İlahiyyatçının Netanyahunun Azərbaycana səfərinə etiraz olaraq aclıq aksiyasına başladığı deyilir
12 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadənin karserə salındığı bildirilir
Bu barədə sosial mediada məlumatlar yayılıb.
Məlumata görə, ilahiyyatçı Hacı Taleh Bağırzadə İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinə etiraz olaraq ötən gün (1 may) aclıq aksiyasına başlayıb. İlahiyyatçı həmçinin çağırış edərək hər kəsi etiraza dəvət edib.
Bu səhər həbsxana rəhbərliyi onunla görüşərək ondan aclığı dayandırmasını istəyib.
Taleh Bağırzadə isə uşaq qatili, insanlıq əleyhinə saysız cinayətlər edən bir şəxsin ölkəsinə gəlişinə etirazını davam etdirəcəyini bildirib. Bundan sonra rəhbərlik tərəfindən onun cərimə kamerasına salınmasına göstəriş verilib.
Məlumata görə, hazırda ilahiyyatçı 12 saylı cəzaçəkmə müəsisəsində karserdədir.
Penitensiar Xidmətdən məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.
İsrailin Baş naziri Benyamin Netanyahunun mayın 8-də Azərbaycana rəsmi səfəri gözlənilir.
Nardaran hadisələri zamanı həbs olunan Taleh Bağırzadə 10 ilə yaxındır həbsdədir. Dövlət çevrilişinə cəhd, silah-sursat saxlama, qəsdən adam öldürmə kimi maddələrlə suçlanan ilahiyyatçı 20 il azadlıqdan məhrum edilib.
Taleh Bağırzadə ittihamları qəbul etmir, siyasi göstəriş əsasında həbs olunduğunu bildirir.