Sergey Markov: Torpaqların bir qismi qaytarıla bilərdi

Azərbaycanlı siyasi şərhçilər Qarabağ münaqişəsinin həlli üçün heç bir variantın ”mövcud” olmadığı qənaətindədirlər

Source:
Sergey Markov foto sosial şəbəkə
Sergey Markov foto sosial şəbəkə


Azərbaycanlı siyasi şərhçilər Qarabağ münaqişəsinin həlli üçün heç bir variantın ”mövcud” olmadığı qənaətindədirlər

“Azərbaycanın üzləşdiyi əsas problem Qarabağ münaqişəsidir. Bu il Kazan formulu əsasında Qarabağ münaqişəsinin həllində böyük irəliləyiş əldə oluna bilərdi. Torpaqların bir qisminin qaytarılması müqabilində Ermənistanın blokadası aradan qaldırıla bilərdi. Təəssüf ki, bu, mümkün olmadı”.

APA-nın məlumatına görə, bunu Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi “Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransın açılışında deyib.

Markovun Qarabağ münaqişəsiylə bağlı söylədiklərini Meydan TV-yə şərh edən siyasi icmalçı Zərdüşt Əlizadə “ayının min oyunu bir armudun başındadır” məsəlini xatırladaraq bildirib ki, münaqişənin həll olunmamasının səbəbi Moskvanın Ermənistan və Azərbaycanı özündən asılı vəziyyətdə saxlamaq istəyindən doğur: “Ona görə də Rusiya münaqişənin həll olunmasını istəmir. Münaqişənin formatı, forması dəyişə bilər, amma mahiyyəti qalmalıdır ki, tərəflər Kreml qarşısında itaətkar olsunlar. Bu mənada Rusiya Ermənistana hərbi-siyasi və maliyyə dəstəyi verir, Azərbaycana da deyir ki, qoyduğum çərçivədən kənara çıxma. Ermənistan bir qədər Kremlin qoyduğu xətdən kənara çıxan kimi Azərbaycana deyir ki, vur, Azərbaycan oxşar addım atanda isə qarşı tərəfə həmin əmri verir”.

Zərdüşt Əlizadə foto sosial şəbəkə

Z. Əlizadə güman edir ki, Markovun söylədiklərini iki ehtimalla şərh etmək olar: “Birinci onun maddi marağı ola bilər, ikinci, ona Moskvadan tapşırıq verilə bilər ki, Azərbaycan haqqında da müsbət danış. Yəni elə təəssürat yaranmasın ki, Rusiyanın bütün siyasətşünasları Ermənistanın tərəfindədir. Onsuz da Rusiya şərhçilərinin 95 faizi Ermənistanı müdafiə edir. Səbəb də odur ki, Rusiyanın bölgədə imperialist siyasətinin icraçısı Ermənistandır, onlar da İrəvanı müdafiə edirlər. Daha ağ olmasın deyə, Markova tapşırırlar ki, Azərbaycan haqqında müsbət danış, görüntü yaransın, vəssalam”.

“Zerkalo” qəzetinin siyasi icmalçısı Rauf Mirqədirov 1-5 aprel hərbi əməliyyatlarından sonra danışıqlardakı dirçəlişi xatırladaraq bildirdi ki, Kazan formulu, yaxud başqa variant olsun, bunların elə bir əhəmiyyəti yoxdur: “6 bənddən ibarət Madrid prinsipləri istisna olmaqla digər variantlar barədə müfəssəl informasiya yoxdur. O zaman demişdim ki, münaqişənin həlli iki variantda mümkündür, birinci, region tamamilə böyük güclərdən birinin təsir dairəsinə keçsin. Rusiya aprel hadisələrindən istifadə edərək bunun üçün çalışırdı, amma naməlum səbəblərdən alınmadı. İkinci variant odur ki, bölgədə maraqlı olan dövlətlər öz maraqlarını uzlaşdıra bilsinlər”.

Mirqədirov hazırda heç bir variatın “mövcud” olmadığı qənaətindədir: “Maraqların uzlaşdırılması isə fantasktik bir şey kimi görünür. Çünki söhbət beynəlxalq nüfuz dairəsindən gedir, Ukrayna, Dnestryanı və Suriya olaylarına baxdıqda, mənzərə aydın olar, yəni güclər bu bölgələrdə ortaq məxrəcə gələ bilmirlərsə, Qarabağ məsələsində dil tapacaqları inandırıcı deyil. Moskva və Vaşinqton deyir ki, tərəflər hansı variantda razılaşsalar, dəstəkləyəcəklər, amma bu iki dövlətin razılaşması qeyri-mümkündür, səbəb birdir: Ermənistan işğal etdiyi əraziləri qaytarmaq istəmir, Azərbaycan isə rayonların qaytarılmasını tələb edir. Yay aylarında həmsədr ölkələri rəsmilərinin prezidentlərinin görüşünü təşkil etmək təşəbbüsləri də iflasa uğradıqdan sonra Rusiya xarici işlər nazirinin sözçüsü Mariya Zaxarova İrəvanda Kollektiv Təhlükəsizlik Şurasının toplantısı ərəfəsində gündəlikdə Qarabağ məsələsinin olmadığını, amma görüş zamanı bu məsələyə toxunalacağını dedi. Münaqişənin həlli istiqamətində hər hansı ciddi addım gözlənilsəydi, Zaxarovanın cavabı tamam fərqli olardı. Xatırlayırsınızsa, Zaxarova ondan bir müddət əvvəl demişdi ki, nazir Lavrov heç bir danışıqlara boş əllə getmir. Yəni müəyyən təkliflər olur”.

“Sadaladığım məqamlar o deməkdir ki, münaqişədə şərti sabitlik dövrü başlayıb. Bölgədə daha ciddi problemlər Qarabağ məsələsini arxa plana keçirib. Həm də hər iki ölkənin siyasi rəhbərliyinin kompromis istəkləri də böyük deyil”,- deyə Mirqədirov bildirib.

Ana səhifəAnalitikaSergey Markov: Torpaqların bir qismi qaytarıla bilərdi