Sülhəddin Əkbər: ”Rusiyanın məqsədi Azərbaycanda öz hərbi iştirakını legitimləşdirməkdir”

Rəhim Qazıyev: ”Ümumi səfərbərlik elan etmək vacib idi”

Source:
Rəhim Qazıyev


Rəhim Qazıyev: ”Ümumi səfərbərlik elan etmək vacib idi”

Sabiq müdafiə naziri Rəhim Qazıyev cəbhə bölgəsindəki durumu Meydan TV-yə şərh edərkən bildirib ki, başlanan əməliyyat dayanmamalı idi: “Çox təəssüf ki, Müdafiə Nazirliyi atəşı dayandırmaq əmri verdi. Məsələ ondadır ki, Azərbaycanın beynəlxalq hüquq və daxili qanunları işğal altındakı ərazilərini azad etmək səlahiyyəti verir. Hətta ümumi səfərbərlik elan etmək vacib idi. Bugünlərdə şəhid olanların ruhu qarşısında baş əyir, yaralananların Allahdan şəfa diləyirəm”.

Keçmiş nazir son günlər Rusiyanın mövqeyinin daha çox narahatlıq yaratdığını deyir: “Moskva heç vaxt bizə qarşı səmimi olmayıb, bu gün də həmin münasibəti sərgiləyir. Rusiyanın bu məsələdə hər hansı addımı Azərbaycana ancaq zərbə ola bilər. Birdəfəlik bilməliyik ki, Rusiya bizim müstəqilliyimizə və ərazi bütövlüyümüzün bərpasına qarşıdır. Düzdür, Rusiya ilə normal qonşuluq münasibətlərimizi saxlamalıyıq. Amma hər şeyi öz adıyla çağırmalıyıq, xüsusən Qarabağ məsələsində Ermənistana açıq dəstəyini bildirən Rusiyanın bizə satdığı silahların çatışmazlıqları çox ola bilər. Hərbçilərimiz bu məsələdə ayıq olmalıdır”.

O, Rusiya informasiya vasitələrinin mövqeyində yenilik görmədiyini bildirib: “Mən nazir olanda da, Rusiya KİV-i Ermənistana açıq dəstəyini gizlətmirdi. Şimal ölkənin KİV-ləri və siyasi dairələri Azərbaycana olan nifrətlərini zaman-zaman büruzə verirlər. Bununla bağlı hələ dövrdə müstəqil olan NTV-nin əməkdaşı Mitkovaya dəfələrlə zəng edib etirazımı ifadə etmişəm. Bəli, Rusiya böyük dövlətdir, amma bu, o demək deyil ki, qonşularını ayaq altına alıb əzməlidir”.

Azad Demokratlar Partiyasının sədri, keçmiş MTN-nin birinci müavini Sülhəddin Əkbər də Rusiya ilə bağlı ümumi qiymətləndirməyə qatıldığını deyib.

Sülhəddin Əkbər

O, bu barədə Meydan TV-yə danışarkən bildirib ki, Ermənistan və Azərbaycan dövlət başçılarının Vaşinqtonda olduğu zaman atəşkəsin pozulması diqqəti şimal tərəfə çəkir: “Moskva bununla həm münaqişə tərəflərinə, həm də Qərbə regionda söz sahibi olduğunu göstərmək istəyir. Azərbaycan Rusiyanın bu təhriklərinə getməməlidir, məni daha çox bu məsələ narahat edir. Əldə olunan kiçik uğurlardan çaşmamlıyıq”.

Sülhəddin Əkbər düşünür ki, Rusiyanın başlıca məqsədi konflikti yaradıb, sonra humanitar müdaxilə, yaxud sülhə məcbur etmə adıyla münaqişə bölgəsinə girib Azərbaycanda öz hərbi iştirakını legitimləşdirməkdir. Ona görə çox diqqətli olub, aktiv müdafiəyə keçməliyik və bu mənada Müdafiə Nazirliyinin atəşi dayandırmaq qərarı düzgündür”.

Ana səhifəAnalitikaSülhəddin Əkbər: ”Rusiyanın məqsədi Azərbaycanda öz hərbi iştirakını legitimləşdirməkdir”