”Senzurasız” mübarizə və ya təhqirin strategiyası

Source:
Əli Həsənov foto Azərtac
Əli Həsənov foto Azərtac

Şəxsiyyəti məhvetmə sistemi 2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəlişi ilə inkişaf etməyə başlayıb

Azərbaycanda siyasi mübarizə yeni mərhələyə qədəm qoyub. Sosial şəbəkələrdə rejimin tərəfdarlarının və əleyhdarlarının kütləvi şəkildə senzuradankənar leksikadan istifadə etməsi yeni və indiyədək görülməmiş təzahür olub. Və müşahidələr göstərir ki, bu təmayül getdikcə güclənir.

Şəxsiyyətin təhqiri və dövlət səviyyəsində yalanın yayılması üzrə genişmiqyaslı kampaniyaların ideoloqlarından və pionerlərindən biri olan Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov da yeni təzahürü etiraf etmək məcburiyyətində qalıb.

Fevralın 22-də “Facebook”-da Həsənov rejimin tənqidçilərini təhqiredici leksikadan imtina etməyə çağırıb, Prezident Administrasiyasının ideloji komandasının illərlə pozduğu əxlaq normalarını, azərbaycanlıların mentalitetini və ənənələrini yada salıb.

Siyasi mühacirlər tərəfindən prezident İlham Əliyevin, ailəsinin və yaxın ətrafının ünvanına məqsədyönlü təhqirlər son bir ilin nəzərəçarpan təmayülü olub. O, uzun illər boyunca rəsmi mətbuatın siyasi rəqiblərin ünvanına təhqirlərinə, onlara və ailələrinə qarşı zorakılığına cavab olub.

Bu gün “Youtube”-da hakimiyyətin ünvanına təhqirdolu videosüjetlər milyon dəfələrlə izlənir, bu da auditoriyanın Azərbaycanın siyasi-informasiya məkanında yeni təmayülə yüksək diqqətinin göstəricisidir.

Bu informasiya əks-hücumunun nəticələri hakimiyyətin sabitliyi üçün təhlükəlidir. Məsələ ondadır ki, avtoritar bir ölkə kimi Azərbaycanda bütün sabitlik liderin nüfuzuna bağlıdır və onun imicinin, eqosunun toxunulmazlığının sarsılması sistemin sabitliyinin pozulmasına gətirib çıxaracaq. 1989-cu ildə Vəzirovun, 1992-ci ildə Mütəllibovun, 1993-cü ildə Elçibəyin ölkə rəhbərliyindən devrilməsindən əvvəl onlar ictimai rəydə nüfuzdan salınıb, bu, lətifələrin, karikaturaların yayılmasında, ləqəblər qoyulmasında, parodiyalarda və nəhayət, açıq senzuradankənar leksikada özünü büruzə verib.

Maraqlıdır ki, bütün hallarda bu kampaniyaların katalizatoru həm yuxarılarda, həm də aşağılarda hakimiyyət uğrunda mübarizə aparanlar olub. Bu halda bir sıra ictimai xadimlər senzuradankənar siyasi mübahisənin yaradılmasında hakimiyyətin müəyyən qolunun da kifayət qədər maraqlı olduğunu istisna etmirlər.

Müşahidələr göstərir ki, məhz Əliyev və onun ailəsi daha qızğın surətdə “senzurasız” hücuma məruz qalır.

Doğrudur, rəqiblərə qarşı “senzurasız” mübarizənin ideoloqu Əli Həsənov təkcə prezidentin deyil, onun özünün – sadiq köməkçinin də təhqirlərə məruz qaldığını qeyd etməyə tələsib, beləliklə, bu vəziyyətin yaranmasında öz əlinin olmadığına eyham etməyə çalışıb. Amma faktlar göstərir ki, son hadisələrin arxasında rejimin ideoloqu durur. Ötən ilin sonlarında təhqir və böhtan xəttinin gücləndirilməsi üçün hakimiyyət tərəfindən trollar ordusu formalaşdırılıb, onların qarşısına sosial şəbəkələrdə siyasi rəqiblərə qarşı yalan, təhqir hücumlarının təşkili üzrə real vəzifələr qoyulub. İndi artıq hökumətyönlü olan Mətbuat Şurasının qurultayında Həsənov birbaşa jurnalistləri fərqli düşünənlərə qarşı mübarizə aparmağa, rejimin müdafiəsi üçün səylərini artırmağa çağırıb.



Məsələnin tarixi haqqında

Şəxsiyyəti məhvetmə sistemi 2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəlişi ilə inkişaf etməyə başlayıb. Etiraf edək ki, Heydər Əliyevin dövründə bu mübarizə forması təqdir olunmurdu, baxmayaraq ki, əsasən televiziyada və çap KİV-lərində rəqiblərə qarşı böhtan və təhqirdən istifadə olunurdu. Həmin vaxtlar Azərbaycana hələ İnternet dövrü gəlməmişdi.

2005-ci ildə vəkil Aslan İsmayılov prezident İlham Əliyevə “Lider” telekanalında (İ.Əliyevin əmisi nəvəsinə məxsusdur) hakimiyyətin rəqiblərinin təhqirinə son qoymaq çağırışı ilə açıq müraciət edib. Buna cavab olaraq Əliyev kanalın müstəqil olduğunu və dövlətin onun fəaliyyətinə müdaxilə edə bilməyəcəyini bildirib.

Buradan belə çıxırdı ki, Əliyev “Lider” TV-də, eləcə də bütünlükdə bu kampaniyanın qarşısını almaq niyyətində deyildi.

Amma məsələ ondadır ki, TV haqqında qanun nəinki təhqir və böhtanı birbaşa qadağan edir, həm də yayım siyasətində balansı, plüralizmi, obyektivliyi təmin etməyi tələb edir.

Həmin vaxt bu siyasətin ideoloqları TV kanalları, demək olar ki, bütün çap KİV-lərini tam nəzarət altına alarkən rəqibləri rüsvay etmək və öz maraqlarına uyğun təbliğat həyata keçirmək üçün informasiya resurslarından cəzasız istifadə edə biləcəklərindən əmin idilər. Onlar internetin strateji inkişafını, onun imkanlarını və gələcəkdə qlobal informasiya şəbəkəsində tənqidi səslərə nəzarət edə bilməyəcəklərini dərk etmirdilər.

Həmin vaxt peşəkar KİV-lər və jurnalistika xadimləri bu təhlükəni dərk edirdilər və bu təmayülün və hakimiyyətin zərərli siyasətinin qarşısını almağa çalışırdılar. 1996-cı ildə Bakı Mətbuat Klubu yaradılıb, jurnalistlərin üzərinə təhqir və böhtandan imtina etmək öhdəliyi qoyan məcəllə qəbul edib. Mətbuat Klubunun fəaliyyətini əngəllənməsinə və onun məhvinə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev icazə verib. 2003-cü ildə elə bu jurnalistika xadimlərindən ibarət qrup Mətbuat Şurasının yaradılması təşəbbüsünü irəli sürüb və Şuranı yaradıb, həmçinin fundamental Azərbaycan Jurnalistinin Peşə-Etika Qaydalarını (Kodeks) qəbul edib. Və yenə də, indi artıq Əli Həsənovun həyata keçirdiyi siyasət vasitəsilə Mətbuat Şurasının dağıdılması və nəzarət altında olan orqana çevrilməsi başlayır. Şura KİV-ə qarşı ən iyrənc təşəbbüslər irəli sürməyə və informasiya məkanında qarşıdurmaları gücləndirməyə başlayıb.

2006-cı ildə beş jurnalist təşkilatı ABŞ səfirliyinin dəstəyi ilə “KİV-də peşə-etika normalarına riayət olunmasının monitorinqi” layihəsini həyata keçirməyə başlayıb. Layihə çərçivəsində ilk üç aylıq iş nəticəsində pozuntuların sayı 7500-dən 2500-ə qədər azalıb. Bu zaman 1% təhqir və böhtanın payına düşüb. Sonradan təhqirə yol verənlər arasında İdeal, Müasir Müsavat və digər hökumət KİV-ləri və hökumətyönlü KİV-lər olub. Onlar arasında müxalif KİV-lər yox idi.

2008-ci ildə layihə Mətbuat Şurasına təhvil verilib, onun birbaşa öhdəliyi MŞ üzvlərinin Jurnalistin Peşə və Etika Məcəlləsinin norma və prinsiplərinə riayət etməsinə nəzarət etməkdir. Amma yarım il sonra layihə bağlanıb.

Monitorinqin əsasən bir sıra nəşrlər, xüsusən də hökumət nəşrləri və hökumətyönlü nəşrlər tərəfindən Həqiqətə riayət olunması prinsipinin (obyektivlik, balans, plüralizm) kobud şəkildə pozulduğunu üzə çıxarması Prezident Administrasiyasını qəzəbləndirirdi.

MŞ-nin saytların bağlanmasına, internetdə fəaliyyət qaydalarının məhvinə yönəlmiş son əməlləri, Əli Həsənovun bəyanatı və Azərbaycanın leqal peşəkar plüralist informasiya məkanının məhdudlaşdırılması üzrə addımları göstərir ki, hakimiyyət senzuranın gücləndirilməsi və söz azadlığının məhdudlaşdırılması xəttini davam etdirir.



Yaxın perspektivlər


“Linotip təfəkkür”

,

“Döyüş uduzulub, cənablar”

məqalələrində “Turan” İA hakimiyyətə informasiya siyasətlərinin uğursuzluğu haqqında xəbərdarlıq edir və faktiki olaraq, ölkənin informasiya təhlükəsizliyi sisteminə ciddi zərbə vuran və cəmiyyətdə qarşıdurmanın güclənməsinə səbəb olan, son nəticədə sabitlik və hətta milli təhlükəsizlik üçün real təhlükə yaradacaq bu xətdən imtina etməyə çağırırdı.

Əxlaqi tənəzzül prosesini dayandırmağın yeganə yolu plüralizmin, qanunvericilikdə və əxlaq normalarında nəzərdə tutulmuş, Məcəllədə əks olunmuş mübahisə və tənqidin inkişafı üçün şəraiti bərpa etməkdən keçir.

İnformasiya siyasətinə yenidən baxılmalı və beynəlxalq demokratik standartlara uyğun olaraq yenidən islah edilməlidir. Başqa yol yoxdur.


P.S.

2017-ci ilin martında Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev hakimiyyətə yalnız üç meyara – müstəqillik, keyfiyyət və məsuliyyət meyarına malik olan KİV-ə veriləcək informasiya məkanının yenidən təşkili üzrə tezis proqramı təqdim edib. Buna cavab olaraq o, həbs edilib.


Məqələ: Prezident efirdəki qara vakxanaliyanın qarşısını ala bilmir və ya almaq istəmir


Turan Analitika Xidməti (8 fevral 2005-ci il)

Parlament seçkiləri yaxınlaşdıqca qara piar (ictimaiyyətlə əlaqə nəticəsində müvafiq rəyin yaradılması) və dezinformasiya (yalan məlumat verməklə çaşdırma) dalğası kəskin surətdə güclənir. Bu prosesin əsas hərəkətverici qüvvəsi televiziya şirkətləridir. Məhz onlar və ilk növbədə, “Lider” TV mətbuat və cəmiyyəti qaydasız mübarizəyə təhrik edir.

Auditoriyanın TV tərəfindən dezinformasiyaya uüraması miqyası və bunun yaratdığı təhlükə artıq seçki kampaniyasına və ölkədəki sabitliyə mənfi təsir göstərməyə başlayıb. Telekanallar əsas informasiya daşıyıcılarıdır – respublikanın teleşəbəkə ilə əhatəsi 99%-ə çatır, halbuki ölkədə adambaşına yalnız 6 qəzet, o cümlədən 1 müxalifət qəzeti düşür.

Bu o deməkdir ki, teleradioşirkətlər informasiya məkanına tam nəzarət edir və ictimai şüurla manipulyasiya etmək (onu aldatmaq və ya ondan öz xeyri üçün istifadə etmək) üçün bütün imkanlara malikdir.

KİV-də parlament seçkilərinin işıqlandırılması aspektində Nəcəf Nəcəfov Fondunun may-iyun aylarında keçirdiyi monitorinq göstərir ki, bu manipulyasiya kəskin surətdə artmağa başlayıb.



Radio

Mayda radiostansiyalar (ANS CM, “Lider”, 106 FM və “Bürc” FM) müxalifətlə müqayisədə iqtidar haqqında daha çox mənfi materiallar yayıb. Eyni zamanda, iqtidar haqqında müsbət materiallar da daha çox olub. Bundan başqa, YAP və ona yaxın təşkilatlara həsr olunmuş verilişlərin sayı daha çox olub.



Mayda seçki bloklarına həsr olunmuş radioverilişlərinin sayı

Lakin iyunda radiostansiyalar seçki bloklarının işıqlandırılması prinsiplərini əsaslı surətdə dəyişdirdilər. YAP barədə müsbət informasiya artdı, mənfi informasiya iki dəfədən çox azaldı, neytral informasiya axını isə beş dəfə artdı.



İyunda seçki bloklarına həsr olunmuş radioverilişlərinin sayı


Televiziya

Mayda AzTV1, ANS, ATV, “Space” və “Lider” televiziya kanallarında YAP və ona yaxın təşkilatlara həsr olunmuş televerilişlərin sayı “Azadlıq” blokuna həsr olunmuş televerilişlərin sayından demək olar ki, iki dəfə çox idi. Aydındır ki, təşkilatın adının çox çəkilməsi onun mövqeyinin möhkəmlənməsinə səbəb olur.

Onu da qeyd etmək lazımdır ki, mayda YAP və ona yaxın təşkilatlar haqqında efirə demək olar ki, onun “Azadlıq” blokunun simasında əsas opponenti ilə müqayisədə 25 dəfə çox müsbət informasiya və iki dəfə az mənfi informasiya getdi. YAP haqda neytral informasiya dalğası “Azadlıq” barəsindəki neytral informasiyadan 2 dəfədən də çox idi. YeS və digər birliklərə gəldikdə isə onların barəsində yayılmış informasiya neytral xarakter daşıyırdı.



Mayda seçki bloklarına həsr olunmuş televerilişlərinin sayı

İyunda telekanallarda müxalifət haqqında mənfi informasiyanın sayı demək olar ki, üç dəfə artdı, YAP və ona yaxın təşkilatların təbliği isə iki dəfə çoxaldı. YAP və ona yaxın təşkilatlar haqda neytral informasiyaya gəldikdə isə onun sayı hələ mayda “Azadlıq” barəsindəki neytral informasiyadan 2 dəfədən də çox idi və bununla mövqeyin müəyyənləşdirilməsi üçün zəruri dalğa yaradırdı. İyunda isə bu nisbət kəskin surətdə artdı. Həm də ki, nisbət YAP-ın xeyrinə yenə də iki dəfə çoxaldı.



İyunda seçki bloklarına həsr olunmuş televerilişlərinin sayı

Alternativ TV (Gəncə), “Lənkəran TV”, MTV(Mingəçevir), “Simurq m TV”(Tovuz), DTV(Sumqayıt), Xəyal TV (Quba) i “Aygun” TV(Zaqatala) bölgə telekanalları da seçki blokları ilə bağlı vəziyyəti işıqlandırırdı (düzdür, respublika telekanallarında olduğu qədər yox). Lakin onlar da respublika teleşirkətlərinin keçirdiyi siyasətə oxşar siyasət aparırdılar.



İyunda bölgə telekanallarında seçki bloklarına həsr olunmuş televerilişlərin sayı

Burada Az TV1-in verilişlərinə xüsusi diqqət yetirmək lazımdır. Dövlət telekanalı olduğuna baxmayaraq, o, digər rəsmi KİV kimi müxalifətin rüsvay edilməsi və hakim partiyanın mövqeyinin müəyyənləşdirilməsi prosesinə fəal surətdə qoşulub. Mayda bu telekanal “Azadlıq” bloku haqda müstəsna olaraq mənfi xarakterli materiallar yaymışdı.



Mayda Az TV1-də seçki bloklarına həsr olunmuş televerilişlərin sayı

İyunda telekanalların taktikası bir qədər dəyişdi. Görünür, AzTV1-də belə qərara gəldilər ki, müxalifətlə ən effektiv mübarizə üsulu onun sanki heç mövcud olmadığı haqda təəsürat yaratmaqdır. Beləliklə, seçki kampaniyasının bütöv bir ayı ərzində “Azadlığ”a efirdə cəmisi 125 saniyə vaxt ayrılmışdı.



İyunda Az TV1-də seçki bloklarına həsr olunmuş televerilişlərin sayı

Fondun apardığı təhlildən göründüyü kimi, jurnalistikanın əsas prinsiplərinin pozulduğu göz qabağındadır. Buna dövlətin TV-nin fəaliyyətinə guya təsir göstərə bilmədiyini deməklə bəraət qazandırmaq cəhdləri ciddi qəbul edilə bilməz. Telekanalların fəaliyyəti “Televiziya və radioverilişləri haqqında” Qanun ilə tənzimlənir.

Həmin qanunun


32 -ci Maddəsinin 32 .0.2.1 bəndinə əsasən, bütün telekanal və radiostansiyaların ictimai-siyasi verilişləri bitərəf, qərəzsiz, ölçülüb-biçilmiş və mötəbər olmalıdır;



– 32.0.4 bəndində fakt və hadisələr işıqlandırılarkən onlara birtərəfli şərhin yolverilməz olduğu göstərilir;



– 32.0.3 bəndində insanların şərəf və ləyaqətinin alçaldılmasının, işgüzar ad-sanının ləkələnməsinin yolverilməz olduğu, vətəndaşların Konstitusiya ilə təmin olunmuş hüquq və azadlıqlarına hörmətlə yanaşmağın lazım olduğu göstərilir;



– 40-cı Maddəsinin 40.2.4 bəndinə əsasən, bütün informasiya mənbələri vətəndaşların şəxsi həyatına, işgüzar ad-sanına, şərəf və ləyaqətinə hörmətlə yanaşmağa borcludur;



– 40.2.5 bəndinə əsasən, peşə etikası gözlənilməlidir;



– və nəhayət 40.2.9 bəndinə əsasən


, bitərəflilik və qərəzsizlik təmin edilməlidir.

Deməli, qanuna əsasən, telekanallar başqa cür düşünməyə qarşı dözümsüzlük təbliğ etməməli, siyasi qüvvələr üçün eyni efir vaxtı verməlidir və s., hələ vətəndaşların təhqir olunmasının yolverilməz olduğunu deməyirik.

AzTV1-in, eləcə də Azərbaycanın rəsmi qəzetlərinin, dövlət kommunikasiya vasitələri olduğuna baxmayaraq, müxalifətlə mübarizə prosesinə qoşulduğunu görməməzliyə vurmaq olmaz. Başqa sözlərlə, biz YAP-ın artıq neçə ildir ki, vergi ödəyənlərin hesabına özünün piar kampaniyasını keçirdiyinin şahidiyik.

Hökumətpərəst KİV və telekanallarda plüralizmin olmaması, müxalifətin rüsvay edilməsi adi təcrübəyə çevrilib. Təsadüfi deyildir ki, ATƏT-in mətbuat məsələləri üzrə təmsilçisi Mikloş Xaraşti iyulun 22-də Bakıda olarkən dövlətə məxsus KİV-in, o cümlədən, Az TV1-in özəlləşdirilməsi zərurəti haqda rəy bildirib.

Bəs bu piar vakxanaliyasının qarşısını kim alacaq? Ümumiyyətlə, efirdəki bu biabırçılıq üçün məsuliyyəti kim daşıyır? Dövlət başçısının heç olmasa sözdə belə bir dəfə də olsun telekanal və rəsmi KİV rəhbərlərini qərəzlilik və qeyri-obyektivlikdə töhmətləndiridiyini xatırlamaq mümkün deyil. Heç olmasa seçkilər ərəfəsində dövlətin birinci şəxsi operativ surətdə işə qarışmalı və bu sahədə qayda yaratmalı idi. Lakin təəssüf ki, bu edilmir. Əksinə, iyulun 21-də “Gülüstan” Sarayında Azərbaycan mətbuatının 130-illiyinə həsr olunmuş mərasimdə “Viza” hüquq firmasının prezidenti Aslan İsmayılovun LIDER, teleşirkətinin fəaliyyəti haqdakı tənqidi qeydinə cavab olaraq ölkə prezidenti İlham Əliyev qəfildən bildirdi ki, dövlət müstəqil telekanalların işinə qarışa bilməz.

Lakin bu heç də belə deyil. Dövlət nəinki qarışa bilər, hətta qarışmalıdır da, çünki telekanalların fəaliyyətini məhz o lisenziyalaşdırır. Yalnız dövlətin telekanallara fəaliyyət göstərməyə və onlara nəzarət etməyə tam hüququ var. Əvvəla, teleradioşirkətlərə radiotezliklərdən istifadəsinə lisenziyanı güc və digər idarə rəhbərlərinin daxil olduğu və buna görə də zarafatla “generallar komissiyası” adlandırılan Radiotezliklər üzrə Dövlət Komissiyası verir. İkincisi, televerilişlərə lisenziyanı Televiziya və Radio üzrə Milli Şura (TRMŞ) verir. Şura prezidentin sərəncamı ilə yaradılıb və dövlət başçısının təsdiq etdiyi Nizamnamə əsasında fəaliyyət göstərir. Prezident həmçinin parlamentin təklif etdiyi TRMŞ-nin bütün 9 üzvünü təsdiq edir.

“Televiziya və Radio üzrə Milli Şura haqqında” Nizamnaməyə əsasən bu orqan (TRMŞ) televiziya və radio verilişləri sahəsində dövlət siyasətinin həyata keçirilməsini və bu sahədə fəaliyyətin tənzimlənməsini, televiziya və radioverilişlərinin müstəqilliyini, ictimai mənafenin qorunmasını, televiziya və radioverilişləri sahəsində qanunvericiliyə riayət edilməsini təmin etməli, televiziya və radioverilişləri sahəsində fəaliyyətə lisenziya verməli, həmçinin verilişlərin aparıldığı kanalların (tezliklərin) səmərəli istifadəsinə, uşaq və yeniyetmələrin fiziki və əqli inkişafına zərər vura bilən proqramların yayımına, terrorizm, zorakılıq və qəddarlığın, milli, irqi və dini dözümsüzlüyün yolverilməz olduğuna, reklamların “Televiziya və radioverilişləri haqqında” Qanunda müəyyən edilmiş qaydalara müvafiq olmasına nəzarət etməlidir.

Deməli, bu qanuna hörmət etməyən telekanalları nəinki cəzalandıra biləcək, hətta onları ümumiyyətlə lisenziyadan məhrum edə biləcək orqan var! Lakin o, fəaliyyət göstərmir.

Ana səhifəAnalitika”Senzurasız” mübarizə və ya təhqirin strategiyası