“Starlink” şəbəkəsi dünyanın istənilən yerindən internetə çıxış təmin edir
“Starlink” genişzolaqlı peyk internet xidməti Azərbaycanda istifadəyə verilib.
Bu barədə “Starlink”in məxsus olduğu “SpaceX” şirkətinin yaradıcısı və baş direktoru İlon Mask özünün “X” sosial şəbəkə hesabında məlumat verib.
“Starlink” qlobal peyk rabitə sistemidir. O, “SpaceX” tərəfindən dünyanın istənilən yerindən yüksək sürətli genişzolaqlı internet təmin etmək üçün tətbiq edilir. Amerikalı sahibkar İlon Maska məxsusdur. Peyk buraxılışları “SpaceX” raketləri ilə həyata keçirilir.
Şəbəkənin terminalları rabitə infrastrukturu inkişaf etməmiş uzaq və əlçatmaz regionlarda siqnal qəbul etmək qabiliyyətinə malikdir. Trafik sürəti 1 Gbit/s təşkil edir ki, bu da beşinci nəsil mobil rabitə standartına (5G) uyğundur.
2022-ci ilin sentyabrında İlon Mask “Starlink” şəbəkəsinin bütün qitələrdə fəaliyyət göstərdiyini açıqlayıb. Şəbəkə hazırda ABŞ, Kanada, Avstraliya, Avropa, bəzi Latın Amerikası və Afrika ölkələrində var.
2023-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliklə (“Azərkosmos”) “SpaceX” şirkəti (Space Exploration Technologies Corporation) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə ABŞ şirkətinin “Starlink” genişzolaqlı peyk internet xidmətinin Azərbaycanda təkrar satışını nəzərdə tuturdu.