İmzalanan müqavilə Serbiyaya ilkin olaraq 400 milyon kubmetrədək təbii qaz idxal etməyə imkan verir
Enerji resurslarının müxtəlifliyini artırmaq istəyən Serbiya Azərbaycanla təbii qaz idxalı müqaviləsi imzalayıb.
Serbiyanın “Srbijagas” Qaz Şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanmış müqavilə Serbiyaya ilkin olaraq 400 milyon kubmetrədək təbii qaz idxal etməyə imkan verir.
İmzalar Serbiyanın energetika və mədən naziri Dubravka Jedovic Handanoviçin Bakıya səfəri zamanı atılıb.
Handanoviç bildirib ki, bu ikitərəfli razılaşma ilə “biz Mərkəzi Avropaya qaz nəqli üçün tranzit ölkə kimi mövqeyimizi gücləndiririk, eyni zamanda, enerji təchizatı mənbələrinin şaxələndirilməsi məqsədimizə nail oluruq”.
Serbiyalı nazir bildirib ki, sazişin qüvvəyə minməsi boru kəmərinin Serbiya ilə Bolqarıstan arasında olan hissəsinin tikintisindən asılıdır.
Handanoviç onu da əmin edib ki, 2026-cı ildən başlayaraq Serbiya hər il Azərbaycandan “milyardlarla kubmetr qaz” idxal edə biləcək.
Son onilliklər ərzində Serbiya Rusiyadan idxal olunan qaz üçün boru kəmərləri tikib.
Avropa Birliyinə üzv olmağı hədəfləyən Serbiya Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynanı işğal etməsindən sonra Rusiya qazının idxalına dair yeni, uzunmüddətli müqavilə imzalayaraq Brüsselin reaksiyasını çəkib.
Serbiya Birləşmiş Millətlər Təşkilatında Rusiyanın Ukraynaya təcavüzünü rəsmən pisləsə də, Moskvaya qarşı sanksiyalara qoşulmayıb.