Təyyarədə xəsarət alanlara 20 min, həlak olanların ailələrinə 40 min ödəniləcək 

People lay flowers to commemorate victims of an Azerbaijan Airlines’ Embraer passenger plane crash near the Kazakh city of Aktau, at a memorial installed outside an airport in Baku, Azerbaijan, December 26, 2024. REUTERS/Aziz Karimov

Yaralılardan 7 nəfər Bakıya gətirilib, 4 nəfərin isə nəşi gətiriləcək 

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanlardan 7 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilib.

Yaralıları həkim briqadasının müşayiəti ilə Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə gətiriblər.

Fövqəladə hallar nazirinin müavini Adil Abdullayev jurnalistlərə deyib ki, təyyarədə həlak olan 4 nəfərin nəşi bu gün, dekabrın 26-da AZAL-a məxsus təyyarə ilə Bakıya gətiriləcək.

AZAL isə təyyarə qəzasında xəsarət alanların hər birinə 20000 manat, vəfat edənlərinsə ailələrinə 40000 manat kompensasiya ödəyəcək.

Bununla yanaşı, bütün sərnişinlər Azərbaycan Respublikası qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi alacaqlar. 

Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğradığı yerdə daha bir qara qutunun tapıldığı bildirilir.

Qazaxıstanın Mangistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev təyyarənin qəzaya uğraması ilə bağlı Astanada keçirdiyi brifinqdə bildirib.

Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev isə AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı heç bir versiyanı təsdiq və ya təkzib edə bilməyəcəklərini deyib.

Baş nazir bildirib ki, istintaq davam etdiyi müddətdə nəsə demək tezdir.

O əlavə edib ki, qara qutu tapılaraq araşdırmaya təqdim edilib.

“İdarələrarası istintaq qrupu yaradılıb. Məhkəmə ekspertləri, həmçinin Aviasiya Administrasiyasının ekspertləri hava insidentini araşdırır. Cinayət işinin tərkib hissəsi kimi bütün sübutları toplayacaqlar, lazımi ekspertiza aparacaqlar və müvafiq olaraq təyyarənin düşmə səbəbi öyrəniləcək. “Embraer” şirkətinin nümayəndələrinin Aktauya gəlişi gözlənilir. Qara qutu deşifrə ediləcək və təbii ki, biz bununla bağlı məlumat verəcəyik”.

“Bizə təyyarənin quşla toqquşması, yaxud içəridə partlayış olması ilə bağlı rəy verəndən sonra nəticə çıxarmaq olar. Jurnalist təxminləri və araşdırmaları bəzi hökumət mənbələrinə əsaslanır. Azərbaycandan olan həmkarlarımızla daim əlaqə saxlayırıq. Hələ heç kim bizə heç bir versiya deməyib. Nə Rusiyadan, nə də Azərbaycandan rəsmi olaraq bizə heç bir versiya daxil olmayıb. Ona görə də heç bir versiyanı təkzib etmək mümkün deyil”, – Qazaxıstanın Baş naziri deyib.

Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev deyib ki, Aktau hava limanında təcili xidmətlər təyyarəni qəbul etməyə hazır olub.

Nəqliyyat nazirinin dediyinə görə, təyyarə hava limanının uçuş-enmə zolağına yaxınlaşmaq üçün iki dəfə cəhd edib.

“Bu müddət ərzində təyyarənin hündürlüyündə xaotik dəyişikliklər müşahidə edilib. Xüsusilə də təyyarə yan tərəfə əyilib. Saat 11:28-də ekipajla əlaqə kəsilib və təyyarə qəzaya uğrayıb”, – Qazaxıstanın nəqliyyat naziri deyib.

25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau  istiqamətinə yön alaraq, şəhərin yaxınlığında qəzaya uğrayıb. 

Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişinlə ümumilikdə 67 nəfər olub. 

Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.

Qəzanın səbəbləri araşdırılır.

Ana səhifəXəbərlərTəyyarədə xəsarət alanlara 20 min, həlak olanların ailələrinə 40 min ödəniləcək