“Sevilya” Avropa Liqasının qalibi olub

Foto: The Independent

İspaniya klubu final oyununda “Roma”nı məğlub edib

Mayın 31-də UEFA Avropa Liqasında 2022/2023 mövsümünün final oyunu keçirilib.

Final matçında İspaniyanın “Sevilya” klubu ilə İtaliya təmsilçisi “Roma” üz-üzə gəlib.

Turnirin rekordçusu olan “Sevilya” bu matçadək keçirdiyi 6 final oyununun hamısında qalib gəlməyi bacarmışdı. “Roma” isə yalnız 1991-ci ildə finala çıxaraq, həlledici görüşdə İtaliyanın digər komandası “İnter”ə məğlub olmuşdu.

Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçirilən oyunun əsas vaxtında qalib müəyyənləşməyib. 1:1 hesabı görüşün əlavə vaxta uzanmasına səbəb olub. Oyuna əlavə edilən yarım saatda da qalibin adına aydınlıq gəlməyib. Belədə, penaltilər seriyasına ehtiyac duyulub. Penalti zərbələrini daha dəqiq yerinə yetirən “Sevilya” UEFA Avropa Liqasının qalibi olub.

Ana səhifəİdman“Sevilya” Avropa Liqasının qalibi olub