”
Problemlərin aradan qaldırılması məqsədilə qeyri qanuni tiklən “Cavid” ticarət mərkəzinin sökülərək yerində müasir tipli avtodayanacaq tikiləcək”
Yanvarın 10-da Sumqayıt şəhərinin Sülh küçəsindən “Göyərçin” abidəsinə qədər yerləşən ticarət obyektlərinin sahibləri aksiya keçiriblər və aksiya bu gün də davam edib. Artıq iki gündür azad mətbuat şəhərdə baş verən narazılığı işıqlandırsa da, şəhər icra hakimiyyəti olaylara susqun yanaşır.
Nəhayət, bu gün Sumqayıt şəhər İcra Hakimiyyətindən Xeberle.com portalına rəsmi açıqlama verilib.
Meydan TV açıqlamanı olduğu kimi təqdim edir:
2015-ci ilin sentyabr ayından başlayaraq Sumqayıt şəhərində həyata keçirilən abadlıq, quruculuq və yenidənqurma işləri daha böyük zövqlə, bütün müasir tələblərə cavab verəcək şəkildə davam etdirilməkdədir. Şəhərin simasının daha gözəl şəkildə dəyişməsinə, xüsusən də şəhər əhalisinin rifahına xidmət edən bu möhtəşəm işlər hər bir Sumqayıt sakinin ürəyincədir. Lakin bütün bunlara baxmayaraq Sumqayıtın mərkəzi küçələri daxil olmaqla bəzi ərazililərdə şəhərin baş planına uyğun olmayan, həmçinin memarlıq və mənzil istismar qaydalarını kobud şəkildə pozan, magistral qaz, su, kanalizasiya borularının və telekommunikasiya xətlərinin üzərində tikilmiş bir çox qanunsuz tikilən obyektlər fəaliyyət göstərməkdədir. Xüsusi ilə də şəhərin giriş hissəsi sayılan Sülh küçəsi istiqamətində, “Ən Ucuz Market” adlanan ticarət mərkəzi də daxil olmaqla Heydər Əliyev prospektinə qədər olan ərazidə yerləşən obyektlər, qanunsuz tikilən obyektlərin cərgəsinə daxildir.
Belə ki, həmin obyektlərin şəhərin baş planına uyğun olmaması, magistral su, kanalizasiya boruları və telekomunikasiya xətlərinin üzərində yerləşməsi, xüsusən də yaşayış binalarına çox yaxın məsafdə tikilməsi, bina sakinlərinin istirahət hüququnu pozmaqla yanaşı, yaşayış binalarının təhlükəsizlik-mühafizə zolağı xəttini ciddi şəkildə pozmuşdur ki, bu halda binada baş verə biləcək istənilən yanğın hadisəsi zamanı yanğın söndürən maşınların manevr etməsinə imkan vermir. Bu da haqlı olaraq bina sakinlərinin narazılığına səbəb olmaqdadır. Bütün bunları nəzərə alan Sumqayıt şəhər İcra Hakimiyyəti bu qanunsuz tikilən obyektlərin sökülməsini zəruri sayır. Söküləcək obyektlərin yerində isə şəhər əhalisinin xoş istirahətini təmin etmək məqsədilə yaşıllıqların, parkın salınması, binaların fasadlarının isə müasir üslubda daş üzlüklərlə üzlənməsi nəzərdə tutulur. Bəzi kütləvi informasiya vasitələrində əsassız olaraq 170, bəzilərində isə 200 obyektin söküləcəyi barədə yanlış məlumatlar yayımlanmaqdadır. Lakin rəsmi olaraq bildiririk ki, söküləcək qeyri-qanuni obyektlərin sayı 17-dir. Eynilə ilə onu da qeyd etmək istərdik ki, heç də bizə uzaq olmayan bir tarixdə, həmin adıçəkilən küçədə çoxyaşlı ağacların kəsilərək yerində obyektlərin tikilməsinə şəhər əhalisi ilə yanaşı, bir çox KİV-lər də öz etirazlarını bilidirmişlər.
Bununla yanaşı, Sülh küçəsinin hərəkət zolağında avtomobillərin qeyri-qanuni park edilməsi, həmin yolda tıxacların yaranmasına və əhalinin avtomobil yollarından keçməsində ciddi problemlər yaradırdı. Şəhər sakinlərinin haqlı narazılığına səbəb olan bu məsələnin həlli istiqamətində ilkin olaraq Sülh küçəsində avtomobillərin yol kənarında park edilməsi qadağan edilmişdir. Lakin atılan bu addım da problemi birdəfəlik həll etməmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, bu problemin yaranmasının əsəs səbəbi, hələ Sovetlər Birliyi dönəmindən Sülh küçəsində məhz avtodayanacaq kimi fəaliyyət göstərmiş ərazidə “Cavid” ticarət mərkəzi adlanan qeyri-qanuni obyektin tikilməsidir. Bu barədə dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyətinə vətəndaşlardan həm fərdi, həm də kollektiv şəkildə şikayətlərin daxil olmasını da xüsusi vurğulamaq lazımdır. Məhz bunları nəzərə alan Sumqayıt şəhər İcra Hakimiyyəti bütün bu problemlərin aradan qaldırılması məqsədilə qeyri qanuni tiklən “Cavid” ticarət mərkəzinin sökülərək yerində müasir tipli avtodayanacağın tikilməsini zəruri sayır.