”Görünür, Moskva istəyir arbitr rolunda çıxış etsin”
“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan və Azərbaycan liderləri arasında son danışıqlar az da olsa ümid yaradır”. Bu barədə “Stratfor” Araşdırmalar Mərkəzi üç prezidentin Dağlıq Qarabağla bağlı Sankt-Peterburq görüşünün yekunlarına dair analitik məqaləsində bildirir.
Daha sonra qeyd edilir: “Görüşün yekunlarına dair birgə bəyanatda münaqişə zonasına daha çox beynəlxalq müşahidəçinin cəlbinə çağırılır və danışıqların bütün tərəflərinin mövcud atəşkəs sazişindən razı olduqları vurğulanır. Ancaq sülhə yönələn bu diplomatik gedişlərə baxmayaraq, münaqişənin kökündə duran məsələlər həll edilməmiş qalır.
Aprel döyüşlərindən sonra Bakı nisbətən kiçik ərazini tutsa da, bu toqquşmalar dondurulmuş münaqişəni alovlandırdı, diplomatik vasitəçilik prosesini də gücləndirdi”.
“Rusiyanın münaqişə ilə bağlı mövqeyi daha bir çətinlik yaradır. Ermənistanın strateji müttəfiqi olan Rusiya son aylar Azərbaycanla sıx əlaqələr qurub və aprel döyüşləri zamanı Ermənistan tərəfdən müdaxilə etməyib.
Moskva heç bir tərəfi tutmayıb və özünü danışıqlara həsr edib. Görünür, Rusiya Dağlıq Qarabağda vəziyyəti idarəolunan böhrana çevirmək istəyir. Elə bir böhrana ki, daşıb tökülmədən qaynamada olsun, Moskva isə arbitr rolunda çıxış etsin. Bu strategiya ikili funksiya daşıyır. Bir tərəfdən Türkiyə və Qərb kimi xarici qüvvələrin təsirini azaldır, digər tərəfdən, Moskvanın Ermənistan və Azərbaycan üçün əhəmiyyətini təsdiqləyir”, – yazıda deyilir.
“Hələlik bu vasitəçilik cəhdləri səmərəli olub. Atəşkəsin pozulması halları azalıb, döyüşlər səngiyib. Ancaq bu nisbi sakitliyin saxlanmasına zəmanət yoxdur.
Danışıqlar bir az vaxt qazandırdı, nəfəs almağa imkan verir. Amma onların nəticəsiz qaldığını görən Azərbaycanın səbri tükənə bilər. Sülh danışıqları mübahisəli ərazilər ətrafında strateji ziddiyyəti aradan qaldırmayınca regionda zorakılığın eskalasiyası potensialı qalacaq”, – “Stratfor” yazır.
Turan IA