2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan bir qrup siyasi məhbus tərəfindən yaradılmış “Siyasi Məhbusların Müdafiə Komitəsi” Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə açıq məktub ünvanlayaraq Azərbaycanda insan hüquqlarının vəziyyətindən narahatlıqlarını ifadə edib və Avropa Parlamentinin qəbul etdiyi qətnamələrin icrası üçün real addımlar atılmasını istəyib.
Siyasi məhbus kimi tanınan şəxslər – Hafiz Babalı, Fazil Qasımov, Afiəddin Məmmədov, Samir Aşurov və Mehman Əliyev Avropa İttifaqının Azərbaycandakı proseslərə təsir imkanlarından istifadə etməsinin vacibliyini vurğulayıblar.
Müraciətdə qeyd olunur ki, ölkədə siyasi repressiyalar artır və beynəlxalq öhdəliklərə əməl olunmur. Komitə Avropa Parlamentinin insan hüquqları ilə bağlı qəbul etdiyi sənədləri “mühüm siyasi aktlar” adlandırsalar da, onların icra mexanizmi olmadan real dəyişiklik yaratmayacağını bildirirlər.
“Qətnamələr mühüm siyasi sənədlərdir, lakin icra mexanizmi nəzərdən keçirilmədən bu aktların Azərbaycanda insan hüquqlarının vəziyyətində müsbət dəyişikliyə gətirib çıxarması qeyri-mümkündür”, – deyə müraciətdə deyilir.
Həmçinin komitə müraciətində deyir ki, Azərbaycan hakimiyyətinin alimləri, jurnalistləri, QHT nümayəndələrini və ictimai fəalları siyasi motivlərlə həbs edir, məhkəmə proseslərinə qanunsuz müdaxilələr baş verir. Bildirilir ki, siyasi azadlıqların məhdudlaşdırılması və tənqidi fikrə dözümsüzlük vətəndaş cəmiyyətinin zəifləməsinə, müstəqil media və təşkilatların fəaliyyətinin dayandırılmasına gətirib çıxarıb.
Müraciətdə xüsusilə vurğulanır ki, Azərbaycan hökuməti beynəlxalq müqavilələrə qoşulsa da, o cümlədən Avropa Konvensiyasının müddəalarını qəbul etsə də, bu öhdəliklərə əməl olunmur. Buna baxmayaraq Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlıq genişlənir. Müraciətdə insan hüquqları məsələsinin kölgədə qalmamalı olduğu qeyd edilir.
Komitə Avropa Komissiyasının siyasi repressiyaların dayandırılması və siyasi məhbusların azad edilməsi istiqamətində təsir imkanlarına malik olduğunu bildirərək bu imkanlardan istifadə olunmasına çağırırlar.
“Azərbaycanda sayı 400-ə çatan siyasi məhbuslar və onların ailələri sizin bu istiqamətdə real təsir imkanlarınızın olduğuna inanır və bu imkanlardan istifadə etməyinizi xahiş edir”, – deyə müraciətdə bildirilir.