Film Poznanda keçirilən festivalda 13 filmlə yarışıb
Azərbaycan istehsalı olan “Sonuncu” sənədli filmi “OFF CINEMA” 25-ci Beynəlxalq Sənədli Film Festivalında “Bürünc Qəsr” (“Bronze Castle”) mükafatına layiq görülüb.
Bu barədə məlumatı Mədəniyyət Nazirliyi
yayıb
.
Bildirilir ki, “Sonuncu” Polşanın Poznan şəhərində keçirilən festivalın tammetrajlı sənədli filmlər müsabiqəsində 13 filmlə yarışıb.
Film Neftçala yaxınlığında yerləşən Kür dili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir.
Baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur.
Təsvir rejissoru isə Polşadan dəvət edilmiş kino mütəxəssisi Mateuş Çuxnovskidir.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və “Salnaməfilm” Studiyası tərəfindən istehsal olunmuş “Sonuncu” sənədli filmi həmçinin noyabrın 13-dən 20-dək Polşanın Torun şəhərində keçiriləcək 29-cu “ENERGACamerimage” Beynəlxalq Film Festivalının qısametrajlı sənədli filmlər üzrə müsabiqə bölməsində də yarışacaq.