”SOCAR-ın Türkiyəyə investisiyaları 20 milyard dolları ötəcək”

İlham Şaban: ”STAR zavodu neftin qiymətindən asılı olaraq ildə 6,5-8 milyard dollar gəlir əldə edəcək”

Source:
Rövnəq Abdullayev
Rövnəq Abdullayev


İlham Şaban: ”STAR zavodu neftin qiymətindən asılı olaraq ildə 6,5-8 milyard dollar gəlir əldə edəcək”

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyəyə yatırdığı investisiyalar 20 mlrd. dolları ötəcək və bu investisiyalar Türkiyəyə böyük fayda verdiyi kimi, Azərbaycana da fayda gətirəcək.

Bu açıqlamanı SOCAR-ın prezidenti

Rövnəq Abdullayev

“CNN Türk” kanalına müsahibəsində səsləndirib.

SOCAR prezidenti deyib ki, 100 faiz dövlətə məxsus olan şirkətin ən böyük investisiyalarını Türkiyəyə yatırması siyasi qərar idi və Azərbaycan dövlətinin istəyidir.

O xatırladıb ki, 2008-ci ildə SOCAR 2,040 mlrd. dollar ödəyərək özəlləşdirmədə “Petkim”i (51%) alıb və bundan sonra Türkiyədə investisiyalara başlayıb:

“Biz “Petkim”i alanda liman inşası, neft emalı zavodunun inşası, böyük təsis yaradılması kimi, böyük planlarımız var idi. “Petkim”ə 7-8 ildir ki, hər il 100 milyonlarla dollar investisiya yatırırıq. 2011-ci ildə STAR neft emalı zavodunun tikintisinə başladıq. STAR işə düşdükdən sonra dövriyyəsi ildə 6-8 mlrd. dollar olacaq və neft məhsullarının idxalında Türkiyənin cari kəsirini 1,5 mlrd. dollar azaldacaq. STAR həm də Türkiyədə sənayenin inkişafında böyük rol oyandı. Təkcə zavodun tikintisi zamanı burada 20 min nəfər çalışıb, 2 min 700 şirkət işlərə cəlb edilib, ən əsası 2008-ci ildə Əliağada 80 min nəfər yaşayırdısa, bu gün burada 180 min nəfər yaşayır. Burada yeni şəhər yaradılıb. Əliağa indi “Petkim”ə birləşib. Bu, Türkiyənin iqtisadiyyatına, sənayeyə böyük təkan verib”.

SOCAR prezidenti “Petkim”in Türkiyənin neft-kimya sektorunda bazar payının 25 faiz təşkil etdiyini bildirib:

“İnvestisiyası 3 mlrd. dollar nəzərdə tutulan Aromatiklər fabrikinin inşası ilə Türkiyənin neft-kimya sektorunda bazar payımız 45 faizə çatacaq”.

İlham Şaban
İlham Şaban

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Meydan TV-yə deyib ki, STAR zavodu neftin qiymətindən asılı olaraq ildə 6,5-8 milyard dollar gəlir əldə edəcək. Gəlirdən birbaşa və dolayı yolla təqribən 250-500 milyon dollar mənfəət olacaq. Azərbaycanın qeyri-neft sektorunun mənfəətini heç kəs hesablamayıb, 1 ildə 1,5 milyard dollar olduğu deyilir, fərqi görürsünüz də.

İlham Şaban zavodun niyə Azərbaycanda açılmaması sualına belə cavab verdi:

“Bu, biznesdir, zavodu Avstraliyada da açmaq olar. Əsas gələn mənfəətdir. İş yerlərinə gəlincə, bu, mənasız bir şeydir. Çünki zavod tamamilə robotlaşdırılmış sistemdə olacaq, milyardlarla mənfəət gətirən sənaye obyektlərində 100-200 nəfər çalışır”.

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli isə fərqli düşünür.

O, “Facebook” səhifəsində yazıb ki, hökumət Türkiyədə müasir zavodlar tikir, minlərlə iş yeri yaradır, Türkiyə və ərtaf bazarlara keyfiyyətli neft məhsulları satmaq istəyir. Bu mənada SOCAR şəffaf işləsə, yaxşı yatırımlardır. Ancaq hökumət öz vətəndaşını pambıq yığmağa göndərir:

“Sonra da çıxıb deyirlər ki, ölkəyə investorlar cəlb edəcəyik, siz özünüz Azərbaycanın gələcəyinə güvənib bura orta və uzun vadəli layihələrə vəsait yatırmırsınız, xaricilər niyə bunu etsinlər ki?!”.

Ana səhifəXəbərlər”SOCAR-ın Türkiyəyə investisiyaları 20 milyard dolları ötəcək”