 26-da onlar tərəfindən heç bir silahlı qarşıdurma yaradılmayıb.Namaz qılarkən atışma səsi eşidib. Sonra qara maskalı şəxslər otağa daxil olu, namaz qılanları döyə-döyə maşına aparıblar.”


“Cahangir Hacıyev mənə verilən işgəncələrə şahiddi”

Abbas Hüseynov ona verilən işgəncələrlə əlaqədar Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin şahid qismində məhkəmədə dindirilməsini istəyib: “Çünki həmin vaxt o da “bandotdel”də idi və mənə verilən işgəncələri, bədənimdəki xəsarət izlərini görüb”.

Tale Bağırzadə də Abbas Hüseynovun dediklərini təsdiqləyib: “Bandotdel”də qardaşlarımızın işgəncədən qışqırtıları məni narahat edirdi. Abbasın da səsini eşitdim, müstəntiqə dedim ki, Abbası çağırın, ona deyəcəm ki, tələb olunan ifadəyə qol çəksin. İnsanları öldürmək olmaz, gecə səhərə qədər qışqırıq səsləri gəlirdi”.

Abbas Hüseynovun sözlərinə görə, yanvar ayında ondan işgəncə altında istədikləri ifadəni alandan sonra evlərilə telefonla əlaqə saxlamasına imkan verilib: “Bu hakimiyyətin əli nə qədər insanın qanına batıb. Bu cür hakimiyyəti necə müdafiə edirsiz?”

Vəkilin sözlərinə görə, Abbas Hüseynova Baş Cinayətkarlıqla Mübarizə İdarəsində də işgəncə verilib.

“Uzun müddət onun barəsində kütləvi informasiya vasitələrində ölüm xəbəri yayılmışdı. Abbas Hüseyn belə şərh edir ki, ona etirafedici ifadələr yazdırmaq üçün belə bir xəbər yayılıb ki, guya o ölüb. Hakimiyyətə qarşı çevriliş məqsədi ilə silahlı dəstə yaratmaqda və digər hadisələri törətməklə bağlı ifadələrə qol çəkəndən sonra artıq onun sağ olması barədə xəbərlər yayılıb, ona ailəsinə zəng etməyə icazə verilib”.

“Müsəlman Birliyi” Hərəkatının rəhbəri T.Bağırzadə ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat zamanı saxlanıb. O, CM-in 120 (qəsdən adam öldürmə) 228.3 (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4 (qanunsuz olaraq silah gəzdirmə) və digər ağır maddələri ilə ittiham olunur.

AXCP sədrinin müavini F.Qəhrəmanlı isə Nardaran hadisələri ilə bağlı özünün Facebook səhifəsində yazdığı statuslara görə ötən il dekabrın 8-də həbs edilib. O, CM-in 281 (dövlət əleyhinə açıq çağırışlar), 283 (milli, irqi, sosial və ya dini nifrətin, düşmənçiliyin salınması) və 220.2 (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara çağırışlar etmə) maddələri ilə günahlandırılır.

Ötən il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində silahlı əməliyyat keçirib. Nardaran hadisələri zamanı 2-si polis olmaqla 7 nəfərin həlak olduğu bildirilir. Həmin gün T.Bağırzadə və onun 14 tərəfdarının həbs edildiyi söylənir. Hadisə zamanı Abbas Hüseyn də yaralanıb.

Həmin vaxt rəsmi və hakimiyyətyönlü mətbuatda bildirilirdi ki, Nardaran qəsəbəsində dini radikal qüvvələr kök salıb.

Ana səhifəVideoTaleh Bağırzadə: ”Nardaranda polisləri hakimiyyət öldürüb” (Yenilənib)