“Zelenskiyə dedim ki, heykəli saxla və…”
Amerikalı aktyor, kinorejissor və ssenarist Şon Penn Ukraynadakı hərbi əməliyyatlardan danışıb.
O, “Variety” nəşrinə müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenskiyə olan rəğbətindən söz açıb.
Əlavə edib ki, bu ilin əvvəlində Amerika Kino Akademiyasının “Oskar” mükafatının təqdimetmə mərasimində Zelenskinin çıxışına növbəti dəfə razılıq vermədiklərinə görə çox qəzəblənib.
“Harvey Milk” və “Mystic River” filmlərində baş rollara görə “Oskar” mükafatı alan Şon Penn heykəlciklərdən birini Zelenskiyə verib.
“Əvvəlcə istədim ki, heykəlcikləri Ukraynaya verim, əridib güllə düzəltsinlər, sonra da ruslara atəş açsınlar. Lakin fikrimi dəyişdim, heykəlin birini Zelenskiyə hədiyyə etdim. Dedim ki, heykəli saxla və bütün bunlar bitəndən, ölkə təhlükəsizlikdə olandan sonra Malibuya geri gətir”, – Şon Penn deyib.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb və bundan sonra bir sıra beynəlxalq əhəmiyyətli mədəniyyət tədbirlərindən kənarlaşdırılıb.
Ukrayna Prezidenti Volodimir Zelenski isə beynəlxalq mədəni tədbirlərdə videomüraciətlə çıxışlar edərək dünyanın diqqətini ölkəsində baş verən hərbi əməliyyatlara cəlb etməyə çalışıb.
Zelenskinin 2022-ci ildə “Qremmi” mərasimində videomüraciəti də bu qəbildəndir.
O, 2022-2023-cü illərdə isə Amerika Kino Akademiyasının “Oskar” mükafatının təqdimetmə mərasimində çıxış üçün müraciət etsə də, imtina cavabı alıb.
Şon Penn müharibənin ilk günlərindən Ukrayanaya dəstək olur. Hətta müharibə başlayandan bir gün sonra Kiyevə gedib, Zelenski ilə görüşüb.