Seymur Həzinin həbsi beynəlxalq mətbuatda

“Jurnalist özü dəmir barmaqlıqlar arxasındakı həyatına önündə açılan ciddi imkan kimi yanaşır”

Source:
Seymur Həzi, foto: sosial şəbəkə
Seymur Həzi, foto: sosial şəbəkə

“Jurnalist özü dəmir barmaqlıqlar arxasındakı həyatına önündə açılan ciddi imkan kimi yanaşır”

“Capital News Service” mətbuat orqanında vicdan məhbusu, “Azadlıq” qəzetinin jurnalisti Seymur Həzi barədə məqalə yayımlanıb.

“Azadlıq! Qəzeti həmin məqalənin xülasəsini təqdim edib:

Azərbaycan həbsxanaları Əliyev adminstrasiyasının ədalətsiz və korrupsioner əməllərini tənqid edən jurnalist və hüquq müdafiəçilərinin daimi evinə çevrilib. Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) 2015-ci il üzrə ən çox senzuraya məruz qalan ölkələr siyahısında Azərbaycan 5-ci yeri tutub. 2016-cı ildə ölkə həmçinin “Sərhədsiz Reportyorlar”ın (RSF) “Dünya Mətbuat Azadlığı” İndeksində 163-cü yeri tutub. 2015-ci ildə təşkilat ölkəni “Avropada jurnalistlərin ən çox həbsə atıldığı ölkə” kimi təqdim etmişdi.

Bazar ertəsi “Sərhədsiz Reportyorlar” (RSF) təşkilatı 2016-cı il üzrə mətbuat azadlığı mükafatına namizədlər siyahısına Seymur Həzinin də adını daxil edib. Təşkilat bildirir ki, “Onun həbsi İlham Əliyevin insan hüquq və azadlıqlarına hörmətsizliyinin bariz göstəricisidir”.

Seymur Həzinin özü dəmir barmaqlıqlar arxasındakı həyatına önündə açılan ciddi imkan kimi yanaşır. O, həbsdəki vaxtının böyük qismini beyin mərkəzlərinin nəşrlərini oxumağa, yeni dillər öyrənməyə və ABŞ-ın Qafqaza və digər regionlara yönəlik strategiyalarını araşdırmağa həsr edir.

Meydan TV-nin Bakıda fəaliyyət göstərən müxbiri Sevinc Vaqifqızı Seymur Həzini oxumaq istədiyi kitablarla təmin etməyə kömək edir. Sevinc bildirir ki, Seymur ondan Volterin əsərlərini, Henri Kissincerin “Diplomatiya” kitabını istəyib.

Avqust ayında Semur Həzi ilə keçmiş siyasi məhbus Nigar Yaqublunun həbsxanada nikah mərasimi baş tutub. Nigar Yaqublu bildirib ki, mərasimə dair şəkillərin çəkilməsinə həbsxanadan icazə verilməyib. Onların sonuncu görüşü zamanı Seymur Həzi Nigar Yaqubluya deyib ki, həbsxana rəsmiləri xəbərdarlıq edib ki, əgər Nigar Yaqublu həbs şəraiti ilə bağlı hər hansı narazıçılıq ifadə etsə, onların görüşünə “normal” şərtlər daxilində icazə verilməyəcək. Yaqublu həmçinin deyib ki, onun əri digər məhbuslara nəzərən həbsdə daha ağır məhdudlaşdırmalarla üz-üzədir.

Seymur Həzi Azərbaycanda ifadə azadlığına qoyulan məhdudiyyətləri “beynəlxalq təhlükəsizlik məsələsi” hesab edir və bildirir ki, Əliyev hakimiyyəti hazırda “test dövrünü” yaşayır.

“Belə ağır dönəmlər xalqlara şans verir ki, onlar özlərini tanısın, dərk etsin və özlərini daha yaxşı müdafiə edə bilsin. Bizim xalq üçün də indi çox gözəl şans yaranıb,” – Seymur Həzi qeyd edib.

Vəkilinin və dostlarının dediyinə görə, həbsdə olmasına baxmayaraq, o, pozitivliyini qoruyub saxlayır. Yenicə azadlığa çıxan araşdırmaçı jurnalist Xədicə İsmayılova bildirib ki, Seymur Azərbaycanın ən cəsarətli jurnalistlərindən biridir.

O, jurnalist fəaliyyətinə görə 2011-ci ildə 6 maskalı şəxs tərəfindən oğurlanaraq, başına torba keçirilərək döyülüb. “Sərhədsiz Reportyorlar”ın məlumatına görə, ona deyilib ki, başqaları kimi ağıllı və sakit olsun. İki saatlıq insan oğurluğu zamanı onun mobil telefonları əlindən alınıb və noutbuku incələnib.

Həmçinin uzun müddət AXCP-nin üzvü kimi fəaliyyət göstərən Seymur Həzi, hakimiyyətin xəbərdarlıqlarına məhəl qoymayaraq, Qənimət Zahidovun redaktorluğunu etdiyi və Əliyev hökümətinin tənqid edildiyi “Azərbaycan Saatı” televiziya proqramında fəaliyyətini davam etdirib.

Sevinc Vaqifqızı deyir ki, Seymur Həzi xaricdə olarkən, e-mail vasitəsilə ona xəbərdarlıq edilmişdi ki, ölkəyə qayıtmasın, yoxsa həbs təhlükəsi ilə üzləşə bilər. Ancaq buna baxmayaraq, Seymur vətəninə qayıdır və jurnalistika fəaliyyətinə görə qondarma ittihamlarla üzləşərək, həbsə məruz qalır.

Seymur Həzinin atası Məşğul Həzi deyir ki, Seymur Sovetlərə qarşı mübarizə aparan ulu babası Həzi Həziyevin yolu ilə gedir və o, Seymur Həzinin rejimə qarşı mübarizəsi ilə fəxr edir.

Ana səhifəXəbərlərSeymur Həzinin həbsi beynəlxalq mətbuatda