Silahlı Qüvvələrin tender gizlinləri (Araşdırma – I yazı)

Jurnalist Əfqan Muxtarlının Azərbaycan Silahlı Qüvvələrinin tender təchizatı ilə əlaqədar geniş araşdırması

Source:


“Son on il ərzində hərbi xərclərimiz iyirmi dəfədən çox artmışdır və bizdə orduya, Silahlı Qüvvələrə ayrılmış xərclər Ermənistanın bütün dövlət büdcəsindən təxminən 2 dəfə çoxdur” . Sitat dövlət başcısı İlham Əliyevə məxsusdur.



2014-cü ildə Silahlı Qüvvələrin büdcəsi ötən ilə nisbətən 57 milyon manat artaraq, 2 milyard 967 milyon 831 min manat təşkil edib. Ayrılan vəsaitin əhəmiyyətli hissəsi Müdafiə Nazirliyinin payına düşüb.



Hərbi büdcənin artması əsgərlərin yeməklə təchizatına təsir etməyib.



2014-cü ilin iyununda hərbi xidmətdən qayıdan Elçin Əlizadə deyir ki, əsgərlik dövründə onlara keyfiyyətsiz yemək verilib: “Hərdən bizə konserva verirdilər. Bəzən yeməyin icinə qatırdılar. Posta gedəndə ikiqat ərzaq payı verilmirdi. Yalnız ikiqat yağ verilirdi. Ümumiyyətlə, yeməyimiz pis idi”.



Füzuli rayonunda, cəbhə xəttində xidmət etmiş başqa bir əsgər isə bəzən o keyfiyyətsiz yeməyə də tamarzı qaldıqlarını deyir: “Hərbi hissəmiz Haramı düzündə yerləşirdi. Cox pis yemək verilirdi. Qış aylarında isə elə olurdu ki, günorta yeməyi verilmirdi”.



Ehtiyatda olan polkovnik-leytenant Üzeyr Cəfərov bildirir ki, ordudakı nizamnamədən kənar hərəkətlər həm də korrupsiyanın nəticəsidir: “Orduda baş verən qanunsuzluqlar kompleks şəkildə dəyərləndirilməlidir. Yəni komandir heyətinin pisixoloji durumundan tutmuş korrupsiyaya qədər bütün amillər nəzərə alınmaqla məsələyə qiymət verilməlidir. Nizamnamədən kənar halların baş verməsində, qeyri-döyüş şəraitində əsgərlərimizin həlak olmasında korrupsiyanın və zabit heyətinin yetərincə təmin edilməməsinin payı az deyil ”.



“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar mərkəzinin məlumatına görə isə 2014-cü ilin yanvar-sentyabr ayları ərzində 84 hərbi qulluqçu qeyri- döyüş şəraitində həlak olub.


I yazı


TENDERSİZ TƏCHİZAT

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qulluq edən sıravi Əhməd səhər yeməyinə gəlir. Burada onu ağ çörək, kərə yağı və povidla, yumurta, qatılaşdırılmış süd və çay gözləyir.

Ordunun əksər hərbi hissələrində belə səhnələr yalnız yoxlama gələndən-gələnə müşahidə olunur. Əsgərlər belə deyirlər. Bəs həqiqətdə necədir?

Müdafiə Nazirliyinə nisbətən Daxili Qoşunlarda və Sərhəd Xidmətinin hərbi hissələrində əsgərlər daha yaxşı qidalanır. Bu qoşun növlərində xidmət edənlər, yeməyin keyfiyyəti barədə təzadlı fikirlər söyləsələr də, ac qalmadıqlarını bildirirlər.

Müdafiə Nazirliyi əsgərlərin qidalanması ilə bağlı sorğumuza cavab verməyib. Əslində bu məlumatlar ictimaiyyət üçün açıq olmalı, Satınalmalar Üzrə Dövlət Agentliyinin saytında dərc olunmalıdır. Qanun, dəyəri 50 min manatdan artıq olan bütün satınalmaların tender vasitəsilə həyata keçirilməsini, bu müsabiqələrin Satınalmalar üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunmasını, tender elanlarının və nəticələrinin dərc olunmasını tələb edir. Lakin Satınalmalar üzrə Dövlət Agentliyinin reyestrində “əsgər payoku” barədə çox az məlumat tapmaq olar.

Tenderlər siyahısında Sərhəd Qoşunlarının ərzaq üçün keçirdiyi tenderlərin bir hissəsi öz əksini tapıb. Lakin Müdafiə Nazirliyi və Daxili Qoşunlar bu sahədə şəffaflığa daha az əməl edir. Silahlı Qüvvələr üçün 2012-2014-cü illərdə alınan bir sıra ərzaq məhsulları üçün keçirilən müsabiqələrin nəticələri reyester məlumatlarında öz əksini tapmayıb. Nazirlər Kabinetinin 1 yanvar 2013-cü il tarixində qüvvəyə minmiş Silahlı Qüvvələrin gündəlik ərzaq normativində nəzərdə tutulan ərzaq növlərinin və keçirilən tenderlərin siyahısına nəzər salsaq, nə görərik?

Təsəvvür edək ki, qanuna riayət olunur və bütün satınalmalar tender vasitəsilə keçirilir və nəticələri dərc olunur:

ÇAY – Belə təəssürat yaranır ki, Sərhəd Qoşunlarının əsgərləri çay içir, MN və DQ-ın əsgərləri isə içmir. Çünki ordunun çayla təchiz olunması ilə bağlı hər hansı tenderin keçirildiyi barədə məlumat reyestrdə yoxdur.

Hərçənd Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdə olan əsgərlərin bildirdiyinə görə, onlara hər gün çay verilir.

Pendir – 2012-ci ildə Müdafiə Nazirliyinin 48 min 120 manatlıq pendir satın alınması ilə bağlı tender məlumatı var. DQ və Sərhəd Qoşunlarında isə həmin il deyəsən, pendir yeməyiblər. 2013-cü ildə isə əksinə, DQ-nın əsgərləri pendir yeyib, MN və SQ əsgərləri pendir üzü görməyib. Əsgərlərin bildirdiyinə görə, pendiri əsasən bayram günləri yeyirlər. Müdafiə Nazirliyinin Bakıda və iri şəhərlərdə olan hərbi hissələrində isə pendir vaxtaşırı verilir.

Balıq – 2012- və 2013-cü illərdə nə Daxili Qoşunlar, nə Sərhəd Qoşunları, nə də Ordu balıq almaq üçün tender keçirməyib. Müdafiə Nazirliyinin Hava Hucumundan Müdafiə Qoşunlarında və Hərbi Dəniz Qüvvələrində xidmət edən əsgərlərin bildirdiyinə görə, onlara balıq verilib. Müdafiə Nazirliyinin ordu hissələrində xidmət edən İlkin Qəmbər deyir ki, onlara xidmət dövründə iki gündən bir skumbriya konservi verilirdi – iki əsgərə bir konserv qutusu həcmində.

Yumurta – 2012-ci ildə yumurta alınması üçün həm MN, həm DQ, həm də SQ tenderlər keçiriblər. Hansısa səbəbdən, 2013-cü ildə Müdafiə Nazirliyinin yumurta almaq üçün tender keçirmək yadından çıxıb. Tender kecirilməsə də, MN-nin hərbi hissələrində xidmət edən əsgərlərin bildirdiyinə görə, onlara bayram günlərində, bəzi hallarda bazar günlərində yumurta verilir.

Təbii meyvə şirələri – Qanuni yolla alınan təbii meyvə şirələri ilə yalnız Daxili Qoşunlar təchiz olunur. Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının bu məhsulla təmin olunması barədə tenderlər reyestrində heç bir məlumat yoxdur. Halbuki, söhbətləşdiyimiz əsgərlər onlara gündə bir dəfə 100 qram alma şirəsi verildiyini deyirlər.

Povidlo (cem) – Söhbət etdiyimiz əsgərlər xidmət boyu povidlo, cem görmədiklərini deyirlər. Heç tender reyestri də 2012-ci ildə bu məhsulla bağlı heç bir məlumat verməyib. 2013-cü ildə isə povidlo üçün tenderi yalnız Daxili Qoşunlar keçirib.

Quru meyvə – 2012-ci ildə bu məhsul üzrə yalnız Sərhəd Qoşunları tender keçirib. 2013-cü ildə Daxili və Sərhəd Qoşunlarında quru meyvə təchizatı üzrə tenderlər olub, Müdafiə Nazirliyinin belə tenderlər keçirdiyi ilə bağlı isə Satınalmalar üzrə Dövlət Agentliyinə heç bir məlumat verilməyib.

Ət – həm Sərhəd, həm Daxili Qoşunlar, həm də Ordu hissələri 2012-2013-cü illərdə “əla növ ət” alınması üzrə tenderlər keçiriblər. Əsgərlərsə verilən ətin keyfiyyətindən şikayətlənirlər.

Daxili Qoşunlarda xidmət etmiş bir əsgər deyir ki, bacardığı qədər verilən ət yeməklərindən uzaq durmağa çalışıb: “İki həftədə, ayda bir dəfə qohumların gətirdiyi yeməklərlə gözümüzü doyururduq. Hərbi hissədəki ətdən pis qoxu gəldiyi üçün yalnız çörək yeməyə çalışırdım. Yalnız hərbi hissəyə yoxlama gələndə bizə əla yemək verilirdi”. Ön cəbhədə xidmət edən əsgərlərin verdiyi məlumata görə onlara verilən ət də keyfiyyətsiz olub.

Nazirlər Kabinetinin təsdiq etdiyi ümumqoşun ərzaq payına əsasən, döyüş bölgəsində növbətçilik aparan hərbi quluqcuların, dəniz səviyyəsindən 1000 və 1500 metr yüksəklikdə yerləşən hərbi hissəllərdə qulluq edən çağırışçı əsgərlərə, eləcə də aerodromlarda, poliqon və start vəziyyətində olan ucuş aparatına qulluq edən hərbi qulluqçulara əlavə ərzaq payı verilməsi nəzərdə tutulub. Sağlamlıq üçün zərərli olan sahələrdə xidmət edən hərbiçilərin ərzaq payına şokolad da əlavə edilib. Müdafiə Nazirliyinin şokolad alınması üzrə keçirdiyi tenderlər barədə Satınalma müqavilələrinin reyestrində məlumat var.

İqtisadşı ekspert Natiq Cəfərli bildirir ki, dəyəri 50 min manatdan yuxarı olan dövlət sifarişləri üçün tender keçirilməlidir: “Qanun açıq şəkildə bildirir ki, dövlət sifarişinin dəyəri əlli min manatdan yuxarıdırsa, tender müsabiqəsi keçirilməlidir. Müsabiqə barədə KİV-də məlumat verilməlidir. Məlumatda satın alınacaq mallar ayrı-ayrılıqda dəqiq təsvir edilməlidir. Tender müsabiqəsinin iştirakçıları və qalibi barədə mətbuatda məlumat verilməlidir. Əgər bu müddəalara əməl edilmirsə, deməli qanuna məhəl qoyulmur”.

Hərbi ekspert Üzeyr Cəfərov isə bildirir ki, Müdafiə Nazirliyi ərzaq məhsulları ilə tam təmin edilir: “Tender siyahılarında olmasa da, orduya çay, pendir, konservlər və digər ərzaq məhsuları alınır”.

Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olan şəxslər və digər zabitlər də orduya külli miqdarda ərzaq alındığını bildirirlər. Ərzaq alınırsa, tender siyahılarında niyə öz əksini tapmır? Müsabiqəsiz, yaxud qeyri-şəffaf müsabiqə nəticəsində ordunu təchiz edən şirkətlər hansılardır? Bu barədə növbəti yazıda.

Ana səhifəAraşdırmaSilahlı Qüvvələrin tender gizlinləri (Araşdırma – I yazı)